AZ EN RU

Culfa rayonunda “Aquamarine Fish House” istirahət mərkəzi istifadəyə verilib

Azərbaycanın ümumi tərəqqisi regionlarımızın ahəngdar inkişafından, sosial-iqtisadi və mədəni həyatda əldə olunan nəticələrdən, bölgələrdə həyata keçirilən layihələrdən çox asılıdır. Təsadüfi deyil ki, muxtar respublikada da  yeni müəssisələrin, o cümlədən turizm-istirahət məkanlarının açılışı, yeni obyektlərin təməlinin qoyulması diqqət mərkəzində saxlanılır.

Bu məqsədlə mayın 15-də Culfa rayonunun Ərəfsə kəndində “Aquamarine Fish House” ailəvi istirahət mərkəzi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Culfa rayonunda yerləşən yeni xidmət sahəsinin fəaliyyətə başlaması münasibətilə kollektivi təbrik edib, yaradılan şəraitlə tanış olublar.

Diqqətə çatdırılıb ki, 4 min kvadratmetr ərazidə özünəməxsus üslubda inşa olunan istirahət mərkəzinin yaradılmasına 500 min manatdan çox vəsait sərf olunub. 2 min kvadratmetr sahədə tikinti işləri aparılıb, 100 min manat dəyərində yerli istehsal avadanlıqları ilə yanaşı, Türkiyə və İran mənşəli avadanlıqlar quraşdırılıb. Tikinti işlərinə 401 min manat vəsait sərf olunub.

Mərkəz üçün sahəsi 100 kvadratmetr olan kafe, 8 ədəd kabin, qonaqların istirahəti üçün 9 yerlik söhbətgah (besetka), uşaqlar üçün əyləncə sahəsi, mətbəxt, iş otağı və digər köməkçi sahələr yaradılıb.

Canlı musiqi, milli mətbəxtimizin ləziz yeməklərinin təqdim edildiyi mərkəzdə eyni vaxtda 300 nəfərə yüksək səviyyəli xidmət göstərmək  mümkündür.

Qeyd edilib ki, Mərkəzdə 21 nəfərlik personalın çalışması həm regionlarda  yeni iş yerilərinin açılması, həm də buradakı əhalinin rifahının yüksəldilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Mərkəzdə işıqlandırma sistemi, Wi-Fi, daxili rabitə və  bir ədəd transformator quraşdırılıb, ərazi abadlaşdırılıb. Eyni zamanda müəssisənin su ilə təmin olunması məqsədilə 400 metr uzunluğunda su xətti çəkilib, suyun keyfiyyətinin yaxşılaşdırılması üçün filtr sistemi quraşdırılıb. Müəssisənin ərazisində sahəsi 870 kvadratmetr olan hovuza 1000 farel balığı buraxılıb.

Təmiz hava və füsunkar mənzərəyə malik “Aquamarine Fish House” ailəvi istirahət mərkəzi yerli və xarici turistlərin sevimli əyləncə və istirahət məkanına çevriləcək. Bu obyektin istifadəyə verilməsi Naxçıvanın turizm potensialını artırmaq və şəhərimizə gələn qonaqların istirahətini mənalı təşkil etmək və məşğulluqda turizm sektorunun payının artırılmasında mühüm əhəmiyyət daşıyır.

Naxçıvan Muxtar Respublikası 
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

 

Nəşr edilib : 17.05.2023 18:05