AZ EN RU

Çox sevdiyi bayrağına sarılan şəhid

Zülal Rəhim oğlu Mədətli

14.08.1991-19.10.2020

Zülal balaca vaxtından təbiəti çox sevirdi. Həyətə o qədər ağac əkib ki. Gördüyünüz bütün ağaclar, güllər onun nişanəsidir. Bir az böyüyəndən sonra qəssablıq da edirdi Zülal. Kənddə çox hörməti var idi. Hər kəsə əl tutur, köməklik göstərirdi. Çox yumşaq ürəyi var idi.

Zülal həm də çox vətənsevər uşaq idi. Balaca vaxtından bayrağımızla nəfəs alırdı. O, balaca olanda biz bir müddət Türkiyədə yaşadıq. Orada şəklini çəkəndə tez bayrağa sarılırdı. Balaca vaxtı İran ərazisi ilə Bakıya gedirdik. Bir dəfə Arazın qırağından keçəndə işğal olunmuş torpaqlarımızı ona göstərdim. Dedim ki, bax, ermənilər bizim o torpaqlarımızı işğal ediblər. Orada inəklərini otarırlar. Dedi, ana, qoy mən böyüyüm, gedib o ermənilərin dərsini verəcəyəm. O danaları da kəsəcəyəm. Zülal necə dedisə, elə də etdi. Getdi müharibəyə. Qəhrəmancasına döyüşdü. Onlarla ermənini qanına qəltan etdiyini deyir yoldaşları... Onların inəklərini və heyvanlarını kəsərək ətini əsgərlərə yedirib. Bu hadisələri videoya çəkib mənə göndərmişdi. Bax qisas hissini içində belə böyütmüşdü Zülalım.
Kəndimizdən olan şəhid Aqil İsmayılovun nəşini gətirəndə Zülal kənddə idi. Hələ müharibəyə getmə­mişdi. Aqilin atasına demişdi ki, Əli əmi, mən gedib Aqilin qisasını alacağam. Onun qanını yerdə qoymaram. Dediyi kimi etdi Zülal. Onun döyüşdə necə qəhrəmanlıq göstərdiyini, Aqilin qisasını necə aldığını yoldaşları danışıb.
Mən bu gün fəxrlə deyirəm ki, Zülal Vətən müharibəsində igidlik göstərib, qəhrəmancasına vuruşub. Şəhidlərimizin qisasını alıb. Oğlum təkcə 2020-ci ildəki şəhidlərimizin yox, 1990-cı ildən bu günə qədər olan bütün şəhid balalarımızın qisasını alıb.
Zülal iki körpə balasını, qarayaylıq yoldaşını bizə əmanət edib canını Vətəninə qurban verdi. 
Bizi də çox istəyirdi. Həmişə deyirdi ki, ay ana, ay ata, Allah mənim ölümümü sizin qabağınızda etsin. Sizə bir şey olsa, mən sizsiz yaşaya bilmərəm. Deyirdim ki, ay Zülal, elə demə. Heç olmasa mənə yazığın gəlsin. Zülalın dediyi kimi də oldu. Allah onu bizdən alıb apardı. Zülalın bütün istəkləri yerinə yetdi. Canını çox sevdiyi Vətəninə, torpağına, bayrağına qurban verdi. Çox sevdiyi bayrağına əbədi olaraq sarıldı mənim Zülalım!

Nəşr edilib : 16.04.2024 10:34