AZ EN RU

Culfa şəhərində icra hakimiyyəti üçün yeni inzibati bina tikilir

    Muxtar respublikanın davamlı sosial-iqtisadi inkişafı Culfa rayonunu da yeni inkişaf mərhələsinə çıxarıb. Son illər bu bölgədə də həyata keçirilən abadlıq və quruculuq işləri hesabına rayon görkəmini dəyişib, abad, yaraşıqlı və gözəl yaşayış məntəqələrindən birinə çevrilib. Bu il də rayonda geniş quruculuq işləri aparılır, yeni inzibati binalar və sosial obyektlərin tikintisi davam etdirilir.
    Yeni quruculuq ünvanlarından biri Culfa Rayon İcra Hakimiyyəti üçün tikilən inzibati binadır. Binanın tikintisinə ötən ilin sonlarından başlanılıb. Ulu öndərimiz Heydər Əliyevin adını daşıyan prospektdə inşa olunan yeni bina zirzəmi ilə birlikdə beş mərtəbədən ibarət olacaq. Binanın tikintisi Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Culfa Rayon İdarəsinin inşaatçılarına həvalə edilib. Keyfiyyət amilinə xüsusi diqqət yetirən inşaatçılar zirzəmidə və  binanın birinci mərtəbəsində əsas divarların tikintisini başa çatdırıb, ikinci mərtəbənin qəlib-beton işlərinə başlayıblar.

Alim AĞAYEV

Nəşr edilib : 26.05.2022 20:08