AZ EN RU

Dağlara, dağ vüqarlı oğullara söykənən Şahbulaq

    Uca dağların arası ilə gedən yolla irəliləyən avtomobil bizi Şərur rayonunun Şahbulaq kəndinə aparır. Yolboyu Tanrının yurdumuza bəxş etdiyi gözəlliklərə tamaşa edirik. Payız fəslinin bolluq və bərəkət dolu bu günlərində həyət-bacaların cəvizini, badamını, meyvəsini toplayan insanlar düşmənin bir addımlığında qorxu-ürkü bilmədən ömür-gün sürürlər. Kəndə çatanda görürük ki, rayon mərkəzindən 22 kilometr aralıda dağlıq ərazidə yerləşməsinə baxmayaraq, burada insanların yaşayışı üçün hər cür şərait yaradılıb. Bu ucqar yaşayış məntəqəsində ilk baş çəkdiyimiz ünvan kənd mərkəzi oldu. 

    Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə İntiqam Həsənov bizə kənd haqqında geniş məlumat verdi. Öyrəndik ki, 2013-cü il dekabrın 3-də kənddə avtomobil yolu, məktəb binası, kənd və xidmət mərkəzləri istifadəyə verilib. Məktəb binası 110 şagird yerlikdir. Binada 11 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompüter otağı, müəllimlər otağı, kitabxana, idman zalı və bufet yerləşir. İnformatika dərslərinin daha səmərəli keçirilməsi üçün ayrıca kompüter otağı yaradılmış, kompüter dəstləri quraşdırılmış, onların internetə çıxışları təmin edilmişdir. Bununla yanaşı, məktəbdə 3 elektron lövhəli sinif vardır. 
    Məktəbin tarix müəllimi Mirabbas Eminov ilə söhbət zamanı öyrəndik ki, o, müharibə veteranıdır. 1990-cı illərdə kəndi düşməndən qoruyanlardan biri olub: – Həmin illərdə qəfil hücumun qarşısını əliyalın aldı kənd sakinləri. Düşmən hücumu ilə üz-üzə gələndə heç kim hazırlıqlı deyildi. Vaxtilə ocağımızdan od, təknəmizdən çörək, saf bulaqlarımızdan su, torpaqlarımızdan pay verilən bədnamların belə gözüac olduğunu bildik, amma bu qədər də mənəviyyatsızlaşacaqları ağlımıza gəlməmişdi. Qəfil hücum olsa da, xalqımızın qeyrətli oğullarının sayəsində bir qarış belə düşmənə güzəştə gedilmədi. Həmin illərdə Naxçıvana sərhədboyu hücum etsələr də, paylarını alıb geri oturdular. Ulu Öndərin düzgün siyasəti sayəsində səngərdəki oğullar da, arxadakı sakinlər də bərk dayandı. Və biz qalib gəldik. Bu gün düşmən postlarının hədəfində olmağımızdan heç kim çəkinmir. Baxmayaraq ki, sinif otaqlarının pəncərəsindən düşmən postları görünür. Şagird də, müəllim də heç bir qorxu keçirmir. Çünki bilirik ki, bizi qoruyan güclü Azərbaycan əsgəri var. Hər bir şagirdimiz yaxşı dərk edir ki, o, qalib xalqın övladıdır. 
    Mirabbas müəllim onu da deyir ki, bu gün övladlarımıza Azərbaycanın Zəfər tarixindən danışa bildiyi üçün qürurludur. Azad torpaqların zəngin tarixini şagirdlərə tədris etdikcə hər bir şəhidimizin ruhu da şad olur. 
    Məktəbdən ayrılandan sonra İntiqam Həsənov bizi kənd mərkəzi ilə də tanış edir. Bildirir ki, kənd mərkəzində kitabxana, polis sahə məntəqəsi, baytar otağı, rabitə evi, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, feldşer-mama məntəqəsi, mədəniyyət evi və 55 yerlik iclas zalı yerləşir. Kənd mərkəzində Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının, kənd mədəniyyət evinin fəaliyyəti üçün də lazımi şərait yaradılıb. Rabitə evində yeni ATS quraşdırılıb, poçt bölməsi yaradılıb. Mərkəzin birinci mərtəbəsində feldşer-mama məntəqəsi üçün 4 iş otağı ayrılıb. Məntəqə dərman vasitələri, peyvənd və ilkin tibbi yardım çantaları ilə təmin edilib. 
    Feldşer-mama məntəqəsində olarkən kənd sakini yaşı 80-ni ötmüş Lətifə Əliyeva ilə tanış olub, onunla söhbətləşirik. O dedi:
    – Sovetlər dönəmində kənd yerlərində bu cür gözəl, yaraşıqlı, lazımi avadanlıq və cihazlarla təchiz edilən tibb ocağı barədə danışmaq belə olmazdı. O zamanlar cavan idik, bir ehtiyac olanda rayon mərkəzinə getməli olurduq. Artıq yaş öz işini görür. Xəstəliklərə bəzən güc gələ bilmirik. Təzyiqimiz yüksəlir, başımız ağrıyır, yaşlı adamıq. Məntəqə yaxındır deyə, gəlib həkimlərimiz tərəfindən müayinə edilə bilirik. Elə olur ki, onlar özləri evimizə gəlir, bizə ilkin tibbi yardım göstərir. Var olsun dövlətimiz, hamımızın qeydinə qalır. Lətifə xanımın həyat yoldaşı Qəşəm dayı ilə də həmsöhbət olduq. O, evin işıq, qaz və digər kommunal xərclərini ödəmək üçün poçt bölməsinə gəlib. Deyir ki, müstəqil dövlətimiz gücləndikcə kəndlərimizdə də səhiyyə ocaqlarımız üçün yeni binalar inşa olunur. Bu da əhalinin sağlamlığının qorunmasında, onlara tibbi xidmətin göstərilməsində böyük rol oynayır. Bu qayğı təkcə səhiyyə ocaqları ilə bitmir. Kənddə poçt bölməsi, xidmət mərkəzi də var ki, bu da biz yaşlı insanların işini asanlaşdırır. Əvvəllər bu xidmətlərdən istifadə etmək üçün rayon mərkəzinə getməli olurduq. Artıq 10 ildir ki, hər bir xidmət ayağımıza gəlib. Xidmət mərkəzində ərzaq mağazası, ət satışı yeri, bərbərxana da var. Qəşəm dayı onu da deyir ki, kənddə abadlıq işləri görüləndə içməli su xətti təmir edilib. Kənddaxili məhəllələrdə yol kənarları boyu hasar çəkilib.
    – Dağ yerində vəhşi heyvanların sayı çox olur. Bu çəkilən hasarlar gecə-gündüz həmin heyvanların əkin-bacaya, toyuq-cücəyə ziyan verməsinin qarşısını alır. Qurub-yaradan əllər var olsun. 
    “Şahbulağın gözəl təbiəti burada yaşayan insanların maldarlıqla, arıçılıqla məşğul olmasına şərait yaradır. Ərazi dağlıq olduğu üçün arıçılıqda uğur qazanmaq mümkündür”, – deyir kənddə qonağı olduğumuz Vəfadar Rzayev. O, uzun illərdir ki, arıçılıqla məşğuldur. Bildirir ki, 50-yə yaxın arı ailəsinə qulluq edir. 
    Dağ çiçəkləri ilə qidalanan arıların balı aran yerlərdə yetişdiriləndən daha gözəl olur. Ona görə də müştərisi də bol olur. Tanrının bizə bəxş etdiyi gözəllikdən və dövlətimizin yaratdığı şəraitdən istifadə edir, öz dolanışığımızı təmin edirik. 
    Kənddən ayrılarkən səmada güclə sezilən Günəş dağların arxasına çəkilməkdə idi. Kənd adamları ilə söhbətlərimdən aldığım təəssüratlar, müşahidə etdiklərim bu dağ yaşayış məntəqəsində əvvəllər gördüklərimin üzərinə bir qədər də yeniliklər gətirmişdi. Gözlərim bir anlığa dağlara sataşdı. Kəndə duman çökməkdə idi. Gözlərimin dağdakı dumana dikildiyini görən kənd ağsaqqalı Qəşəm dayı dedi: “Qorxusu yoxdur, uzağı leysan yağacaq. Buranın camaatı nə sərt soyuqdan, nə də kəndi tez-tez bürüyən çən-dumandan qorxur. Çünki dövlətimiz onlara hərtərəfli şərait yaradıb”. 

Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 26.10.2023 23:12