AZ EN RU

Dağ cığırları əsasında piyada marşrutlarının müəyyənləşdirilməsi istiqamətində işlər aparılır

    Naxçıvan Muxtar Respublikası Turizm Departamenti tərəfindən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın 5.1-ci bəndi (Naxçıvan Muxtar Respublikası ərazisinin görməli yerləri üzrə piyada marşrutlarının tərtib edilməsi) və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin “Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı 2020-2023-cü illər üçün birgə Tədbirlər Planı”nın ekoturizm bölməsindəki dağ cığırları əsasında piyada marşrutlarının (hiking route) hazırlanması bəndinin icrası istiqamətində işlər davam etdirilir. Belə ki, Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Turizm Bürosunun eko­turizm üzrə mütəxəssisi və departamentin əməkdaşı tərəfindən 16 avqust 2022-ci il tarixdən başlayaraq Şahbuz rayonunun Kükü və Keçili kəndləri, Ağbulaq İstirahət Mərkəzi, Gurbulaq, Ballıdüz şəlalələri və Qanlıgöl istiqamətində, Culfa rayonunun İlandağ ətrafında, Ordubad rayonunun Parağaçay, Ağdərə, Tivi və Bist kəndlərində, həmçinin Göygöl və Gəmiqaya ərazilərində dağ cığırlarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi aparılmışdır. 27 avqust 2022-ci il tarixədək isə Şərur rayonunun Şahbulaq kəndi – Sulu dərə, Ordubad rayonunun Nürgüt, Nəsirvaz, Pəzməri kəndləri və Pəzməri şəlaləsi ətrafında dağ cığırlarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi aparılacaq. 
    Dağ piyada marşrutlarının müəyyən edilərək turizmin dəyər zəncirinə qazandırılması, məhsulun aktiv turizm fəaliyyəti ilə məşğul olmaq istəyən turistlərə təklif edilməsi, ucqar kəndlərdə yaşayan əhalinin turizmə cəlb olunması və turizm fəaliyyətində birbaşa iştirakının təmin edilməsi, turizm gəlirlərindən yerli icmaların birbaşa faydalanması, kənd evlərinin kirayə verilməsi, ailə təsərrüfatı məhsullarının satışının həyata keçirilməsi məqsədi daşıyır.
    Yaradılacaq marşrutlar Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin rəqəmsal distribusiya kanallarında, Azərbaycanın turizm təbliğatı üzrə əsas internet səhifəsi olan “Azerbaijan.travel”də, beynəlxalq auditoriya üçün sosial platformalar üzərindən experienceazerbaijan və explorenakhchivan, yerli auditoriya üçün “Macəra yaxındadır” daxili turizmin təbliği layihəsi sosial media kanallarında təbliğ ediləcəkdir. Müəyyənləşdirilmiş dağ cığırları marşrutlarının izləri GPS-lə qeydə alınaraq dünyada təbiət yürüşləri həvəskarları arasında məşhur olan “Wikiloc” və “Viewranger” kimi platformalarda yerləşdiriləcək.

Naxçıvan Muxtar Respublikası Turizm 
Departamentinin mətbuat xidməti

Nəşr edilib : 23.08.2022 18:23