AZ EN RU

Culfa rayonunda 25 məktəbdən 19-u muxtar respublika üzrə orta göstəricidən yüksək nəticə əldə edib

    2021-2022-ci tədris ili üzrə Culfa Rayon Təhsil Şöbəsinin tabeliyində olan təhsil müəssisələrinin məzunlarından 238-i tələbə adını qazanıb. Uğurlu nəticə göstərən məktəblərin mükafatlandırılması ilə bağlı tədbir keçirilib. 
    Tədbiri giriş sözü ilə açan Culfa Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev qeyd edib ki, muxtar respublikada aparılan uğurlu təhsil siyasəti təhsilin keyfiyyətinə birbaşa təsir göstərən əhəmiyyətli amildir. Bu tədbirlərin sayəsində ümumi təhsil üzrə keyfiyyət göstəricilərində, xüsusilə də buraxılış imtahanları və ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrində irəliləyişlər müşahidə edilməkdədir. 
    Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, muxtar respublikamızda təhsilə göstərilən yüksək dövlət qayğısının nəticəsində ötən tədris ilində imtahanda iştirak edən məzunların 76 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olub. 
    Nazir təhsilə göstərilən dövlət qayğısı sayəsində Culfa  rayonu ərazisində yerləşən bütün ümumtəhsil müəssisələrinin yenilənən infrastrukturu haqqında ətraflı məlumat verib. 
    Qeyd olunub ki, müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqələrdə son 4 ildə Culfa rayonunun ümumtəhsil məktəblərinə təyin olunan gənc kadrlardan 64-ü müəllim kimi fəaliyyətə başlayıb, 25-i isə müxtəlif vəzifələrə təyin olunub.
    Bildirilib ki, ötən tədris ili üzrə Culfa rayonunun ümumtəhsil məktəblərindən 283 məzun ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak edib, onlardan 238-i, yaxud 84 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olub. 2021-2022-ci tədris ilində muxtar respublika üzrə 47 məktəb ali və orta ixtisas təhsil müəssisələrinə qəbulun nəticələrinə görə 100 faiz nəticə göstərib ki, onlardan da 11-i Culfa Rayon Təhsil Şöbəsinin tabeliyində olan məktəblərdir. 32 məzun 500-700 arası nəticə göstərib, 5 məzun “Gümüş” nişana, 2 məzun isə fərqlənmə attestatına layiq görülüb. 15 şagird 2021-2022-ci tədris ilində keçirilən olimpiada və müsabiqələrin qalibi olub.
    Culfa rayonunda fəaliyyət göstərən 25 məktəbdən 19-u qəbul nəticələrinə görə muxtar respublika üzrə orta göstəricidən yüksək nəticə əldə edib. 
    Təhsil naziri qazandıqları uğurlu nəticəyə görə Culfa Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərinə təşəkkürünü bildirib. 
    Sonra Culfa Rayon Təhsil Şöbəsinin müdiri Mehdixan Əliyev çıxışında vurğulayıb ki, təhsil müəssisələrində yaradılan şəraitin təhsilin yüksəlməsinə və uğurlu nəticələrin qazanılmasına birbaşa təsir etdiyini vurğulayıb, bu qayğıya görə dövlətimizə minnətdarlıq edib. 
    Sonda ötən tədris ilində keçirilən qəbul imtahanlarında əldə etdikləri uğurlu nəticələrə görə, Culfa şəhər 2, Yaycı kənd 1 və 2 nömrəli, Saltaq, Milax, Ərəfsə, Xanəgah, Göydərə, Kırna, Camaldın, Ləkətağ, Qazançı, Boyəhməd, Teyvaz, Qızılca, Xoşkeşin, Şurud, Əbrəqunus, Gülüstan kənd tam orta məktəblərinə diplomlar təqdim edilib. 

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 14.11.2022 19:57