AZ EN RU

Culfalı taxılçılar razılıq edirlər

    Taxılçılıq muxtar respublikada inkişaf etdirilən mühüm kənd təsərrüfatı sahələrindəndir. Culfa rayonunda da bu sahənin inkişafı diqqət mərkəzində saxlanılır. Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, cari ilin məhsulu üçün 2022-ci ilin payızında 2084,25 hektar sahədə taxıl əkilib. Onun 1184,35 hektarını buğda, 899,9 hektarını isə arpa təşkil edir. Hazırda sahələrdə taxıl biçini davam edir. Belə ki, bu günədək 1015 hektardan çox sahədə biçin aparılıb. Biçilən sahələrdən 1535 ton məhsul əldə edilib, bunun 975 tonunu buğda, 560 tonunu isə arpa təşkil edir. Artıq rayonun Yaycı, Dizə, Gülüstan kəndlərində biçin işlərinə yekun vurulub. Kırna, Qızılca, Camaldın, Saltaq, Bənəniyar, Gal kəndlərində isə yekunlaşmaq üzrədir.  Biçinə isə, ümumilikdə, 19 kombayn cəlb olunub ki, bunlardan 17-si fiziki şəxslərə, 2-si isə Aqrolizinq  Açıq Səhmdar Cəmiyyətinə məxsusdur. 
    Builki məhsuldan razılıq edən təsərrüfatçılarımız ötən illə müqayisədə əkin-biçin işlərinin uğurla həyata keçirildiyindən bəhs etdilər.  Yaycı kəndindən olan təsərrüfatçı Adil İbrahimov bildirdi ki, ötən il 2,3 hektar sahədə əkin aparmışdı, bu il isə mövcud imkanlardan yararlanaraq əkin sahəsini 11 hektara çatdırıb. Yaycı kəndindən olan digər torpaq mülkiyyətçisi Məhəmmədəli Abbasov isə ötən il 8,5 hektar, bu il isə 10,6 hektar ərazidə taxıl yetişdirdiyini bildirdi. Təsərrüfatçılar taxıl biçinində heç bir çətinliklə qarşılaşmadıqlarını, biçini vaxtında başa çatdıracaqlarını dedilər. Bunu da qeyd edək ki, tədarük olunan taxıl məhsulları Naxçıvan şəhərindəki taxıl məntəqələrində dəyəri nağd şəkildə ödənilməklə qəbul edilir. Buradan isə o nəticəyə gəlmək mümkündür ki, taxılçılar tezliklə çəkdikləri zəhmətin bəhrəsini görəcəklər. 

Aidə İBRAHİMOVA

Nəşr edilib : 03.07.2023 20:22