AZ EN RU

Dağlar gözəli Pəzməri

    Ucqar kənd dedikdə istər-istəməz mərkəzdən çox-çox uzaqda yerləşən, infra­strukturu zəif, rabitə, elektrik və digər zəruri imkanları məhdud olan kiçik bir yaşayış məntəqəsi canlanır insanın xəyalında. Lakin muxtar respublikada aparılan sosial-iqtisadi islahatlar on illər bundan öncə Naxçıvanda bu düşüncələrin üzərindən birdəfəlik xətt çəkib. İndi diyarımızdakı şəhər və qəsəbələrdən, ucqar və dağlıq kənd yaşayış məntəqələrindən söz düşdükdə ağıla, ancaq yeni infrastruktur, bütün təminatı ilə sakinlərinə rahat həyat bəxş edən, turizm imkanları yüksək olan müasir yaşayış məntəqəsi canlanır. 

    Bu mənzərələri Ordubad rayonunun Pəzməri kəndində də görürük. Dağların qoynuna sığınan bu təbiət gözəli burada cari ilin oktyabr ayının 28-də məktəb binasının, kənd və xidmət mərkəzlərinin tikilib istifadəyə verilməsi, Pəzməri də daxil olmaqla, 8 kəndi birləşdirən avtomobil yolunun yenidən qurulması ilə müasirliyə qovuşub.
    Yoldan söz düşmüşkən, hamıya məlumdur ki, Pəzməri muxtar respublikanın yüksək turizm potensialına malik yaşayış məntəqələrindən biridir. Təbiətlə baş-başa qalmaq istəyənlərin yer seçimində bu kənd ön sıralardadır. Ordubadın baş tacı olan Pəzməri təmiz havası, gözəl təbiət mənzərələri və ən əsası da şəlalələri ilə buraya üz tutanları ilk anlardan öz sehrinə salır. Təbii ki, bu yerlərin təbiət inciləri sırasında Pəzməri şəlaləsinin füsunkar şöhrətini eşidib-bilməyən yoxdur. Odur ki, hər il bu sehrli aləmə minlərlə yerli və xarici turist gəlməyə can atır. Adrenalin sevənlər üçün bu səyahət daha maraqlı olsa da, rahat yolla səyahəti sevənlər üçün bura gəlmək ideal seçimdən kənarda qalırdı. Buna görə də çoxları gəlmək istəsə də, yolların narahatlığına görə buludların hakim kəsildiyi dağların zirvəsindən o əsrarəngiz mənzərəni foto və videolardan izləməli olurdu. 
    Bu gün isə başlanğıcını 3 min metr yüksəklikdən götürən çayın yaratdığı bu gözəl mənzərədən zövq almaq hər kəs üçün əlçatandır. İrəlilədikcə qarşımızda sinə gərən sərt dağlar, qayalar heç bir çətinlik yaratmır. Çünki aparılan kompleks quruculuq işləri çərçivəsində Pəzməri şəlaləsinə gedən yolun rahat və təhlükəsiz hərəkəti təmin edilib.  Belə ki, 4 kilometrlik avtomobil yolu genişləndirilib, qum-çınqıl qatı verilib, lazımi yerlərdə su keçidləri qoyulub. Təbii ki, bütün bunlar bölgədə turizmin inkişafına yeni və böyük töhfədir.
    Qeyd edək ki, Pəzməri kəndi rayon mərkəzindən 30, Naxçıvan şəhərindən 84 kilometr məsafədə yerləşir. Kənd əhalisinin əsas məşğuliyyətini arıçılıq, heyvandarlıq və bağçılıq təşkil edir. Təbii ki, quruculuq töhfələri hər kəsdən öncə kənd sakinlərini sevindirir. İnşaatçıların, memarların uca dağların qoynuna vurduğu hər bir naxış kəndə müasirlik, sakinlərin həyatına isə rahatlıq gətirib. 
    Artıq bu yurdun zəhmətkeşləri təsərrüfatları ilə daha rahat məşğul olur, açılan hər sabaha daha böyük ümidlə baxırlar. Hər şeydən öncə, ona görə ki, övladları müasir məktəbdə təhsil alırlar. Hər bir valideyn üçün övladının gələcəyi hər şeydən öndə gəldiyi kimi, dövlətimiz də gələcəyimizi daha etibarlı yetişdirməyi prioritet sahə kimi diqqətdə saxlayır. Minlərlə metr yüksəklikdə, uca dağların qoynunda ucalan gözəl məktəb binası deyilənlərə əyani sübutdur. Hərtərəfli şəraiti və müasir əyani vəsaitlərilə müəllim və şagirdlərin istifadəsinə verilən Pəzməri kənd ümumi orta məktəbi dövlətimizin həyata keçirdiyi bilikli, geniş dünyagörüşlü, vətənpərvər və sağlamdüşüncəli gənc nəsil yetişdirmək siyasətinin daha bir töhfəsidir.
    Kəndə girərkən yol ayrıcında gözəl fasadı ilə gözoxşayan ikimərtəbəli məktəb binasında müasir tədrisin tələblərini tam ödəyəcək maddi-texniki təminat mövcuddur. Bu təhsil ocağında 11 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, direktor, direktor müavini, şahmat, kompüter, müəllimlər otaqları, STEAM kabinəsi, kitabxana, qarderob, bufet və qazanxana yerləşir. 
    Məktəbdə internetə çıxışı olan 10 kompüter və 3 elektron lövhə quraşdırılıb. Yüksəksürətli internet elektron lövhələr vasitəsilə muxtar respublikada keçirilən interaktiv dərslərə qoşulmaq imkanı verir ki, bu da şagirdlərin bir sıra muzeylər və digər elm və tədris ocaqları ilə əyani tanışlığına, dərslərdə aktiv iştirak etməklə daha geniş biliklər əldə etməsinə şərait yaradır.
    Təhsil müəssisəsində tətbiq olunan ən son yeniliklər sırasında STEAM kabinəsi daha çox diqqəti cəlb edir. Kabinə 1 elektron lövhə, 2 kompüter, 3D printer, mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları, həmçinin yeni nəşr olunan ədəbiyyat və dərsliklərlə təchiz edilib. Şagirdlər burada aldıqları biliklər əsasında müxtəlif innovativ layihələr hazırlayırlar.  Məktəbin açılış tədbirində şagirdlərin muxtar respublika rəhbərinə təqdim etdikləri “Avtomatik balıqyemləmə” və “Dispanser qurğu” layihələrini buna misal göstərə bilərik. Şagirdlər STEAM dərslərinə böyük maraq göstərərək müəllimləri ilə birlikdə keçiriləcək festival və yarışlara hazırlaşırlar.
    Müasir təhsil ocağının laboratoriyaları da müasir əyani vəsaitlərlə təchiz edilib. Bu imkanları gələcəyimizə hesablanmış mühüm addım kimi qiymətləndirən məktəbin müəllimi Nigar Abbasova ilə  kitabxanada həmsöhbət olduq. Sözə bu cümlə ilə başladı: – Fondunda 2 minə yaxın kitab olan kiçik bir məktəbin, sadəcə, kitabxanasından hər şeyi görmək mümkündür. İndi bizim məktəbimizdə hər şey əlçatandır. Şagirdlərin hərtərəfli bilik əldə etməsi üçün istənilən dərslik, tədris vəsaiti və bədii ədəbiyyatlar mövcuddur. İnternetə çıxış imkanları, siniflərdə ən müasir əyani vəsait və kompüter texnologiyaları tətbiq olunur. Bir sözlə, hər şey şagirdlərin yaxşı təhsil almalarına hesablanıb. Geriyə qalır bu imkanlardan istifadə edib gələcəyimiz olan bu gəncləri layiqli vətəndaş, biliklərə mükəmməl şəkildə yiyələnmiş şəxs kimi yetişdirmək. Biz müəllimlər də yaradılan daha rahat və müasir şəraitdən səmərəli istifadə edərək göstərilən etimadı daha böyük səylə doğruldacağıq.  
    Yaşayış məntəqəsindəki daha bir müasir bina kənd mərkəzinə məxsusdur. İkimərtəbəli kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, kitabxana, Unus və Pəzməri kəndlərini əhatə edən Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı və polis sahə məntəqəsi, arxiv, klub, iclas zalı və qazanxana yerləşir. 
    Bu da kənd sakinlərinin işini birə-beş yüngülləşdirib. Binada kənd sakinlərinin sosial problemlərinin həlli üçün vacib olan bütün dövlət strukturlarının fəaliyyəti təmin olunub. Buradakı zəngin fonda malik kitabxana da diqqəti cəlb edir. Böyük şəhərlərdə belə insanların kitaba, mütaliəyə marağının artırılması uğrunda maarifləndirici tədbirlərin görüldüyü günümüzdə bu ucqar və kiçik kənddə kitabxana fəaliyyət göstərir. Rabitə evində quraşdırılan yeni nəsil ATS əhalini genişzolaqlı internet və müasir rabitə xidmətləri ilə təmin edib.
    Bir müdrik deyib ki, gənclər arzularla, ahıllar isə xatirələrlə yaşayırlar. Bu gün Pəzməridə görülən geniş abadlıq-quruculuq işləri bu kəndin cavanlarının işıqlı gələcək arzularını reallığa çevirir. Xatirələrlə yaşayan və ömrünün 80 ilini bu kənddə keçirən qocaman kənd sakini Vaqif Abdullayev ilə həmsöhbət olduq və xatirələrindəki doğma yurd yeri ilə müasir, hər cür şəraitin yaradıldığı Pəzməri haqqında fikirlərini öyrəndik. O qeyd etdi ki, fasiləsiz elektrik enerjisi ilə təminat, təbii qaz xəttinin, telefon rabitəsinin və internetin mövcudluğu, yeni yolun çəkilməsi, məktəb binasının, kənd və xidmət mərkəzlərinin tikilib istifadəyə verilməsi ucqar dağ kəndinin sakinləri üçün ən böyük hədiyyədir. Pəzməri kəndinin insanları zəhmətkeşdirlər. Demək olar ki,  bağlarında mümkün olan bütün meyvə ağaclarına rast gələ bilərsiniz. Zəhmətkeş insanlarımız rahat, firavan yaşayışdan bəhrələnərək elə öz torpaqlarını daimi iş yerlərinə çeviriblər. Bütün qayğılardan uzaq olan kənd əhalisi rahat şəkildə təsərrüfatı ilə məşğul olur, meyvəçilik, tərəvəzçilik, arıçılıq və heyvandarlığı daha da inkişaf etdirir.
    Artıq müasirliyə qovuşmuş bu kəndə yolu düşənlər zəhmətkeş insanların ərsəyə gətirdikləri ekoloji saf məhsulları yeni istifadəyə verilən xidmət mərkəzindən əldə edə bilərlər. Mərkəz həm də ucqar dağ kəndinin sakinlərinin rahat yaşayışı üçün ən mühüm obyektlərdən biridir. İnsanların bütün zəruri ehtiyaclarının ödəndiyi mərkəz dövlətimizin insan amilinə göstərdiyi diqqət və qayğını özündə əks etdirir.
    Bir sözlə, Ordubadın bu “gizli cənnət”i şəlalələri və digər təbiət mənzərələri, müasir yaşayış şəraiti və zəhmətkeş sakinlər ilə bura gələn hər kəsi ovsunlayır. Bütün bunlar Pəzmərinin turizm imkanlarını daha da artırır. Onu da xüsusi vurğulamaq lazımdır ki, buraya təkcə muxtar respublika sakinləri deyil, digər bölgələrdən də çoxsaylı qonaqlar təşrif buyurur. Çünki təbiətdən zövq alaraq istirahət etmək istəyənlər üçün bura ideal məkandır. Həm kənd sakinləri, həm də qonaqlar burada yaradılmış şəraitə görə dövlətimizə minnətdarlıqlarını bildirirlər.  

Gülcamal TAHİROVA

Nəşr edilib : 30.11.2022 19:42