AZ EN RU

Culfa torpağının rəmzi: Əlincəçay

    Təbiət və insan! Bu sonsuz, əbədi münasibətin yaşı bilinmir. Təbiət insanın əzəl dünyası, ömür yoludur. Təbiət anadır, sevgidir, sevincdir. Təbiət müqəddəs dünyamızdır – hamımızındır...
    Culfa rayonunun təkrarolunmaz təbiət mənzərələri, tarixi abidələri sırasında adı dillərə dastan olan bir çay var ki, gözəllik simvolu, ruzi-bərəkət rəmzidir. Başlanğıcını uca dağların sinəsində daim qaynayan şəffaf, buz kimi soyuq sulu bulaqlardan götürən və hündür aşırımlardan çağlaya-çağlaya kükrəyib axan bu çayın adı Əlincəçaydır. Sıldırım, yalçın qayaların zirvəsində qartalların qanad çalıb süzdüyü əzəmətli Əlincəqala ilə eyni adı daşıyan bu çay lap qədimlərdən burada yaşayan insanların su ilə təminatında həyat mənbəyi rolu oynayıb. Əlincəçaydan bu gün də rayonun su təchizatında geniş istifadə olunur. Çayboyu yerləşən kəndlərimizdə bağlar, bostanlar, tarlalar, min hektarlarla əkin sahələri bu çayın suyu ilə suvarılır.

     Başlanğıcını dəniz səviyyəsindən 2800 metr hündürlükdə yerləşən Zəngəzur silsiləsindəki Dəmirli dağlarının yamacından götürən Əlincəçay Xəzinədərə və Ləkətağ çaylarının suyu ilə qidalanaraq Araz çayına qədər uzanır. 
    Gurultulu, şən nəğmə kimi dağların qoynundan axıb gələn, torpağımıza, həyatımıza, yaşayışımıza can verən çayboyunca rayonumuzun 16 kəndi yerləşir. Demək olar ki, bu kəndlərin hər birində olmuşam. Doğma təbiətimizə xüsusi yaraşıq verən Əlincəçay bu yerlərin pənahı, torpaqların yaşam mənbəyidir. Bu çay yayın qızmar istisində də, qışın soyuğunda da zümzüməylə axır, insanların həyatında ümid şöləsinə çevrilir. “Kitabi-Dədə Qorqud” dastanında Qazan xanın dediyi kimi: “Su haqq didarını görmüşdür, qoy yurdumu sudan xəbər alım”. 

    İlin bütün fəsillərində, xüsusən yaz aylarında Əlincəçay gözəlliyə meydan oxuyur, sözdən, heyrətdən, hətta nəğmə harayından yüksəkdə dayanan bir möcüzəyə dönür. Bu dağlara, yaşıl örpəyə bürünmüş geniş taxıl zəmilərinə, bağ-bağata baxdıqca Əlincəçay daha da ilhamlanır, məcrasına sığmır, aşıb-daşır, ətrafa həyat bəxş edir. Hərdən gur, hərdən də sakit axan çayın suyu hər iki sahilini otlaqlara, yaşıllıqlara bürüyür.
    Çay kənarı ilə addımladıqca bu yerlərin təbiətinin qeyri-adiliyi, ağıla sığmayan, xəyala gəlməyən möcüzələri, əcdadlarımızın pənahı, tükənməyən var-dövləti, min hikməti, bir sözlə, sirri açılmayan, söylənməmiş min mətləbi yada düşür. Qarşıda isə hər daşında tarix yaşayan arxalı dağlar görünür, insanın ürəyini pərvaz edir. Buludsuz, ucsuz-bucaqsız, gömgöy səma sanki əbədiyyət tablosudur. Min illərdir, insanı düşündürür, heyrətləndirir...Və bir qədər aşağıda göy üzünə şişlənən dağların qarlı zirvələrindən sanki sonsuzluğun davamı kimi bir irmaq baş alaraq yola çıxar. Əlincəqaladan, Haçadağdan qanadlanan qartalın nəhəng kölgəsi hərdən bu çayın üzündə qanad çalmadan süzər, sonra yox olub gözdən itər. Bizim dağların gözəl, Əlincəçay adlı mələk qızı gah sakit-sakit ləpələnib axar, gah da sıldırım qayaların dibindən qıvrılıb irəli şığıyar. Az keçər, çox keçər bir genişliyə çatıb sakitləşər. Bir çox kəndlərimizin geniş çöllərini öpüb sığallayar, oxşayar... torpağa can gələr, bərəkət gələr. Bu yerdə isə şair dostum Qafar Qəribin şeiri yada düşər:

    Dəmirlinin bulaqları qaynağın,
    Yenə coşub-çağlayırsan bu bahar.
    Səsin qulağımda nəğməyə dönür,
    Belə gözəl şərqi, söylə, harda var?

        Ləkətağda, Ərəfsədə, Milaxda
        Can verirsən, bar verirsən torpağa. 
        Əliaçıq tanıyıram səni mən,
        Səxavətin var, verirsən torpağa.

    Sən bizim kəndlərin sərvəti, varı.
    İllərdir, laylatək nəğmə deyirsən
    Qazançı körpüsü, Culfa səmtinə,
    Əlincə, Xoşkeşin, Saltaq kəndinə.

    Bu mənzərə insanın təbiətə büsbütün qovuşduğu bir möcüzədir. Əlincəçay isə bu günə kimi görmədiyi gözəlliklər qarşısında sanki valeh olmuş, axarını saxlamış, bu yurdun qoynunda ucalan gözəlliklərdən ilhamlanaraq həzin-həzin oxuyur firavan həyatın, qayğısız günlərin xoş nəğməsini...
    Əlincəçay boyunca irəlilədikcə gözəl mənzərələr əvəz edir. Əlincəçayın sahilində yerləşən kəndlərin gözəlliyi göz oxşayır, yuxarı qalxdıqca sərin meh qoynumuza dolur, ürəyimizə təravət bəxş edir. Çayın sahilləri boyunca düzülən Camaldın, Ərəzin, Qızılca, Əbrəqunus, Kırna, Göydərə, Saltaq, Bənəniyar kəndləri bir-birini arxada qoyur. Ətrafda Xoşkeşin, Əlincə, Xanəgah, Qazançı, Milax, Ərəfsə kəndləri görünür. Kəndlər abad, yaraşıqlı, insanlar isə şən, firavan... Haradansa, lap uzaqlarda qızılgülün həsrəti ilə ara-seyrək bülbülün nəğməli səsi gəlir. Xəyalı coşduran, ruhu qidalandıran bülbülün Vətən nəğməsi, avazlı səsi... 
    Göz işlədikcə uzanan taxıl zəmiləri, yaşıllıqlar, bağlar, dərələr, zirvələr qəlbə fərəh, gözə nur çiləyir. Səmanın maviliyi, genişliyi, aydınlığı da bir ayrı aləmdir. Xanəgah kəndində körpünün üstündə dayanıb Əlincəçayın şıltaq ləpələrinə baxıram. Düşüncəm məni tarixin dərinliklərinə, çox-çox uzaqlara aparır. Bu yerdə məğrur qayaların, səngər qalaların laylasını sanki Əlincəçayı çalır. Bu çayın üstündə Nəiminin ruhu gəzir. Gözümün önündə Əlincəqalanın alınmazlığı, məğrurluğu canlanır.
    Bu yerlərdə Əlincəçay həyatdır, könül xoşluğu, ürək rahatlığıdır. Əlincəçay bu yerlərin təbiətinə yaraşıq verən, havasını saflaşdıran, təmizləyən, bol-bəhrəli taxıl zəmilərini, bağ-bağatı cana gətirən bir dünyadır. Rayonumuzun ərazisində yerləşən Bənəniyar Su Anbarını, Qazançı gölünü bol su ilə təmin edən, min hektarlarla ərazinin, əkin sahələrinin suvarılmasında mühüm rol oynayan Əlincəçay ətraf kəndlərin içməli suya olan tələbatında da mühüm rol oynayır. Əlincəçay vadisindən Xoşkeşin, Göydərə, Saltaq, Əlincə və digər kəndlərə kaptaj üsulu ilə çəkilmiş içməli su xətləri bu yurd yerlərində məskunlaşan insanların məişət şəraitinin yüksəldilməsinə, içməli və suvarma suyu ilə təminatının yaxşılaşmasına xidmət edir. 
   Əlincəçayın suyu ilə Kırna, Saltaq və Camaldın kəndlərində tarixən mövcud olmuş və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə yenidən həyata vəsiqə alan su dəyirmanları da fəaliyyət göstərir.
     Əlincəçay üzərində tarixə şahidlik edən XVII əsrin tarixi abidələri – Qazançı və Ləkətağ körpüləri də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə bərpa olunub, tarixin bu yadigarları həyata yenidən vəsiqə alıb. 
    Budur! Əlincəçayla sağollaşıram. Dağlar, adından ad almış Əlincə kəndi, Əlincə qalası arxada qalır. Ancaq nəğməkar çayın səsi hələ də qulağımdadır. Bu yerlərdən ulu bir mahnı kimi axıb keçən Əlincəçayın nəğməsinə bu yerlərin zəhmətkeş insanları da səs verər və bu səs xeyir-bərəkət, bolluq və firavan həyatın səsidir...

Alim AĞAYEV
“Arazın səsi” qəzetinin redaktoru

Nəşr edilib : 04.07.2022 19:02