AZ EN RU

Çox vətənpərvər ruhlu idi

Ərtoğrul Hümbət oğlu Nadirli

31.03.1997-02.10.2020

Cəmi 23 il yaşadı. Bu qısa ömür şərəfli oldu. Çox şey danışa bilərəm. Ancaq ondan danışmaq çox çətindir. O da var ki, bu, Allahın qismətidir. Bu şəhidlik zirvəsi də hər adama qismət olmaz. Hər kəs istəyər ki, bu ali mərtəbəyə yüksəlsin. Mənim balam da bu ali mərtəbəni qazandı. Düzdür, bizim üçün çox ağırdı, acılıdı. Amma təsəllimiz Ərtoğrulumuzun qəhrəman olmasıdır.

Ərtoğrul çox çalışqan uşaq idi. Atası ona böyük şairimiz Hüseyn Cavidin oğlunun adını vermişdi. Çox vətənpərvər ruhlu idi Ərtoğrul. Hər zaman tarixi əks etdirən filmlərə baxırdı. Ərtoğrul 31 mart – Azərbaycanlıların Soyqırımı Günü dünyaya gəlmişdi. Hər zaman bu gün doğulmağını tarixi gün hesab edirdi.
Oğlum balaca vaxtından idmanı sevən uşaq idi. Atası uşaqları təlimə aparır, güllə atdırırdı. Məktəbdə oxuyanda çəkmələrinin içərisinə daş doldurub uzaq məsafəni qaçırdı. Deyirdim ki, Ərtoğrul ayağın yara olacaq. Gülə-gülə deyirdi ki, ana, heç nə olmaz. Hərbi liseydə oxuyurdu. Əlaçı idi. Məzuniyyətə gələrkən vaxtının çoxunu idmana ayırırdı. Bir yerdə dayanmırdı. İdmanın hər növü ilə məşğul olurdu. 
Ərtoğrul üç il Heydər Əliyev adına Hərbi Liseydə, dörd il akademiyada təhsil almışdı. Bir il altı ay xidmətdə oldu. Onunla telefonla danışanda heç vaxt giley etmədi. Deyirdi ki, hər şey qaydasındadır. 
Ərtoğrula bütün dostları “Ərtoğrul şah” deyirdilər. Ərtoğrulun orada etdikləri onun bu adı almasına səbəb olub. Bütün ailəli hərbçilərə köməklik edib. Xidmət etdikləri posta öz vəsaiti hesabına su çəkdirib. Həmin su çəkilən yerdə dostları “Şah sağ olsun” sözlərini yazıblar.
Ərtoğrul Kəlbəcərdə döyüşürdü. 2 oktyabrda şəhid oldu. Telefonla danışdıqda da heç vaxt dilinə gətirmədi ki, biz döyüşdəyik. Sonuncu dəfə danışanda dedi ki, bizi, bəlkə, yuxarı qaldırdılar. Son sözü də elə o oldu. Amma həmin vaxt artıq onlar döyüşürmüşlər. Oktyabrın 23-də Ərtoğrulun nəşi şəhid olduğu yerdən götürülüb.
Nə etmək olar ki... Allah şəhidlərimizin ruhlarını şad, məkanlarını cənnət etsin!

Nəşr edilib : 24.04.2024 10:08