AZ EN RU

Culfa rayon məktəbliləri ilə görüş

    Fevralın 10-da Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev ilə Culfa Rayon Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin görüşü keçirilib.
    Təhsil Nazirliyi aparatının sektor müdiri Mətanət Əliyeva tədbiri açaraq qeyd edib ki, görüşün keçirilməsində məqsəd alimlərin məktəblə əlaqələrinin möhkəmləndirilməsi, maarifləndirmə işlərinin genişləndirilməsi, eləcə də məktəblilərin еlmə olan marağının аrtırılmаsı və onların müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsıdır. 
    AMEA-nın həqiqi üzvü İsmayıl Hacıyev şagirdlərlə görüşdə 98 il bundan əvvəl Naxçıvan Muxtar Respublikasının yaradılması zərurəti ilə bağlı, Naxçıvan tarixinin muxtariyyət dövrü haqqında geniş məlumat verib. Şərqin qapısı adlandırılan Naxçıvanda XIX əsrin 20-ci illərindən başlayan ictimai-siyasi proseslər, savadsızlığın aradan qaldırılması, mədəni inqilabın həyata keçirilməsi, Naxçıvan üçün mühüm tarixi əhəmiyyətə malik Qars müqaviləsinin imzalanması və sair hadisələr haqqında məlumatlar şagirdlərin diqqətinə çatdırılıb. Akademik XX əsrin 90-cı illərində Naxçıvanın çətin müharibə şəraitində ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə muxtar respublikanın blokada vəziyyətində necə mübarizə aparmasından, əhalinin sosial-iqtisadi durumunun yüngülləşdirilməsi üçün qonşu dövlətlərlə diplomatik danışıqlarının əhəmiyyətindən bəhs edib. Vurğulanıb ki, yalnız 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən ümummilli lider Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində muxtar respublikada sabitlik təmin edildi, həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində Naxçıvanda sabitlik, tərəqqi və həmrəylik təmin olundu. Milli quruculuq siyasəti bu gün muxtar respublikamızda ulu öndərin layiqli davamçısı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən uğurla davam etdirilir. 
    Qeyd olunub ki, Prezident, Ali baş komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun  44 günlük Vətən müharibəsində qazandığı misilsiz qələbənin də Naxçıvan tarixində əhəmiyyətli rolu vardır. qədim İpək yolunun üzərində yerləşən Naxçıvanın gələcək inkişafında mühüm rol oynayacaq Zəngəzur dəhlizinin açılması bu inkişafı sürətləndirəcəkdir. Hadisələrin tarixi inkişafı  göstərir ki, Azərbaycan və Naxçıvan etibarlı əllərə əmanət edilib.
    Görüşdə şagirdlər qonağa çoxsaylı suallar ünvanlayıblar.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 10.02.2022 20:04