AZ EN RU

Dağlar arasından, illər arxasından ucalan sülhə çağırış, yurda qayıdış sədaları

On illər, yüz illər boyu yaşananlara, yaşadılanlara rəğmən savaşa deyil sülhə, barışığa çağırış əli uzadıldı bir daha, yurda qayıdış sədaları ucaldı yenidən. Dövlətçilik tariximizdə mühüm, həlledici rol oynayan, mütərəqqi ideyaların pərvəriş tapdığı, qərarların verildiyi 100 yaşlı bir diyardan ucalması mötəbərliyini daha da artırdı bu sədaların. Ötən əsrdə öz ata-baba torpaqlarından – Dərələyəzdən, Göyçədən, İrəvandan didərgin düşənlərə qol-qanad, qucaq açan Naxçıvan onların geri dönüşü, qayıdışı üçün növbəti dəfə xeyir-dua qapısı açdı, bu mötəbər missiyanı uğurla yerinə yetirmək yolunda əmin addımların atılmasına vəsilə oldu, şahidlik etdi...
Bəli, ötən həftənin 2 günü – iyunun 21-22-si haqqın, ədalətin bərpa səsi ucaldı Şərqin qapısından bütün cahana. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresi ictimai-siyasi əhəmiyyəti, elmi-mədəni dəyəri ilə öz möhürünü vurdu Qalib Liderin Qərbi Azərbaycana qayıdış konsepsiyasının icrası prosesinə. Artıq ikinci dəfədir, baş tutan bu möhtəşəm tədbirin öncəkindən fərqli cəhətləri, üstün məziyyətləri də kifayət qədər oldu desək, yanılmarıq. İlk olaraq festival-konqresin buraya üz tutan, gözü televiziya ekranlarında, mediada, sosial şəbəkələrdə olan hər kəsin diqqətini məkan olaraq çəkdiyini əminliklə söyləmək olar. Ev sahibliyi kimi tarixi Qərbi Azərbaycan torpaqlarına ən yaxın məsafədə yerləşən Zəngəzur Milli Parkı-Batabat yaylağının seçilməsi bu baxımdan heç də təsadüfi deyildir. Qərbi Azərbaycanın 11 mahalını əks etdirən çadırların qurulması və adət-ənənələrin olduğu kimi icrasını nəzərə alsaq, festival-konqresin nəzəridən daha çox praktiki tərəfləri ilə yaddaşlarda iz buraxdığını, əhəmiyyət daşıdığını deyə bilərik...
Rəsmi hissədən tutmuş bədii kompozisiyalara, plenar çıxışlara, görüşlərədək hər bir nümayişin, çıxışın, söhbətin detalında özünəməxsusluq, fərqlilik özünü göstərdi. Xalqımızın tarixi keçmişinə, genetik yaddaşına səyahət zamanı milliliyə hörmət, irsə ehtiram əsas süjet xəttinə çevrildi bənzərsiz çalarlarla zəngin tədbirin. “Dədə Qorqud” obrazının yaradılması, “Kitabi-Dədə Qorqud” dastanından nümunələrin çəkilməsi, hündür təpələrin üzərində üç tonqalın qalanması ilə qədim soykökə bağlılığın önəmini aşıladı qonaqlarına festival-konqres. Bənzərsiz mətbəx, folklor nümunələri, aşıq havaları, kompozisiyalar, xalq oyunları, tamaşalar, məşhur idman oyunları, rəsm, memarlıq sərgiləri, at yarışları, pəhləvanların güləşi, yallılar milli-mənəvi dəyərlər, adət-ənənələrə sadiqliyin, sahibliyin ifadəsinə çevrilməklə Ulu Öndər Heydər Əliyevin bütün dövrlər üçün aktuallığını qoruyan çağırışını xatırlatdı: “Xalq gərək daim öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən heç vaxt ayrılmasın”. 
Festival-konqresin məxsusi məqamlarından biri, heç şübhəsiz, Əlahiddə Ümumqoşun Ordunun Şuşayadək Zəfər yolu keçən qəhrəmanları tərəfindən Şuşaya sancılan və Zəfər paradında nümayiş etdirilən Zəfər Bayrağının təntənəli marşla tədbir məkanına gətirilməsi oldu. Hər bir azərbaycanlının vücudunu qürurla ehtizaza gətirən bu anlar illər öncə Prezident cənab İlham Əliyevin söylədiyi, gerçəkləşən qətiyyətli fikirləri bir daha çınlatdı yaddaşlarda: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət Bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət Bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan Bayrağına!” Bəli, dövlət başçısının illər öncəki sözlərinin təntənəsini yaşayan hər bir qərbi azərbaycanlı festival-konqresin işinin əsas qayəsinə, devizinə çevrilən “Biz torpağımıza tankla, topla deyil, dinc şəkildə qayıtmaq istəyirik” ideyasının da tezliklə reallaşacağına bir daha əmin oldu...
Festival-konqresi daha cəlbedici, maraqlı edən amillərdən biri də böyükdən-kiçiyə hər kəsi nostalji duyğulara kökləyən illərlə qorunub yaşadılan toy ənənələrinin nümayişi idi. Qərbi Azərbaycan əsilli iki gəncin toy məclisində “Elçilik”, “Nişan taxma”, “Paltar biçmə”, “Çörəküstü”, “Xına”, “Gəlin köçürmə” kimi adətlərin təbliği orta, yaşlı nəsillə gənclər arasında mənəviyyat körpüsü yaratmaqla milli-mənəvi dəyərlərimizə qayıdışa xidmət etdi. Qərbi Azərbaycan mətbəxinə məxsus 60-dan çox milli yemək, 44 çeşiddə meyvə və meyvə qurusu, 30 adda müalicəvi bitki, 94 növdə mürəbbə, 12 adda bitki çayı, 13 növdə şirniyyat, 20-dən çox adda xoşab və meyvə şirəsinin çıxarıldığı kulinariya sərgisi məxsusi dad-tamı ilə qonaqlarda böyük maraq oyatmaqla xalqın öz genetik varidatına, irsinə sahiblik hissinin önəmini, vacibliyini təlqin etdi. Bölmə iclaslarında “Qərbi Azərbaycan: tarix, həqiqətlər və faktlar”, “Qərbi Azərbaycanın mədəni sərvətləri”, “Qərbi Azərbaycan: dil faktları və toponimika”, “Qərbi Azərbaycan ədəbiyyatı və folkloru”, “Qərbi Azərbaycanda elm və təhsil”, “Qərbi Azərbaycana qayıdışın hüquqi aspektləri”, “Qərbi Azərbaycanın təbii sərvətləri”, “Qərbi Azərbaycanın mədəni sərvətləri” mövzularında məruzələrdə, təqdimatı keçirilən elmi əsərlərdə tarixi yerlərin, abidələrin, adət-ənənələrin, milli, təbii sərvətlərin, mədəniyyətin, ədəbiyyatın, folklorun tədqiqi, araşdırılıb öyrənilməsi, öyrədilməsi, vandalizmə məruz qalan yurd yerləri, dəyişdirilən yer adları ilə bağlı məsələlərə toxunuldu, yeni yanaşmalar, tezislər irəli sürüldü... 
Festival-konqres çərçivəsində Ordubad rayonunda qərbi azərbaycanlılarla görüş, Zəngəzur dəhlizinin astanası sayılan Kotam kəndinin pik nöqtəsi və Salamməlik stansiyası istiqamətində irəli atılan rəmzi addımlar həm Qərbi Azərbaycana qayıdışa, həm də Naxçıvanı ölkəmizin digər ərazisi ilə birləşdirəcək Zəngəzur dəhlizinin açılması yönündə verilən mühüm mesajlar idi. Ölkə başçısının qətiyyətli mesajları: “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar”... “Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də. Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə bizim bağlantımız olmalıdır və olacaqdır”.
Ümumilikdə, yekun fikir olaraq vurğulayaq ki, Naxçıvanda ikinci dəfə keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresi dövlət başçısının Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində mühüm addımlardan biri kimi təqvimə silinməz, qızıl hərflərlə həkk olundu. Qərbi Azərbaycanın bir addımlığından, dağlar arasından ucalan, illər arxasından gələn sülhə çağırış, yurda qayıdış sədalarının tezliklə İrəvanda, Göyçədə, Dərələyəzdə eşidilməsi, Zəngəzur dəhlizinin astanası – qapısı sayılan Ordubadda atılan rəmzi addımların gerçəklik işığına çevrilərək yolumuzu aydınladıb bizi Vətəndən Vətənə aparması diləyi ilə...

Nəşr edilib : 25.06.2024 16:14