AZ EN RU

Dağlar qoynundan boylanan tarix

Dağlarından kəklikotu ətri gələn, tarixi, mədəniyyəti ilə Naxçıvan torpağını yaxın-uzaq ellərdə tanıdan bu kənd tarixboyu, elə bu gün də keçmişi ilə tədqiqatçıların diqqətini özünə cəlb edir. Bu yaşayış məntəqəsi təkcə muxtar respublikanın deyil, ümumilikdə, Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olmaqla daim diqqət mərkəzində olub. 

Tarix ondan danışır 

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Tarixi mənbələr Qarabağlar kəndi və Qarabağlar türbə kompleksi haqqında” məqaləsində bildirir ki, Qarabağlar adı Kəngərli tayfa birləşmələrinə məxsus ad olub. “Kəngərlilərin böyük bir bölümü”, “Kəngərlilərin güclü, qüdrətli bir hissəsi” mənasında işlənir və bu fikri yerli faktlar da təsdiqləyir. Belə ki, Qarabağlar kəndi və onun ətrafı tarixən Kəngərli zonası, bu ərazidə yerləşən yaşayış məntəqələri isə Kəngərli kəndləri adlanır. Çünki Xok mahalında yaşayanların əksəriyyəti azərbaycanlı, böyük hissəsi isə Kəngərli tayfalarına mənsub olub və tayfanın Qarabağlar qolu eyniadlı kənddə məskunlaşıb. Deməli, Qarabağlar kəndinin adı Qarabağ tayfasının adından yaranıb. Ona görə də Qarabağlar qədim türk mənşəli peçeneqlərin Qarabağ tayfasının adını əks etdirir.
Tədqiqatçıların araşdırmalarına diqqət yetirəndə görürük ki, kəndin şimal-şərqində Qalacıq adlanan ərazidə e.ə. II minilliyə və I minilliyin əvvəllərinə aid yaşayış yeri (sahəsi, təqribən, 40 hektar) aşkar edilmişdir. Burada tunc bəzək əşyaları, boyalı qab qırıqları, iri qaya parçalarından tikilmiş dördkünc və ovalşəkilli bina qalıqları tapılmışdır. Qarabağlardakı qədim qəbiristanlıqda at və qoç formalı qəbirüstü abidələr aşkar edilmişdir. Bu kənd ən qədim yaşayış məskənlərindən biri olmaqla tariximizin orta əsrlər dövründə Azərbaycanın qədim şəhərlərindən birinə çevrilmişdir.
Deyilənlərə görə, qədim Qarabağların ərazisi indiki Tənənəm kəndinə qədər imiş. Həmin dövrlərdə Qarabağlar mədrəsələrində riyaziyyat, nücum elmləri öyrədilirmiş. Tarixən kənddə məskunlaşmış türk tayfalarının nişanələri də bu gün Qarabağların əsas məhəllələrinin adlarında yaşadılmaqdadır. Süleymanlı, Bəydilli, Ağahəsənli, Cığallı, Əlməhətdi (Alməmmədli), Turabxanlı, Hacı Baxşəlilər məhəllələrinin sakinləri qədimdə burada məskən salmış ulu babalarının ocağını sönməyə qoymayan, torpağını sevən insanlardır. 
Qarabağlar orta əsrlərdə bir sıra görkəmli səyyah, tarixçi və coğrafiyaşünasların diqqətini cəlb etmişdir. Orta əsrlərin bir çox məşhur səyyahlarının əsərlərində şəhərin gözəl iqlimi, əhalisi, tarixi abidələri haqqında maraqlı məlumatlar vardır. Nizaməddin Şami, İbrahim Əfəndi Peçevi, Övliya Çələbi, F.Rəşidəddin, N.Xanıkov, Moryer, İ.Şopen, İ.Tavernye kimi alim və səyyahlar Qarabağlar haqqında çox qiymətli məlumatlar vermişlər. Tarixi vərəqlədikcə oxuyuruq ki, XVII əsrin tanınmış türk səyyahı Övliya Çələbi Azərbaycana birinci səfərində (1646-1647-ci illər) “Böyük Qarabağlar şəhərinin təsviri”nə geniş yer vermişdir: “Bu şəhərin binasını ilk dəfə Mənuçöhr qoymuşdur. Qədim şəhərdir; indi də Naxçıvan torpağında ayrıca sultanlıqdır. Qədim zamanlarda böyük şəhər imiş. 1012-ci ildə (1603-cü ildə) Üçüncü Məhəmməd xan zamanında Osmanlı əlində ikən Əcəm zəfər qazandı. 1045-ci il tarixdə (1635-ci il) Rəvan fatehi, zəmanənin Murad xanı Rəvan fəthindən sonra bu şəhərə gəlib burada dayandıqda qədim əlyazmalarda cənnət qədər abad olan şəhəri dərya misal qoşununun ixtiyarına verərək onu bilməzsə dağıdıb xarab etmişdir, xarabalıqları hələ də durmaqdadır”. Göründüyü kimi, Ö.Çələbi “Səyahətnamə” əsərində Qarabağları böyük bir şəhər kimi təsvir etmişdir. Onun məlumatına görə, XVII əsrdə Qarabağlarda, təqribən, 50 min adam yaşayırdı; 10 min ev, 70 məscid, 40 minarə, karvansara, hamam, bazar və sair var idi. Şəhərin ab-havasından, bağ-bağatından, meyvələrindən, xörəklərinin dadından Ö.Çələbi ürəkdolusu söhbət açır: “Allaha həmd olsun bu şəhərin ab-havasının lətafətindən əhvalımız da xoş olub atlara süvar olmaqla bəzi rəfiqlərimizlə şəhərə tamaşa etdik... Havasının lətafətindən xoşüzlü məhbub və məhbubələrə rast gəlirdik. Yeyəcək və içəcəklərinin, meyvələrinin bənzəri heç bir diyarda yoxdur. Qara Bağlar desək yerinə düşər. İşçiləri olduqca təmizdir. Zira cümləsi müsəlmandır”.
Bu kənd həm də Azərbaycanın mühüm ictimai-iqtisadi, siyasi mərkəzlərindən biri olub. Onun Yaxın Şərq ölkələri ilə Avropanı birləşdirən mühüm karvan yollarının üzərində yerləşməsi sayəsində burada sənətkarlıq, ticarət, iqtisadi həyat xeyli inkişaf edib. Burada olan möhtəşəm memarlıq abidələri – türbə və minarələr XII-XIV əsrlərdə Qarabağların vaxtilə böyük şəhər olduğunu sübut edir. Tarixi mənbələrdən məlum olur ki, Qarabağların şəhər kimi formalaşması və inkişaf dövrü isə Hülakülər dövləti dövründə olub. Qarabağlar şəhəri XVI əsrdə dağıntılara məruz qalsa da, şəhər bölgə mərkəzi kimi statusunu itirməyib. Birinci Osmanlı idarəçiliyi dövründə (1587-1603) şəhər baxımsızlıq səbəbindən tənəzzülə uğrayıb və hətta 1590-cı il tarixli “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə kənd kimi qeyd olunub. 
“Qarabağlar türbə kompleksi” adlı kitabda Qarabağlarla bağlı maraqlı faktlar qeyd olunub. Kitabda oxuyuruq: “Qarabağlar haqqında XV əsrin görkəmli salnaməçisi Nizaməddin Şami “Zəfərnamə” əsərində bəhs etmişdir. Nizaməddin Şami orta əsrlərin məşhur fatehi Əmir Teymurun səfərlərində onu müşayiət etmiş, tarixi hadisələrin canlı şahidi olmuşdu. Müəllif özünün “Zəfərnamə”sində Əmir Teymurun Hindistandan dönməsi bölməsində Teymurun Qarabağlarda müəyyən müddətdə qalmasını da təsvir edir.

Kəngərlilərin davamçıları 

Xalqımız hər zaman qəhrəman oğulları, mübariz qızları ilə fəxr edib. Onlar Vətənimizin azadlığı, bütövlüyü uğrunda canından, sağlamlığından keçir, amma düşmənə bir qarış torpaq vermirlər. Qarabağlar kəndinin igid oğulları da, əcdadlarının yolunu davam etdirirlər. Onlar Vətənin müdafiəsində igidlik göstərib şəhadətə yüksəlir, qazi olurlar. Kəndin 13 şəhidininin Birinci və İkinci Qarabağ müharibələrində döyüş meydanında göstərdiyi şücaət dillərə dastan olub. Vətən savaşının qəhrəman şəhidlərindən olan Vüqar Əsgərov, qazi Təbriz Zeynalov da bu kəndin qəhrəmanlarının davamçılarındandır. 

Qədimliklə müasirliyin vəhdəti 

Bu gün Kəngərli rayonunun ən böyük yaşayış məntəqəsi olan Qarabağlara göstərilən böyük dövlət qayğısı kəndi şəhər mədəniyyətinə qovuşdurmuşdur. Hələ 2009-cu ildə burada inşa olunmuş kənd mərkəzi qarabağlarlılara bütün müasir xidmətlərin göstərilməsinə imkan yaradır. Həmin il öz müasir görkəminə qovuşmuş 522 yerlik 2 nömrəli və 2014-cü ildə əsaslı təmirdən sonra istifadəyə verilmiş 648 yerlik 1 nömrəli tam orta məktəblər, 2010-cu ildə istifadəyə verilmiş həkim ambulatoriyası kəndin simasına əsl şəhər yaraşığı verir. 2012-ci ildə istifadəyə verilmiş müasir Qıvraq-Qarabağlar-Çalxanqala-Təzəkənd dairəvi avtomobil yolu insanların rahatlığını təmin etmişdir. Belə bir rahat yol infrastrukturu təkcə 6 min nəfərdən artıq əhalisi olan Qarabağların deyil, ətraf kəndlərin də Naxçıvan şəhəri və rayon mərkəzi arasında rahat nəqliyyat marşrutlarının yaradılmasına imkan verir.
Qarabağlar kəndi tarixən öz təhsil ənənələriylə də seçilmişdir. Bu kənddən yüzlərlə maarif və mədəniyyət işçisi yetişmişdir. Ümumiyyətlə, kəndin yetirməsi olmuş 45-dən çox elm xadimi müxtəlif vəzifələrdə xalqımızın maariflənməsinə xidmət etmişdir. 
Müasirləşmə yolunda mühüm işlər görülmüş Qarabağlarda sosial həyat öz axarı ilə davam edir. Kənddə əhaliyə rabitə, aptek xidmətləri göstərilməsi, enerji və təbii qaz infrastrukturunun tamamilə yenilənməsi əhalinin rifahına müsbət təsir edən amillərdəndir. Son illərdə kənddə ikimərtəbəli müasirtipli evlərin sayı artmaqda, hər il kənddə yeni evlərin tikintisi ilə bərabər əsaslı təmir işləri də vüsət almaqdadır. Qarabağların yerli xammalı olan üzlük daş plitələr və yüksəkkeyfiyyətli Naxçıvan sementi buna imkan yaradır. Kənddə sayı 15-dən çox olan butipli evin buraya turist kimi gələn qonaqlara da kirayə verilə bilməsi mümkündür.  
Kənd ərazisindəki 40-dan artıq kəhriz, 18 bulaq və çox sayda artezian quyusu burada əkinlərin suvarılması və əhalinin içməli su ilə təmin olunmasında mühüm rol oynayır. Qarabağlarda su deyərkən Asnı bulağının adı ilk olaraq çəkilir. Bu kəndin camaatı üçün “Asnı” adı həm də müqəddəs olan bir ziyarətgahın adıdır. 

Göyçədən Kəngərliyə gələn ərməğan

Bu pirlə bağlı əhali аrаsındа əfsаnələr söylənilir. Onların birində dеyilir ki, Asnı dağındakı bulağın suyu Göyçə gölünün suları ilə əlaqədardır. Keçmiş vaxtlarda uzaq Göyçə mahalından gəlmiş bir tacir karvan ilə daşduz aparmaq üçün Qalacıq şəhərindəki (indiki Qarabağlar kəndi) bazarda dayanmalı olur. O, bir şəxsin əlində özünün əvvəllər itirdiyi naxışlı əlağacını görərək tanıyır və sevincək on il əvvəl başına gəlmiş bir hadisəni xatırlayır. Belə ki, o, bir zamanlar Göyçə gölündən qayıqla keçən zaman qəflətən yaranan tufan nəticəsində qayıq çevrilir. Tacir sudan çətinliklə üzüb çıxır. 
Həmin hadisədən sonra suda batan mallarından çox, qaraağacdan yonulmuş naxışlı əlağacını itirməsinə heyifsilənir. Tacir əlağacının özününkü olduğunu sübut edib qalacıqlı şəxsdən almaq üçün yivli baş hissəsini burub açır və içərisində gizlətdiyi qızıl sikkələri yerə tökür. Camaat təəccüblənərək tacirin əlağacı ilə qızıllarını özünə qaytarır. Tacir isə halallıq kimi qızılların yarısını itmiş əlağacını tapan şəxsə verərək onu haradan tapdığını soruşur. Ağacı tapan şəxs Allaha şükür edərək əlağacını təpədəki Asnı bulağından tapdığını söyləyir. Həmin əhvalatı eşidən qalacıqlılar (qarabağlarlılar) Asnı bulağını Allahın möcüzəsi kimi müqəddəs bilib, oranı ziyarətgaha çevirirlər. Tacir isə qalan qızılları xərcləyərək Asnı bulağında min baş qurbanlıq quzu kəsdirməklə əhaliyə ehsan verir.
Bu gün qədim Qarabağlar öz inkişafının yeni mərhələsindədir. Kənd sakinləri bizimlə söhbət zamanı Qarabağlara, gənc nəslin təhsilinə, Vətənin müdafiəsində canından keçmiş şəhidlərin ailələrinə, kəndin zəhmətkeş insanlarına göstərilən diqqətə, qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildirirlər.

Ramiyyə ƏKBƏROVA 

Nəşr edilib : 25.04.2024 10:32