AZ EN RU

Dağlara vüqar, Vətənə qürur ərənlər... - FOTOLAR

Qış fəsli ilə sağollaşıb yazın gəlişini bayram  etdiyimiz günlərdən birində yolumuz qədim diyarımızın özü qədər qədim olan Şərur rayonunadır. Rayona gedən magistiral yolun rahatlığı, yol boyu seyr etdiyim gözəl mənzərələr məni  bir anlıq keçmişə – mavi yanacağın, işığın olmadığı, topun, tüfəngin, yollarda şütüyən hərbi, təcili tibbi yardım maşınlarının qulaq batıran səsinin olduğu illərə götürür. O illərdən bu günə nə qədər gözələşib dəyişib yurdumuz. Əvvəllər kəsilib oduncaq kimi istifadə olunan ağacların torpaqdan boylanan kötüklərini ürək yanğısı ilə seyr edirdik. İndi isə yol baş-başa verən ağacların baharın gəlişi ilə bürünəcək yaşıllıqları təsəvvür etmək belə insana qürur verir. Bütün bu gözəlikləri seyr etdikcə  düşünürsən ki, insan  hər şeyə qadirdir. Yetər ki, vətəndaşı olduğun dövlətə sədaqətin, havasını udduğun, suyunu içdiyin, ömür sürdüyün Vətən deyilən torpağa məhəbbəti, doğma yurdunu cənnətə döndərmək kimi ali məqsədi, xoş niyyəti olsun. Bu düşüncələrin əhatəsində qədim torpağa  çatırıq. 
     Yurdumuzun hər qarış torpağı bizim üçün əzizdir. Ancaq düşmənlə yaxın olan kəndlərimizdə  olarkən bu duyğular daha da güclənir. Çünki işğalçı ölkə ilə sərhəddən cəmi bir neçə metrlik məsafədəki abadlığı, inkişafı görmək Vətənimizin məhz bu gözəl torpaqlardan başladığını düşünmək insana başqa bir qürür verir. Ordunun qüdrəti və döyüş qabiliyyəti həm də onun sıralarında  olan vətənpərvər döyüş ruhlu hərbçilərin olması ilə, güclü texniki təminatla ölçülür. Bu baxımdan qürurla deyə bilərik ki, ötən illər ərzində qeyd olunan bütün bu məsələlər diqqətdə saxlanılıb.  
Vətənin başladığı yerə – sərhəddə çatır, orada xidmət edən hərbçilərimiz və əsgərlərlə həmsöhbət oluruq. Onların addımladığı səngərə biz də ayaq basır, elimizi, obamızı, Vətənimizi məğrur keşikçilərinin bir gününə şahidlik edirik. Şahid oluruq ki, igid oğullarımızın düşmənin qorxulu yuxusuna çevrilməsi sayəsində torpaqlarımız qorunur. Bir vaxtlar bu uca zirvələrdə qanlı döyüşlərdə sinəsini Vətənə sipər edən oğulların yolunu bu gün Əlahiddə Ümumqoşun Ordunun igid əsgərləri davam etdirir.
Onu da deyək ki, 2013-cü ildə Naxçıvanda Əlahiddə Ümumqoşun Ordu yaradılanda bundan əməlli-başlı qorxuya düşən, hər gün müxtəlif bəyanatlar verən ermənilər bu gün dönüb Naxçıvana tərəf baxmağa belə, cürət etmirlər. Yurdumuzda yaradılan güclü ordu və hakim yüksəkliklərdə keşik çəkən vətənpərvər oğulların sayəsində evimizdə rahat yaşayır, qurub yaradırıq. Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasının müdafiə potensialı barədə danışarkən dediyi kimi: “Naxçıvanın hərbi potensialı böyük dərəcədə möhkəmlənmişdir. Naxçıvan Ordusu bu gün güclü ordudur. Naxçıvan Ordusunun hərbi texnika ilə təminatı ən yüksək səviyyədə təşkil edilir. Bu da təbiidir, çünki Naxçıvan strateji yerdə yerləşir. Naxçıvan blokada şəraitində yaşayır və belə olan halda Naxçıvanın döyüş potensialı ən yüksək səviyyədə olmalıdır”.
Elə bu qürur dolu düşüncələrlə dövlət sərhəddinin başlandığı yerə çatır, xidmət başında olan əsgər və zabitlərlə həmsöhbət oluruq. Bayram münasibətilə hərbçilərimizlə görüşə gələn Vətən müharibəsi iştirakçısı, kiçik çavuş Afiyyədin Cəfərov dedi ki, bu gün hər birimiz Azərbaycan Ordusunun gücü, qüdrəti ilə fəxr edirik: 
- Ordumuzun 2016-cı il aprelin əvvəllərində düşmənin təxribatlarının qarşısını almaq üçün həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar, 2018-ci ilin mayında əldə etdiyimiz Günnüt zəfəri, Vətən müharibəsində qazandığımız sarsıdıcı Qələbə hər birimizdə qürur hissi yaratdı. Ordumuzun qüdrəti və ölkəmizdə xalq-ordu birliyinin möhkəmliyi sayəsində işğal altındakı torpaqlarımız geri qaytarıldı. Hər qarışı şəhid qanı ilə suvarılan torpağın bir parçası belə güzəştə gedilmədi. Fəxr hissi ilə deyirəm ki, Vətən müharibəsinin iştirakçısı kimi Hadrud, Xocavənd, Şuşa uğrunda gedən döyüşlərdə  olmuşam. Yaralanmağıma baxmayaraq, yenə də döyüşlərdə iştirak etdim və ən böyük arzuma çatdım – Şüşa şəhərinin azad edildiyi günü gördüm. Şuşa əməliyyatında iştirak etməyim həyatımın ən unudulmaz səhifəsi olaraq qalacaq. O uca dağların başında yerləşən şəhəri yüzlərlə düşməndən azad etmək xəyal kimi görünsə də, biz bunu bacardıq. O keçilməz meşələrdə saatlarla payi-piyada çiynimizdə silah, üstümüzdə ağır döyüş geyimləri dayanmadan, nəfəs almadan döyüşə-döyüşə gedirdik. Bəzən barmaqlarımızla torpağı cırmaqlaya-cırmaqlaya, bəzən isə bir kolun qanadından yapışa-yapışa çıxırdıq. Aramızda elələri var idi ki, yaralansa da, dözür,  hədəfə çatmağa can atırdı. Təcrübəli zabitlərimiz və kəşfiyyatçılarımızın əvvəlcədən verdikləri məlumatların sayəsində istəyimizə nail olduq. Bu gün ordu sıralarına xidmətimi davam etdirirəm. Fəxr edirəm ki, qalib ordunun sıralarında Vətənimə xidmət edirəm. 
Zabit Hüseyn Əliyev isə bildirib ki, Əlahiddə Ümumqoşun Ordu muxtar respublikanın hakim yüksəkliklərində etibarlı müdafiə sistemi quraraq düşməni nəzarətdə saxlayır və istənilən təxribatlara adekvat cavab verir. O dedi: - Ətrafdakı ərazilərə maneəsiz və tam nəzarət edirik. Bu gün bütün döyüş tapşırıqlarını layiqincə yerinə yetirməyə tam hazırıq. Müqəddəs torpağın keşikçisi olduğumuz üçün qürurluyuq. Harada olmağımızın fərqi yoxdur, xidmətimizi layiqincə yerinə yetirməyə səy göstərir, Vətənimizin qorunmasına öz töhfəmizi verməyə calışırıq. Hər dəfə düşmənlə üz-üzə dayananda onlarla erməni əsgərini təkbaşına məhv edən Mübariz İbrahimovu, əsgəri ilə səngərdə bir döyüşən general Polad Həşimovu gözlərim önünə gətirirəm. Və düşünürəm ki, biz qalib, düşmənlərimiz isə axıtdıqları nahaq qanda boğulan məğlub bir millətin övladlarıdırlar.  Müzəffər bir ordunun sıralarında  müstəqil Azərbaycanımıza xidmət etdiyim, üçün qürur duyuram.
Hərbçilərimizin qonağı olan digər Vətən müharibəsi iştirakçısı, gizir Kərim Quliyev bir neçə ildir ki, bu şərəfli peşənin məsuliyyətini daşıyır. O Vətən müharibəsində qardaşı ilə birgə döyüşüb, Şuşa fatehlərindən biri olub. Kərim Quliyevin dedikləri: – Naxçıvandan Qarabağa gedəndə hamımız bir nəfər kimi döyüşə can atırdıq. Buradan birlikdə getdiyimiz yoldaşlarımdan bir neçəsi qazi, şəhid  oldu. Düşmənin göz açmağına imkan vermirdik. Orada hər kəsin bir amalı var idi: torpaqlarımızın bircə qarışını da olsa, azad edə bilmək. İşğalda olan ərazilərimizi hissə-hissə geri qaytardığımız saatlar ən xoşbəxt anımız olurdu. Birlikdə getmişdik Qarabağa, amma təəssüf ki, birlikdə qayıda bilmədik. Onlar şəhadət şərbətini içib ölümsüzlüyə qovuşdular. Vətən yolunda canından keçən igidlərimizin Vətən sevgisi, döyüş yolu gələcək nəsillərə örnəkdir. Biz yoldaşlarımızın xatirəsini daim yaşadacağıq. Artıq iki ildir ki, bayramı bütöv Azərbaycan olaraq qeyd edirik. Bütün bunları isə xalq-dövlət-ordu birliyinin nəticəsində qazandıq. Bu gün havanın soyuq olmasına baxmayaraq, mədəniyyət işçiləri  bizi bayram münasibəti ilə təbrik etməyə gəlib. Sovqat gətiriblər. Dövlətimizin qayğısını hər zaman hiss edirik. Belə gözəl bir xalqın nümayəndəsi, müzəffər ordunun xidmətçisi olmaqdan qürur duyuruq.
Əsgər Elbəyi Mayılov dağlar gözəli, qızıl yataqları, İstisuyu, keçilməz meşələri ilə tanınan  Kəlbəcər rayonundandır. Elbəyi deyir: – Kəlbəcəri, Qarabağı ata-anamın dilindən eşitdikləri ilə təsəvvür edib sevmişəm. Orada doğulmasam da, yurd həsrəti ilə böyümüşəm. Bu gün burada qədim Naxçıvanın keşiyində dayananlardan biri olmaqdan qürur duyuram. Əldə silah, qəlbimizdə Vətən sevgisi ilə sərhəddimizi qoruyur və nə yaxşı ki, azərbaycanlıyıq deyirik. Hansı rayonda xidmət etməyimizin fərqi yoxdur. Hər qarışı bizimdir bu torpağın. Vətənimizdəyik və başımızı dik tutub xidmət edirik. Çünki biz qalib bir xalqın övladları, müzəffər bir ordunun əbədi əsgəriyik. 
Digər əsgər Məmməd Alməmədov Laçın torpağının övladıdır. Məmməd əvvəllər Naxçıvan barədə çox eşitdiyini bildirərək deyir: – Bu qədim yurd yerinin tarixi ilə həmişə maraqlanırdım. Amma heç ağlıma da gəlməzdi ki, hərbi xidmətimi burada keçəcəyəm. Artıq altı aydır, bu igidlər yurdunda əsgəri xidmətdəyəm. Vətənimizin bu dilbər guşəsində olmaq, tarix boyu alınmaz qala olan Naxçıvanı tanımaq qürürvericidir. Burdakı nizam-intizam, təmizlik, ən əsası isə qonaqpərvərlik, əsgərlərə göstərilən diqqət və qayğı insana öz evindəki kimi rahatlıq verir. Yaşı min illərlə ölçülən qədim bir yurdda olmaq və Vətənimizin əziz bir parçası – Naxçıvanda, onun keçilməz dağlarında xidmət etmək hər bir gəncin qürurudur. 
Əsgərimiz onu da deyir ki, burada bizim ərzaq və geyim təminatımız yüksək səviyyədə olsa da, yerli əhali və bir çox şirkətlər təkcə bayram günlərində deyil, başqa vaxtlarda da tez-tez bizə sovqat gətirir. Bu qayğı hərbçilirəmizi daha da ruhlandırır, onlar özərini doğma evlərindəki kimi hiss edirlər.
Vətənimizi hərəsi bir evin madarı, bir atanın, ananın ümid işığı, bir bacının qardaşı, bir gözəlin adaxlısı olan igid balalarımıza, onları isə uca Tanrıya əmanət edib əsgər və zabitlərimizdən ayrılırıq. Və bu gün burada olarkən bir daha şahid olduq ki, bu xalq, bu millət heç vaxt məğlub ola bilməz. Çünki hər birimizin damarında qanla birlikdə Vətən sevgisi axır.  

Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 21.03.2022 14:23