AZ EN RU

Dağlara söykənən dağ vüqarlı yurd yerimiz

Şahbuzda dayanıqlı inkişaf təmin olunub

    Muxtar respublikamızda geniş vüsət alan quruculuq işləri daha da genişləndikcə yurdumuzun yaşayış məntəqələri öz simasını dəyişərək abadlaşır, gözəlləşir. Gərgin zəhmətlə ərsəyə gələn hər yeni bina, hər geniş yol sayəsində həyat daha da keyfiyyətli hala gəlir, torpağa bağlılıq dərinləşir. Bu baxımdan Şahbuz rayonunda da həyata keçirilən quruculuq işləri bu rayonun ən ucqar kəndlərinə qədər uzanıb gedərək quruculuğun sərhəd tanımadığını bir daha göstərməkdədir. Qədim tarixi qədər müasir inkişafı ilə də diqqətçəkən Şahbuz zəhmətkeş insanlarının əməyi ilə gündən-günə özünün yeni növrağına qovuşan, muxtar respublikamızın hər gün daha da gözəlləşən, abadlaşan dilbər bölgələrindəndir.

    Muxtar respublikamızda aparılan quruculuq işləri, əsasən, ucqarlardan başladığından bu rayon da uzun bir yeniləşmə dövrünə qədəm qoyub. Ümummilli liderimiz Heydər Əliyev ideyalarının muxtar respublikamızda uğurla həyata keçirilməsi bu rayonun da simasını büsbütün dəyişib və nəticədə, insanların qurub-yaratmaq əzmi daha da yüksəlib. Rayon ərazisində hökm sürən səliqə-sahman, görülmüş abadlıq işləri buraya üz tutanlarda heyranlıq yaradır və göz oxşayır. Məlumdur ki, muxtar respublikada həyata keçirilən tədbirlərin hamısı kompleks xarakter daşıyır və nəticədə, görülən işlər təkcə rayon mərkəzini deyil, ən ucqar dağ kənd­lərini belə əhatə edir. Bu gün rayonun bütün yaşayış məntəqələri abadlıq işlərindən öz payını alaraq müasir görkəmə qovuşub.

    Rayonda kompleks quruculuq tədbirləri 2022-ci ildə də uğurla həyata keçirilir. Cari ilin yanvar-iyun aylarında tikinti-quraşdırma işlərinə 10 milyon 441 min 200 manat və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çox vəsait qoyulub ki, bu da geniş həcmdə inşaat işlərinin görülməsinə imkan verib. Tikinti-quraşdırma işlərinə qoyulan vəsaitin dəyəri bir il öncəyə nisbətən 0,9 faiz artaraq 9 milyon 538 min 400 manat təşkil edib. Rayonda ordu quruculuğu istiqamətində yaşayış binasının tikintisi başa çatdırılıb, əsgər yataqxanasının əsaslı təmiri davam etdirilir.
    Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərib, 2022-ci ilin yanvar-iyun ayları ərzin­də rayonda əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 3 min 751 kvadratmetr yaşayış sahəsi istifadəyə verilib.
    Muxtar respublikamızda xüsusi diqqət göstərilən sahələrdən biri də təhsildir. Gənclərin müasir tələblər səviyyəsində təhsil alması, bilik və intellektual səviyyəsinin yüksəldilməsi, gələcəkdə bacarıqlı mütəxəssis kimi yetişməsi daim diqqətdə saxlanılır. Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər aparılır. Şahbuz rayonunda da yeni məktəb binalarının tikintisinə xüsusi fikir verilir. Qürurvericidir ki, rayonda 23 tam orta məktəbdən hər biri müasir bina ilə təmin edilib. Hazırda Şahbuz şəhərində məktəbdənkənar təhsil müəssisəsi üçün binanın tikintisi davam etdirilir. Göstərilən belə diqqət və qayğının nəticəsidir ki, son illər ən ucqar dağ kəndlərindəki müasir standartlara cavab verən məktəblərdə də ali təhsil ocaqlarına qəbulun səviyyəsi getdikcə yüksəlir. Bu baxımdan 2021-2022-ci tədris ili də nailiyyətlərlə yadda qalıb. Belə ki, rayonun tam orta məktəblərini bitirən 123 məzunun 108-i ali, 13-ü isə orta ixtisas məktəblərinə sənəd qəbulunda iştirаk edib. Buraxılış imtahanının nəticəsinə görə, 300 ballıq sistem üzrə 11 nəfər 200-dən yuxarı, 3 nəfər isə 250-dən yuxarı bal toplayıb. 1 məzun 289 bal toplayaraq muxtar respublika ikincisi olub. 
    Muxtar respublikamızda insanların sağlamlığına ciddi önəm verilir. Belə ki, son illər səhiyyə xidməti sahəsində inkişafa nail olunub, səhiyyə müəssisələrinin maddi-texniki bazası gücləndirilib, tibbi kadrların bilik səviyyəsi yüksəldilib. Yaradılan imkanlardan öz payını alan Şahbuz rayonunda da ötən illər ərzində bu sahəyə böyük vəsait qoyulub, rayon mərkəzindən ən ucqar kəndlərədək müasir səhiyyə ocaqları yaradılıb, onların hər biri müasir avadanlıqlarla təchiz olunub, maddi-texniki bazaları möhkəmləndirilib.
    Həmçinin insanların səhiyyə xidmətlərindən rahat yararlanması üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamına əsasən Şahbuzda da icbari tibbi sığorta tətbiq edilir. Bu məqsədlə görülən işlər vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin daha da artırılmasını, səhiyyə sisteminin dayanıqlı inkişafını, əhalinin və tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsini və maddi-rifah halının yaxşılaşmasını təmin edib. Artıq rayon sakinləri hər hansı bir xəstəlik olduğu halda uzun yol qət edib şəhərə üz tutmur, onların sağlamlığı üçün yaradılmış müasir səhiyyə ocaqlarında müalicə alırlar.
    Aqrar sahənin üstünlük təşkil etdiyi Şahbuz rayonunun qədim tarixə malik əkin-biçin, arıçılıq, heyvandarlıq, maldarlıq, quşçuluq ənənələri var. Son illərdə rayonda fermerlərə göstərilən dövlət qayğısı, subsidiya və gübrələrin verilməsi zəhmət adamlarını torpağa daha sıx bağlayıb. İldən-ilə məhsuldarlığın daha da yüksəldiyi Şahbuzda 2022-ci ilin məhsulu üçün 2769 hektar sahədə əkin aparılıb ki, bunun da 1641 hektarını dənli və dənli-paxlalı bitkilər (qarğıdalısız), 2 hektarını dən üçün qarğıdalı, 7 hektarını dən üçün günəbaxan, 170 hektarını tərəvəz bitkiləri, 12 hektarını ərzaq üçün bostan bitkiləri, 443 hektarını kartof, 132 hektarını cari ildə əkilmiş çoxillik otlar, 2 hektarını birillik otlar, 360 hektarını əvvəlki illərdə əkilmiş çoxillik otlar təşkil edir.
    Şahbuz sakinlərinin əsas məşğuliyyətlərindən olan heyvandarlığın inkişafının davamlı olaraq dəstəklənməsi burada iribuynuzlu mal-qaranın, xırdabuynuzlu heyvanların baş sayının artmasına müsbət təsir göstərib. Bunun nəticəsidir ki, hər həftənin şənbə və bazar günləri Naxçıvan şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satış-yarmarkalarında rayon təsərrüfatçılarının istehsal etdikləri ağartı məhsulları piştaxtaları bəzəyir.
    2022-ci ilin yanvar-iyun aylarında rayonda diri çəkidə 1513 ton ət, 9351 ton süd, 9871 min ədəd yumurta, 152,9 ton yun istehsal edilib. 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə ət istehsalı 1,4 faiz, süd istehsalı 1,3 faiz, yumurta istehsalı 9,8 faiz, yun istehsalı 1 faiz artıb.
    Rayonda digər sahələr də diqqətdə saxlanılıb. Meliorasiya və irriqasiya sistemlərinin yeniləşdirilməsi, sosial-mədəni və iqtisadi inkişafın mühüm sahələrindən biri olan yol tikintisi, yeni yolların çəkilişi və mövcud yolların təmiri, informasiya və rabitə sahəsində yeni texnologiyaların tətbiqi, əhaliyə göstərilən rabitə xidmətinin keyfiyyətinin daha da yüksəldilməsi, istehlakçıların fasiləsiz elektrik enerjisi ilə təminatı, transformator yarımstansiyalarının, elektrik verilişi xətlərinin təmiri və yeniləşdirilməsi işləri aparılıb. Əhalinin təbii qazla təmin olunması istiqamətində də müvafiq işlər görülüb. Rayonda iqtisadiyyatın bütün sahələrinin, eləcə də fərdi sahibkarlığın inkişaf etdirilməsi yeni iş yerlərinin açılması ilə nəticələnib, əhalinin rifah halının yaxşılaşmasına, onların məşğulluğunun təmin olunmasına müsbət təsir göstərib.

    Bəli, muxtar respublikamızın digər bölgələri kimi, Şahbuz rayonu da inkişafın ən yüksək mərhələsindədir. Günü-gündən gözəlləşən Şahbuz rayonunda inşa edilən bir-birindən yaraşıqlı binalar, salınan rahat yollar, yaşıllıqlar hər bir şahbuzlunu qəlbən sevindirir, bölgənin müasirləşməsi, yeniləşməsi, insanların rahatlığı üçün atılan addımların bəhrələrini hər bir sakin öz həyatında görür.

Pərviz HACILI
“Oğuz səsi” qəzetinin redaktoru

Nəşr edilib : 15.08.2022 18:05