AZ EN RU

Culfalılar da yaz qayğıları ilə yaşayırlar

    Fevralın 25-də Naxçıvan Muxtar Respublikasında təsərrüfat işlərinə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə Ali Məclisin Sədri cənab Vasif Talıbovun verdiyi tapşırıqlar, səsləndirdiyi fikirlər bir daha sübut edir ki, diyarımızda bu sahədə atılan müxtəlif istiqamətli addımlar böyük canlanmaya gətirib çıxarıb, həyata keçirilən genişmiqyaslı tədbirlər real nəticələr verib. Həmin reallıqların nəticəsidir ki, bu gün muxtar diyarımızda kənd təsərrüfatı məhsullarının bolluğuna nail olunub. Bu isə, nəticə etibarilə, süfrələrimizin zənginliyi deməkdir.
    İlin bu vaxtında diyarımızın bütün kənd yaşayış məntəqələrinin əkin sahələrində zəhmət adamları əlverişli hava şəraitindən səmərəli istifadə edir, aqrotexniki tədbirlər həyata keçirir, əkinlərin ziyanvericilərdən qorunması üçün sahələrə gübrə verilir, zəmilər alaqlardan təmizlənir. 
    Culfa rayonunun sakinləri də məhsul bolluğu yaradılmasında fəallıq göstərirlər. Taxılçılıq muxtar respublikada üstünlük təşkil edən sahədir. Rayonun münbit torpaqları da taxılçılıq üçün xeyli əlverişlidir. Bölgədə zəngin taxılçılıq ənənələrinin yaradılması və yaşadılması da davamlı xarakter alan dövlət qayğısı ilə bağlıdır. Cari ildə də bu sahəyə maraq göstərənlər çoxdur. Belə ki, 250 hektardan çox sahədə şum qaldıran rayonun torpaq mülkiyyətçiləri indiyədək həmin sahələrin 190 hektarında yazlıq əkin aparıblar. Əkilən sahənin 90 hektara yaxını arpadır. Əkin sahələrində məhsuldar toxum sortlarından istifadə edən mülkiyətçilər alın təri axıtdıqları şum qaldırılmış sahələrin 1 hektardan çoxunda kartof, 1 hektardan çoxunda sarımsaq, 6,5 hektar qarğıdalı,   5 hektara yaxın sahədə soğan,  5 hektarda noxud, 30 hektar sahədə isə bostan bitkiləri əkiblər. 
    Bu gün sahələrdə həm də suvarma işləri görülür, eyni zamanda payızda əkilmiş taxıl sahələrində alaq otlarına qarşı kimyəvi mübarizə tədbirləri aparılır. Qeyd edək ki, bölgədə heyvandarlığı inkişaf etdirmək məqsədilə həyata keçirilən tədbirlər cari ildə də davam etdirilir. Qüvvəli yem ehtiyatı yaratmaq üçün torpaq mülkiyyətçiləri 60 hektar sahədə çoxillik əkmələr də aparıblar. Rayon İcra Hakimiyyətindən aldığımız məlumata əsasən deyə bilərik ki, cari təsərrüfat ilində əkinçilik təsərrüfatlarında bu günədək görülən işlər culfalı torpaq mülkiyyətçilərinə xeyli gəlir gətirəcək. Kırna kəndində noxud əkini həyata keçirən təcrübəli təsərrüfat adamı Həsən Məmmədov deyir ki, noxudun əkilməsinin tam zamanıdır. Bu bitki istilik və quraqlığa davamlılığı ilə yanaşı, yüksək şaxtaya dözümlülüyü ilə də seçilir. Ona görə də, hətta qar yağsa belə, bunun bitkiyə heç bir mənfi təsiri yoxdur. 
    Rayonun iri yaşayış məntəqələrindən biri olan Yaycıda da təsərrüfat işləri günü-gündən sürətlənir, əkin sahələrində canlanma günbəgün artır. Kəndin zəhmətkeş təsərrüfat adamları daha çox gəlirgətirən kartof, soğan və sarımsaq əkini aparırlar. Ötən təsərrüfat ilində bol məhsul əldə edən təsərrüfat adamı Əfqan Quliyev bu il də soğan əkininə üstünlük verib. Qeyd edək ki, muxtar respublikamızda bu kənddə yetişdirilən soğan adla deyilir. Əvvəllər bu qiymətli tərəvəz bitkisi daha çox həyətyanı sahələrdə əkilir, istehlak məqsədi daşıyırdı. Yaycının təsərrüfat adamları muxtar respublikamızda tərəvəzçiliyin inkişafına göstərilən dövlət qayğısından bəhrələnərək pay torpaqlarında da soğan əkinini genişləndiriblər. 
    Yaz əkinlərində əsas yerlərdən birini qarğıdalı tutur. Bu məhsuldar bitkinin əkilməsinə təsərrüfat sahibləri tərəfindən maraq ildən-ilə artır. Qeyd edək ki, bu il rayonun Camaldın, Gülüstan, Ərəzin və Bənəniyar kəndlərində 6,5 hektar ərazidə qarığıdalı əkini aparılıb. Əkin sahəsinin 2 hektarını qarğıdalı üçün ayıran təsərrüfatçı Qasım Babazadə deyir ki, qarğıdalı əkinlərinin həyata keçirilməsində və əkinlərə aqrotexniki qulluğun göstərilməsində dövlət fermerlərə hərtərəfli dəstək göstərir. Uzunmüddətli güzəştli kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası ilə təminat təsərrüfat sahiblərinin əkinçiliyə marağını daha da artırıb. 
    Yaz əkininin mütəşəkkil şəkildə keçirilməsi, təbii ki, gələcək məhsulun bolluğundan xəbər verir. Bunu culfalı torpaq mülkiyyətçiləri dərindən dərk edirlər. Onların lazımi texnikalar, ehtiyyat hissələri, gübrə və əkin üçün lazımi ehtiyaclarla təmin olunması da belə deməyə əsas verir ki, 2022-ci il də rayonun torpaq mülkiyyətçiləri üçün uğurla başa çatacaq. 

Gülcamal TAHİROVA

Nəşr edilib : 07.04.2022 20:26