AZ EN RU

Dağ cığırları əsasında yeni piyada marşrutları hazırlanır

    Ölkə başçısının 2023-cü il  5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda qeyd olunan müvafiq bəndlərin icrası Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti qarşısında duran əsas vəzifələrdəndir. Bu vəzifələrin icrası məqsədilə Departament tərəfindən muxtar respublikanın turizm potensialından yararlanmaqla regionun rəqabətqabiliyyətli turizm məkanına çevrilməsi istiqamətində işlər davam etdirilir. Belə ki, 14 sentyabr 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin əməkdaşları dağ cığırları əsasında piyada marşrutlarının müəyyən edilərək turizmin dəyər zəncirinə qazandırılması, məhsulun aktiv turizm fəaliyyəti ilə məşğul olmaq istəyən turistlərə təklif edilməsi, ucqar kəndlərdə yaşayan əhalinin turizmə cəlb olunması və turizm fəaliyyətində birbaşa iştirakının təmin edilməsi məqsədilə Ordubad rayonunun Pəzməri kəndində olmuşlar. 
    Pəzməri kəndi kiçik yaşayış məntəqəsi olsa da, özünün əzəmətli dağları, gözoxşayan şəlalələri və digər təbii zənginlikləri ilə fərqlənir. Pəzməri kəndinin yüksək dağlıq ərazisində hündürlüyünə və su sərfinə görə bir-birindən fərqlənən bir neçə şəlalə vardır. Pəzməri kəndinin şimal-şərq istiqamətində yerləşən bu şəlalələr görənləri heyran edir. Pəzməri şəlalələrinin ən böyüyü, təxminən, 20 metr hündürlükdən tökülür və muxtar respublikanın ən böyük şəlalələri siyahısında yer alır.
    Departament əməkdaşlarının səfəri zamanı ərazidə Pəzməri kəndindən Pəzməri şəlalələri istiqamətlərində dağ cığırlarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi işi aparılmış və olduqca uğurlu nəticələnmişdir. Belə ki, yerli əhalinin fikir və rəyləri də nəzərə alınmaqla aparılan qiymətləndirmə zamanı dağ cığırları ilə hərəkət edərək 8 kilometr uzunluğunda piyada marşrutu müəyyənləşdirilmiş və yüksək dağlıq ərazidə əvvəllər kütləvi şəkildə ziyarət edilməyən ikinci böyük şəlalə marşruta daxil edilmişdir. Ərazinin GPS koordinatları qeydə alınaraq dünyada təbiət yürüşü həvəskarları arasında məşhur olan “Wikiloc” platformasında yerləşdirilmişdir. Qeyd etmək lazımdır ki, müəyyən olunmuş marşrut boyunca bölgəyə xas fauna və flora növlərinin müşahidəsi də mümkündür. 
    Muxtar respublika ərazisində dağ cığırları əsasında piyada marşrutlarının müəyyən edilməsi istiqamətində işlər bundan sonra da davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikasının 
Turizm Departamenti

Nəşr edilib : 18.09.2023 20:01