AZ EN RU

Dadı orta əsr səyyahlarını da heyrətləndirmiş yay süfrələrinin əvəzolunmaz barı – Şahtaxtı qovunu

    Lap qədim zamanlardan üzübəri diyarımızın hər qarış torpağı özünün sayılıb-seçilən məhsulları ilə tanınıb və yurdumuza böyük şöhrət qazandırıb. Məmləkətimizin bir çox ünvanlarında meyvəçilik, bir neçəsində bağçılıq, bostançılıq, heyvandarlıq əsas təsərrüfat sahəsi hesab olunduğu kimi, muxtar diyarımızın əlverişli iqlim şəraiti və zəngin təbii mühiti də burada təsərrüfatın bir neçə sahəsinin təşəkkül tapmasına səbəb olub, zəhmətsevər insanlarının bağ-bağatlarında yetişdirdiyi məhsulları isə yurdumuzun əsas simvoluna çevrilib. Muxtar respublikamızın münbit torpaqlarında yetişən məhsullarımız nəinki ölkəmizdə, hətta dünyanın bir çox regionlarında əl-əl axtarılır. Elə həmin dadlı-tamlı məhsullarımızdandır yay süfrələrimizin bəzəyi olan, dadı orta əsr səyyahlarının xatirələrində yer alan Şahtaxtı qovunu. 

    Məlumdur ki, qədim postsovet məkanında Naxçıvanın qarpızı, duzu, pendiri diyarımızı dünyada tanıdan əsas brend məhsullardan olub. Adını çəkdiyimiz Şahtaxtı qovunu isə hələ orta əsr səyyahlarının gündəliklərində adını xüsusi olaraq qeyd etdiyi bostanlarımızın dadlı bəhəri kimi sevilib, seçilib. Ötən əsrlərdən etibarən yurdumuzda bu məhsulun yetişdirilən bir çox sortları, o cümlədən    “Qızılburun”, “Göy həmkar”, “Sarı həmkar”, “Almatoxum”, “Ələmdar”, “Qocafəndi”, “Çubuq həmkar”, “Qara şineyvaz”, “Ağ şineyvaz” kimi növləri öz dadı, şirinliyi ilə yeyənləri həmişə məst etmişdir:     
        “Qızılburun”, “Göy həmkar”,
        Eynidir, seçmək olmaz.
        “Almatoxum”, “Ələmdar”,
        Dadından keçmək olmaz.
    Bağ salmaq, bostan becərmək, belə ləziz təamları yetişdirmək zövqlü olduğu qədər həm də çətin, ağır zəhmət və böyük məsuliyyət tələb edən işdir. Hər bir məhsulun keyfiyyətli olması, alıcılar tərəfindən xoş rəy alması təsərrüfatçı üçün əsl mükafatdır, tökdüyü alın tərinin layiqli nəticəsidir. Bunu uzun illər həyatını torpağa, halal zəhmətə bağlamış təsərrüfat adamları da dilə gətirir. Uzun illər bağçılıq-bostançılıqla məşğul olmuş, dadlı-tamlı Şahtaxtı qovunu becərməklə dolanışığını təmin edən, “Halal zəhmət, minnətsiz çörək Yaradanın bəndəsinə qismət etdiyi ən böyük mükafatdır”, – deyən təsərrüfatçı Camaləddin Mahmudovla həmsöhbət oluruq. 
    Uzun illərdir ki, Şahtaxtı qovunu yetişdirən Camaləddin kişi diyarımızda becərilən qovun sortlarından söhbət açaraq deyir: – Muxtar diyarımızda müxtəlif adlarla tanınan qovunun bir çox sortları vardır ki, onlar məmləkətimizdə ən çox yetişdirilənlər sırasındadır. Bu növlərin əkilib-becərilməsinə Babək, Kəngərli, Şərur və Sədərək rayonlarında geniş yer verilir. Lakin qovun dedikdə ilk ağıla gələn Şahtaxtı kəndi olur. Kəngərli rayonunda elə əkin sahəsi tapılmaz ki, orada heç olmasa, bir-iki kol da olsa, qovun əkilməsin. Bu, təsadüfi deyil. Çünki rayonumuzun, ələlxüsus da, Şahtaxtının torpağı bağçılıq-bostançılıq üçün çox əlverişlidir. Kəndimizin, necə deyərlər, brend məhsulu olan Şahtaxtı qovunu tutma üsulu ilə yalnız bu kənddə yetişdirilir. Tarixçilər bu üsulla qovunyetişdirmə ənənəsinin XIII əsrdən etibarən yarandığını söyləyirlər. Bu qovunu yetişdirmək çox zəhmətli olduğundan böyük bir sahədə ancaq bir neçə qovunu tutma kimi saxlamaq olur. Qonaqpərvər həmyerlilərimiz bu qovunu əzizləyib uzaqda yaşayan qohum-əqrəbası, ya da ki, qonağı üçün saxlayır. Müsahibimizin sözlərinə görə, tutma qovunu hasilə gətirmək üçün əvvəlcə əkiləcək kərdilər hazır vəziyyətə gətirilir və suvarma işləri görülür. Sonra bir-iki gün öncədən isladılan toxum ocaqlara basdırılır. Hər ocağa beş-altı toxum salınır. Həmin toxumlar bir həftə ərzində cücərməyə başlayır. Sonra kollar seyrəldilir və bu kollardan ən irisi və şux olanı saxlanılır. Digər kolların kərdidən uzaqlaşdırılması və yalnız ən iri kolun saxlanılması ona görədir ki, balaca şitilə verilən su yalnız birinin ərsəyə gəlməsinə sərf olunsun. Əkildikdən, təxminən, 20-30 gün sonra ona ikinci dəfə su verilir. Suvarıldıqdan sonra kollar çiçək tökməyə başlayır və həmin çiçəklərdən balaca qıralar əmələ gəlir, buna isə el arasında “gülburnu” deyilir. Həmin gülburnular ağız suyu ilə isladılır, bu da “dahangirləmə” adlanır. İsladılan gülburnular torpaqlanaraq açıq şəkildə 2-3 gün saxlanılır. Saflığı bir daha yoxlanıldıqdan sonra öz yarpağına bükülərək yerə basdırılır. Buna el arasında “bələnmə” ya da “quylama” deyirlər. 20-30 gün torpağa basdırılmış şəkildə qalan bitkini mütəmadi olaraq nəzarətdə saxlamaq isə ən vacib işlərdəndir. Müəyyən müddətdən sonra bitki torpaqdan çıxarılır və daha 15-20 gün açıq şəkildə saxlanılır. Bu proseslər yekunlaşdıqdan sonra, demək olar ki, artıq qovunumuz tam yetişib. 
     Müsahibimiz deyir ki, əvvəllər Şahtaxtı kəndində, demək olar ki, hər kəs öz təsərrüfatında növbənöv qovun sortlarının əkini ilə məşğul olurdu. Yadımdadır ki, ötən əsrin 70-80-ci illərində kəndimizdə hər bir təsərrüfatdan orta hesabla 1 tona yaxın Şahtaxtı qovunu tədarük edilirdi. Zaman keçdikcə qovuna maraq azaldı. Ona görə ki, Şahtaxtı qovununu əkib-becərmək olduqca çətindir və çox zəhmət tələb edir. Gərək mütəmadi olaraq onun qayğısına qalasan, qulluq göstərəsən. Camaləddin Mahmudovun sözlərinə görə bir koldan 1 qovun götürmək mümkündür. Əkilən kollardan qovundan savayı, qıralar da tədarük olunur. Həmin qıralardan isə müxtəlif turşular hazırlanır. Həmçinin müxtəlif salatlarda da istifadə edilir. Şahtaxtı qovununu dilimləyərək qurutmaq və soyuq qış aylarında quru yemiş halında istifadə etmək də mümkündür: – Xatırlayıram ki, əvvəllər kəndimizdə bu qovun növünün əkini ilə məşğul olanlar daha çox “Ağnabat”ı dilimləyərək qurudur, qarlı-şaxtalı günlərdə quru yemiş kimi yeyirdilər, hətta şəkər əvəzi çay içilən zaman da istifadə edilirdi. “Qara şineyvaz” və “Ağ şineyvaz” kimi sortları isə qabığının qalınlığına görə uzun müddət saxlamaq mümkün olurdu, hətta qışın ortalarına kimi bu sort qovunlar adi şəraitdə xarab olmadan qalırdı.
    Son olaraq müsahibimiz uzun illərdir, qazandığı təcrübəsinə söykənərək bu bostan bitkisinin insan sağlamlığına olan faydalarından da danışdı: – Hər bir kəs qovunla yanaşı, digər bostan məhsullarını alarkən də diqqətli olmalıdır. Qovunlar təzə, təmiz, sağlam, rəngi və forması öz sortuna müvafiq olmalıdır. Alıcıların əksəriyyəti təcrübəsizlikdən hamar qovunların şirin olduğunu güman edirlər. Əslində isə üstü torabənzər, qəhvəyi şaxələri olan qovunlar daha şirin və keyfiyyətli olurlar. Yaxşı qovunun necə seçilməsinə gəlincə deyirlər ki,  ən gözəl məhsula insana rahatlıq gətirən özünəməxsus iyi, bu torpaqların bərəkəti, saf suları, insanların zəhməti hopur. Lap əvvəllər ağbirçək nənələrimiz xalq təbabətinə istinad edərək qovunun dənələrini və qabığını qaynadıb suyunu xəstə olanlara, həzm prosesi zamanı əziyyət çəkənlərə, ağciyərdə nasazlığı olanlara içirərdi. Çünki o, mədə-bağırsaq xəstəliklərinin, həm də tənəffüs yolu problemlərinin qarşısını alır. 
    Təsərrüfatçının fikirlərinə əlavə edərək bildirək ki, bu gün tutma üsulu ilə yetişdirilən Şahtaxtı qovununun əkilməsi qədər, onun genefondunun qorunması da olduqca mühüm amildir. Sevindirici haldır ki, indi Şahtaxtı kəndindəki onlarla təsərrüfatda bu qovun növü yetişdirilir. Ümid edirik ki, gələcək illərdə Şahtaxtı qovununu yetişdirən təsərrüfatçıların sayı daha da çoxalacaq, halal zəhmət tələb edən bu işə maraq lap da artacaq və əvvəllər olduğu kimi, muxtar respublika bazarları daxil olmaqla diyarımızın hüdudlarından kənarda da Şahtaxtı qovununu daha çox görə biləcəyik:
        Qovundan çox danışdıq...
        Bostançımız da dindi:
        -Şahtaxtı qovunları,
        Bal yox, baldan şirindi!
    Yurdumuzun səfalı təbiəti, münbit torpaqları zəhmətsevər insanların əlində alın təri ilə birləşərək, dadlı-tamlı, can dərmanı olan nemətlər yetişdirir. Bağ-bostanlarımızdan süfrələrimzə təmiz, təravətli, ləziz məhsulları öz zəhmətləri hesabına gətirən təsərrüfatçılarımızla söhbət insanda xoş duyğular, əməyə sevgi yaradır. Arzu edirik ki, bundan sonra da bağ-bağatlarımızdan, süfrələrimizdən bolluq və bərəkət əskik olmasın. 

 Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 27.07.2022 20:11