AZ EN RU

Dağlar qoynundakı pənah yerimiz – Əshabi-kəhf

    Muxtar diyarımızda insanların pənah gətirdiyi müxtəlif ziyarətgahlar var. Bunlardan biri də “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksidir. Bura təkcə ziyarətgah deyil, həm də Azərbaycanın ən qədim tarixi abidələrindən biridir. Ziyarətgaha üz tutan yerli sakinlər və qonaqların diqqətini çəkən bu əsrarəngiz məkana gəlmişkən oxucularımız üçün yazı hazırlamağı da qərara aldıq. Əvvəla onu diqqətə çatdıraq ki, Əshabi-kəhfə istiqamətlənən sıx ağaclarla əhatə olunmuş abad yol ilk baxışdan ziyarətçilərdə xoş ovqat yaradır. Dörd bir tərəfdən qayalarla əhatə olunmuş nəhəng dağın arasında qərar tutmuş bu təbii abidənin bələdçisi buraya gələn qonaqları qarşılayaraq ziyarətgah haqqında ətraflı məlumat verir. Bu müqəddəs ziyarətgaha bələdçilik edən Əkbər Məmmədli ilə elə iş başında həmsöhbət olduq.

    Öyrəndik ki, Əshabi-kəhf – Culfa rayonunda yerləşən bu təbii  mağara Şərqin ən məşhur mağaralarından, eyni zamanda Azərbaycanın ən böyük ziyarətgahlarından biri hesab edilir. Buranın adı İslam dininin müqəddəs kitabı olan “Qurani-Kərim”in “Əl-kəhf” surəsində çəkilir. Aparılan tədqiqatlar göstərir ki, hələ yüz illər bundan əvvəl mağara qədim türklərin müqəddəs sitayiş yeri olub, hələ ibtidai icma quruluşu dövründə insanlar buradan sığınacaq kimi istifadə ediblər. “Qurani-Kərim”in adıçəkilən surəsində əksini tapmış rəvayətə görə, Allaha inanan bir dəstə gənc dövrün zalım hökmdarının təqiblərindən yaxa qurtarmaq üçün bu mağarada gizlənmişlər. Allah onları yuxuya qərq etmiş, bir neçə yüz ildən sonra oyatmış, lakin gənclər özlərinə yad dünyanı görüb, yenidən əbədi yuxuya getməyi diləyiblər. Muxtar diyarımızın ərazisində yayılmış rəvayət də eyni məzmunu daşıyır.
    Müsahibimiz onu da qeyd edir ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə burada abadlıq-bərpa işləri aparılıb, insanların bu müqəddəs məkanı rahat ziyarət etməsi üçün hər cür şərait yaradılıb, 13 kilometr məsafədə abad yol salınıb, ibadət üçün məscid tikilib, kitabə qoyulubdur.
    Əkbər Məmmədli deyir ki, dünyanın bir sıra bölgələrində “Əshabi-kəhf’ adı ilə tanınan mağaralar vardır ki, onların da “Qurani-Kərim”də adı keçən mağara olduğu iddia edilir. Mağaranın yerləşdiyi yerin xüsusiyyətləri adıçəkilən surənin 17-ci ayəsində belə açıqlanır: “Baxsaydın, Günəşin mağaranın sağ tərəfindən doğub meyil etdiyini, sol tərəfdən onlara toxunmadan batdığını, onların da mağaranın genişcə bir yerində olduqlarını görərdin”. Mağaranın içərisinə girəcəkdən baxarkən girişdən sağ və sol nəzərdə tutulur, məhz “Əshabi-kəhf’də içəri girən (baxan) adamın sağı (bu nisbətdə mağaranın sağ tərəfi) gündoğana düşür. Bu isə mağaranın məhz Naxçıvanda olmasını sübut edən amillərdən biridir. “Beləcə, insanları onlardan xəbərdar edir ki, Allahın vədinin haqq olduğunu, qiyamətin şübhə götürməz olduğunu bilsinlər. Bu sırada onlar aralarında “Əshabi-kəhf’in vəziyyətini araşdırırdılar. Dedilər ki, “Üzərlərinə bir bina tikin. Rəbbləri onları daha yaxşı bilir”. Onların vəziyyətinə vaqif olanlar isə “Bizlər kəsinliklə onların yan başlarında bir məscid tikəcəyik” – dedilər”. “Əshabi-kəhf’də yer alan indiki məscid də qeyb olanların yaxınlığındadır. Müqəddəs ocaq sayılan bu ziyarətgahda inanca görə, “Damcıxana” adlanan hissə qəlbində arzusu, niyyəti olan insanların ümid yeri hesab edilir.  Maraqlıdır ki, ilin yağışlı və quraq keçməsindən asılı olmayaraq, burada damcı kəsilmir. Bu məqamda hər cür niyyət etmək olar. Damcının başa və ya çiyinə düşməsi niyyətin tez hasil olacağı, aşağı ətraflara, bədənin hər hansı bir yerinə düşməsi isə nisbətən gec hasil olacağı kimi yozulur. Damcı düşməsə, deməli, niyyət qəbul olmur. 
    Abidənin hər bir guşəsinə, əsasən də ziyarətdə adıçəkilən hissəyə baxdığımız zaman görürük ki, mağara divarlarının bir hissəsində izlər var. Bu sanki divara söykənmiş insan izləridir ki, onlar da el arasında “Yeddi kimsənə” adlanır. El arasında yayılmış rəvayətlərdə də deyilir ki, bu izlər elə müqəddəs kitabımız “Qurani-Kərim”də deyildiyi kimi, zalım hökmdarın zülmündən Allaha sığınan bir dəstə gəncə məxsusdur. Ümumiyyətlə, “Əshabi-kəhf”i ziyarət zamanı bir neçə əməl var ki, onların icrasına insanlarda güclü inam var. Bunlardan “Əshabi-kəhf”ə piyada ziyarətə getmək, orada qurban kəsmək savab əməl hesab olunur. Mağaranın daxilindəki məscidə, oradan da “Cənnət bağı”na çıxan yolun solundakı qayada təbii oyuq var. Qəlbində arzusu, niyyəti olanlar bu oyuqdan keçib həmin qayanın başına üç dəfə dolanırlar. Məscidin qabağındakı “Qaradaş”ın və “Damcıxana”nın ziyarət edilməsi  əsas məqamlardan hesab olunur. Buranı ziyarət edən yaşlı insanlardan öyrənirik ki, hələ lap qədim zamanlardan ağır xəstəliyi olan insanlar niyyət edib “Qaradaş”ın yanında yatarmışlar. Bir sıra xəstələrin buradan nicat tapıb qayıtması söylənilir. “Qaradaş” ziyarətgahının sol hissəsində tarixi məscid də yerləşir ki, buranı namaz qılanlar və nəziri olanlar ziyarət edirlər. Məscidin içərisində üzərində müqəddəs kitabımız “Qurani-Kərim”dən müxtəlif ayələrin yazıldığı iki kitabə də var. 
    Müsahibimiz qeyd edir ki, insanlar ziyarətgah və onun ətrafında daha iki yerdə su inamı ilə qarşılaşırlar. Bunların biri təmizlənib müalicə olunma, ikincisi “Əshabi-kəhf”in girəcəyindəki kiçik hovuz-bulaqdı. İnsanlar suyun şəfaverici və müqəddəsliyini nəzərə alaraq içir və xörək hazırlayırlar. Bulaq “Yeddi kimsənə”nin aşağı tərəfindən çıxdığı üçün daha da müqəddəs hesab edilir. Ziyarətgahda ən uca məqam “Cənnət bağı” adlanan yerdir. Əvvəllər bura çıxmaq insanlar üçün çox çətin idi. İndi isə abadlaşdırılaraq dəmir pilləkənlərlə yol salınıb. Buraya gündoğana doğru qayaların arası ilə dar keçid qalxır. Keçidin baş tərəfində, sıldırım qayada bir dağdağan ağacı bitib. Həmin ağaca dilək üçün parçalar bağlanılır.
    Həmsöhbətimiz Əkbər Məmmədli onu da vurğuladı ki, ilin hər fəslində dünyanın dörd bir yanından qonaqlar buranı ziyarət etmək üçün gəlirlər. Naxçıvana ayaq qoyan hər kəs buranı ziyarət etmədən getmir. Onlar bu dini ziyarətgahın tarixini öyrəndikləri zaman isə İslam dininə olan inancları daha da artır. 
    Biz də bir yerli sakin olaraq buranın tarixi haqqında məlumatları siz oxucuların da diqqətinə çatdırmaq istədik. Allah bura gəlib qurbanlar kəsən, dualar edən hər kəsin ziyarətini, qurbanını, duasını qəbul etsin.

Bülbül Quliyeva

Nəşr edilib : 06.09.2023 18:31