AZ EN RU

Çoxəsrlik dövlətçilik ənənələri olan ulu diyar – Naxçıvan

Naxçıvan muxtariyyət tarixinin ən şanlı və əlamətdar dövrünü yaşayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2023-cü il 30 dekabr tarixdə imzalanmış “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamda deyilir: “Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamışdır. Naxçıvan şəhəri Azərbaycan Atabəyləri – Eldəgizlər dövlətinin paytaxtı olmuş, İslam sivilizasiyasının mühüm elm, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri kimi geniş şöhrət tapmışdır. Bünövrəsi Əcəmi Naxçıvani tərəfindən qoyulmuş memarlıq məktəbinin günümüzədək gəlib çatan yadigarları indi də Naxçıvanın görünüşünə xüsusi rəng qatır. Naxçıvan əsrlər boyu yetirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə töhfələr vermişdir”.

1990-1993-cü illərdə çətinliklərlə qarşılaşan, erməni basqınları ilə üzləşən Naxçıvan Muxtar Respublikası Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qorunmuş və inkişafı təmin edilmişdir. Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi dövrdə Naxçıvanla bağlı verdiyi sərəncamlar, bu diyara tarixi səfərləri, muxtar respublikanın 75 illik yubileyinin qeyd olunması, muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsi və həlli vacib olan digər məsələlərin həyata keçirilməsi Naxçıvanın hərtərəfli inkişafını təmin etmişdir.

 “Naxçıvanın qədim dövlətçilik tarixi vardır. Bu, Azərbaycanın dövlətçilik tarixidir”. Ulu Öndərin Naxçıvana verdiyi bu qiymət qədim yurdumuz haqqında ən dəqiq və tarixi gerçəklikləri özündə ehtiva edən bir qiymətdir. Tarixin bütün dönəmlərində qoca Şərqin qapısında məğrur dayanan, bir neçə dövlətlə həmsərhəd olan Naxçıvan öz tarixi keçmişi, yeraltı və yerüstü sərvətləri, dahi şəxsiyyətləri ilə tanınıb. Bu gün blokada şəraitində olmasına baxmayaraq, qurub-yaradan, inamla irəli addımlayan qədim yurd yerimiz özünün yeni inkişaf mərhələsini yaşayır. Azərbaycan dövlətçiliyinin intişar tapdığı, son illərdə keçdiyi sürətli inkişaf yolu ilə, doğrudan da, dövlətçiliyin beşiyi olduğunu sübut edib.

Ulu Öndər deyirdi ki, Naxçıvan 3500 il tarixi olan Azərbaycan torpağıdır. Bu tarix çox zəngin hadisələrlə doludur. Bunların hamısı Azərbaycan üçün Naxçıvanın nə qədər qiymətli olduğunu həmişə göstərib, göstərir və gələcəkdə də göstərəcəkdir... Azərbaycan Respublikasının tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının coğrafi vəziyyəti bu diyarda ölkəmizin torpaqlarının, sərhədlərinin qorunması üçün xüsusi əhəmiyyət kəsb edir. Naxçıvanlılar Ümummilli Liderin bu tövsiyəsinə həmişə sadiqlik göstəriblər. Azərbaycanın müstəqilliyi yolunda yenə də Naxçıvanın dayandığından məmnunluğunu bildirən görkəmli dövlət xadiminin müəyyənləşdirdiyi quruculuq siyasətinə böyük sədaqət və ehtiramı bu gün hər bir sahədə görmək olar.

Şöhrəti özündən çox böyük olan Naxçıvanı 2021-ci il may ayının 10-da buraya növbəti səfərə gələn cənab İlham Əliyev belə xarakterizə edirdi: “Təəssüratlarım çox müsbətdir. Hər zaman Naxçıvanda olanda, burada inkişafı görəndə çox sevinirəm. Bu mənim Naxçıvana 15-ci səfərimdir və hər səfər çərçivəsində bir çox obyektlərin açılışında iştirak edirəm. Naxçıvan sürətlə inkişaf edir”. Belə sürətli inkişafın bəhrəsidir ki, bu gün muxtar respublikanın rayon mərkəzləri, ən ucqar dağ, sərhəd yaşayış məntəqələri qəsəbə timsallıdır və bütün bunlar sosial-iqtisadi inkişafdan soraq verir.

Naxçıvana dahi rəhbər müqəddəs bir yer kimi baxırdı. Naxçıvanlıların ona böyük hörmət, qayğı, məhəbbət göstərmələrini, ən ağır anlarda Onun dayağı olaraq arxasında durmalarını Ümummilli Liderimiz həmişə yüksək dəyərləndirərək deyirdi: “Naxçıvanda doğulmağım, ərsəyə gəlməyim, təhsil almağım mənim üçün əzizdir. Azərbaycana rəhbərlik etdiyim zaman Naxçıvanda quruculuq işlərinin görülməsindəki fəaliyyətim də mənim üçün əzizdir. Ancaq mənim üçün bunların hamısından əziz 1990-cı ildən 1993-cü ilə qədər burada sizinlə bir yerdə yaşamağım, işləməyim olubdur”.

Hər bir naxçıvanlı bilir ki, onun yaşadığı yurd yeri Ulu Öndərin arzuladığı bir məkandır və bununla həm də qürur duyur ki, bu gün Naxçıvanda böyük quruculuq potensialı var və bu potensialdan səmərəli istifadə etməklə yeni Naxçıvan qurulub, müstəqil Azərbaycan dövlətinin bir hissəsi kimi gözəlliyə qovuşub.

Respublikamızın hüquq sistemində mühüm yeri və rolu ilə seçilən ədliyyə orqanları da mövcudluğunun bütün mərhələlərində xalqa və dövlətə layiqli xidməti özünün əsas fəaliyyət prinsipinə çevirmiş, vətəndaşların qanuni mənafelərini hər zaman uca tutmuşdur. Yaranmasının 100-cü illiyini qeyd etdiyimiz Naxçıvanda ədliyyə orqanları da tarixin sərt sınaqlarından üzüağ çıxaraq qarşısında duran vəzifələri şərəflə yerinə yetirmiş və müstəqil respublikamızın mühüm dövlət təsisatlarından birinə çevrilmişdir. Azərbaycanda digər sahələrdə olduğu kimi, ədliyyə sistemində də ardıcıl, sistemli islahatların aparılması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin misilsiz xidmətləri ilə bağlıdır.

İnsan amilini daim uca tutan Prezident cənab İlham Əliyevin vətəndaş məmnunluğuna xidmət edən siyasətinin mahiyyətinə uyğun olaraq milli ədliyyə sistemi yeni dövrün çağırışlarına uyğun müasirləşdirilir, ədliyyə orqanlarının fəaliyyətində elektron xidmətlərin, müasir texnologiyaların və innovasiyaların tətbiqi xüsusi diqqət mərkəzində saxlanılır.

Azərbaycan Respublikasında aparılan ardıcıl hüquqi islahatlar, eləcə də ədliyyə sisteminin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin fəaliyyətinin də müasir çağırışlara uyğun qurulmasını təmin edir. Prezident cənab İlham Əliyevin siyasi iradəsi ilə reallaşdırılan əsaslı islahatlar çərçivəsində 2022-ci il 22 dekabr tarixdə “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında Əsasnamə”nin təsdiqi və səlahiyyətli nümayəndəlik institutunun təsis edilməsi qısa müddətdə öz müsbət nəticələrini vermiş, digər sahələr kimi, Naxçıvan Muxtar Respubkikası Ədliyyə Nazirliyinin fəaliyyətində də əsaslı islahatlara, innovativ yeniliklərin tətbiqinə imkan yaratmışdır.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi fəaliyyətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli ədliyyə sistemi qarşısında müəyyənləşdirdiyi strateji vəzifələrə uyğun quraraq vətəndaş məmnunluğunun təmini istiqamətində bütün zəruri tədbirləri reallaşdırmağa çalışır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə qazanılan həlledici uğurlar, eyni zamanda ərazi bütövlüyümüzün, suverenliyimizin təmini ölkəmizin daha sürətli tərəqqisinə, qarşıya qoyduğu strateji hədəflərə doğru inamla irəliləməsinə, inkişaf etmiş ölkələrlə bir sırada dayanmasına etibarlı təminat yaradır.

Naxçıvan bu gün Ulu Öndərin arzuladığı Naxçıvandır. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2023-cü il 30 dekabr tarixdə imzalanmış “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam isə Naxçıvana daha böyük uğurlar vəd edir. Sərəncamda deyilir: “Naxçıvanın davamlı inkişafında Ümummilli Lider Heydər Əliyevin böyük xidməti vardır. Ulu Öndər hakimiyyətə gəldiyi vaxtlardan etibarən daim Naxçıvanı diqqətdə saxlamış, muxtar respublikanın gələcəyi ilə bağlı ən vacib qərarların təşəbbüskarı olmuşdur.

Məhz Heydər Əliyevin uzaqgörənliyi sayəsində 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət rəmzi olaraq qəbul edilməsi dövrün mürəkkəb ictimai-siyasi proseslərinə həlledici təsir göstərmiş və Azərbaycanı müstəqilliyə sürətlə yaxınlaşdırmışdır”.

Bu Sərəncam dövlətçiliyimizin intişar, taleyüklü məsələlərin həllini tapdığı, blokada şəraitində yaşayan Naxçıvana böyük diqqət və qayğının daha bir ifadəsidir.

Süleyman İMANOV

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı

         

Nəşr edilib : 08.05.2024 15:08