AZ EN RU

“Cyber Bootcamp” layihəsi həyata keçirilib

Naxçıvan  Dövlət Universiteti, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi və NDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı, Kapital Bank ASC-nin baş sponsorluğu ilə reallaşan düşərgədə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri iştirak edib.

Şərur Olimpiya İdman Kompleksində muxtariyyətin 100 illiyi münasibətilə keçirilən düşərgədə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin müvəqqəti icraçısı Məcid Seyidov, Naxçıvan Dövlət Universitetinin İnformasiya Texnologiyaları şöbəsinin müdiri Hüseyn Əsgərli, Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Rahid Ələkbərli, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Həyətinin sədri Elvin Balacanov, Kapital Bank ASC-nin Korporativ Satışlar Departamentinin Naxçıvan zonası üzrə meneceri Murad Sevdimalıyev, Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin dekanı Cavanşir Zeynalov, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının Hüquqşünası, hüquq üzrə fəlsəfə doktoru Pərviz Raufoğlu, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hüseyn İmanov keçirilən tədbir və düşərgələrin dövrün vacib məsələlərinə həsr olunmasının gələcəyin qurucuları gənclərin inkişafına müsbət təsirindən, dünyada kibertəhlükəsizliyin əsas ixtisaslardan biri kimi ön sıralarda olduğundan və Azərbaycan universitetlərində də bu istiqamətdə mühüm addımların atıldığından danışıblar.

Daha sonra düşərgə təlimlərlə öz işini davam etdirib. 3 gün davam edən düşərgədə iştirakçılara tanınmış mütəxəssislər tərəfindən “Kibertəhlükəsizlik mühəndisliyi”, “Sosial şəbəkələrdə informasiya təhlükəsizliyi”, “Kibertəhlükəsizliyin hüquqi aspektləri”, “Cloud and cloud security”, “İT-ə gedən yol”, “Marketinqdə kibertəhlükəsizlik”, “Sənaye 4.0-da kibertəhlükəsizlik”, “Sosial platformalarda baş vermiş cinayətlər və təhlili”, “Veb proqramlaşdırma və kibertəhlükəsizlik” mövzularında təlimlər keçilib.

Düşərgə müddətində keçirilən simuliyasiya qalibinə Baku IT Academy tərəfindən 1500 manatlıq kurs paketi, bütün iştirakçılara 80% endirim, intellektual yarışın qaliblərinə isə Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən dəyərli hədiyyələr verilib.

Düşərgənin yekununda iştirakçılara sertifikatlar təqdim olunub.

Nəşr edilib : 27.05.2024 15:38