AZ EN RU

“Çox məmnunam ki, Azərbaycanın müstəqilliyi yolunda yenə də Naxçıvan dayaqdır”

Bugünkü yaşayışımıza, mövcudluğumuza, varlığımıza görə dünya durduqca borclu olduğumuz dahi şəxsiyyət Heydər Əliyev üçün ölkəmizin hər bir qarışı müqəddəs ata-baba əmanəti idi – heç nə ilə əvəz olunmayan ən qiymətli, bütün mənalı ömrü və siyasi fəaliyyəti ilə Ulu Öndər Azərbaycanın dünya dövlətləri içərisində tanınması üçün çalışır, ucqarlardan başlayaraq mərkəzə kimi inkişafını diqqətdə saxlayırdı. Görkəmli dövlət xadimi deyirdi: “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım yerinə yetirilsin”. Bu, Ulu Öndər Heydər Əliyevin öz Vətəninə, xalqına, dövlətinə bağlılıq yolunun ifadəsi idi. Çünki “Naxçıvanın müstəqillik, milli azadlıq əhvali-ruhiyyəsi bütün Azərbaycana təsir edirdi. Məhz bunların nəticəsində Naxçıvan çox ciddi addımlar atır və nəhayət, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əldə edilməsində öz xidmətlərini göstərirdi”.
Günü-gündən qloballaşan və təzadlarla dolu olan yaşadığımız həyatda insan ömrü çox qısadır. Ulu Dədə Qorqud deyirdi: “Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya”. Məsələ bu qısa zaman kəsiyində elə ömür yaşamaqdır ki, cəmiyyət üçün faydalı işlərlə yaddaşlarda qalsın. Belə yaşamaq yolunu tutan kamil insanlar öz yaxşı əməlləri ilə, necə deyərlər, o yolu uzada bilirlər. Həmin əməllərin fövqündə dayanan isə Ulu Tanrının ona bəxş etdiyi ömrü mənsub olduğu dövlətə və xalqa fədakarlıqla xidmət etməkdir.
Bu yolu seçənlər, bu yolda çətinlikləri dəf etməyi bacaranlar mənzilbaşına çatıb arxaya dönəndə qət etdikləri yolun doğruluğunu, bir qədər obrazlı desək, şirinliyini görürlər. Cəmiyyət qarşısında alnıaçıq, üzüağ olduqları üçün ürəkdolusu nəfəs alırlar. Bu da ulu Dədə Qorqudun tövsiyəsidir: “Doğru yolu görürkən, əyri yoldan gəlməyəlim”.
Cəmiyyət öz inkişafı tarixində dəyişən müxtəlif mərhələlərdən keçir. Quruluşlar dəyişir, hakimiyyətlər bir-birini əvəz edir, dünənlə bu gün arasındakı fərq dəyərləndirilir. Dəyişməyən isə ən qiymətli dəyər kimi yaşadığın ömrün gərəkli olmasıdır. Ulu Öndərin yaşadığı ömür kimi...
Yaşadığın ömrün xalqa gərəkli olması ciddi əxlaqi problemdir. Bu hiss, bu mənəvi keyfiyyət insanın daxili təmizliyidir, saflığıdır, mənsub olduğu xalqa sevgi və məhəbbətidir, dövlətə və dövlətçiliyə sədaqətidir, obyektivlik meyarıdır, insan əməyinin əsl qiymətini verən ölçüdür. Yalnız bu yolla güclü şəxsiyyətə çevrilmək, mənalı ömür sürmək, xalqa, cəmiyyətə fayda vermək, hər bir şəraitdə haqqa, ədalətə qahmar çıxmaq olar. Bu yolu seçənlər həmişə yüksəkdə duraraq cəmiyyətdə fəal həyat mövqeyi tutur, xalqın sevimlisinə çevrilir.
Ulu Öndərimiz Heydər Əliyev xalqa, dövlətə xidmət yolunu tutan insanlara böyük dəyər verirdi. Çünki O özü də bu yolun yolçusu idi. Bu gün bu yol böyük ehtiramla davam etdirilir. Elə yaşadığımız bu qədim yurd yerində – Naxçıvanda dövlətə, xalqa xidmət yolunun uca zirvələr fəth etməyin ən düzgün yolu olduğu artıq sübuta yetirilib. Bu gün hər bir naxçıvanlının dövlətə və dövlətçiliyə sədaqəti doğru yolda olmasının ifadəsidir. Dövlətə və dövlətçiliyə sədaqəti isə insanların həyat səviyyəsində, yaşayışında bütün çalarları ilə görmək olar. Bu yol naxçıvanlıların qurub-yaratmaq əzmini günü-gündən yüksəldir, gənclərin, yeniyetmələrin doğma torpağa, xalqa, Vətənə bağlılığını, onun taleyinə cavabdehlik hisslərini gücləndirir, ən qiymətli sərvət olan müstəqilliyimizi qorumağa, onu daha da möhkəmləndirməyə çağırır. 
Naxçıvanlılar görürlər ki, bu yol müqəddəs yoldur – davam etdikcə uğurlarımız da artır. Azərbaycan dövlətçiliyinin intişar tapdığı bu qədim diyar müstəqillik illərində keçdiyi sürətli inkişaf yolu ilə, doğrudan da, dövlətçiliyin beşiyi olduğunu sübut edib. Ulu Öndər deyirdi: “Naxçıvanın qədim dövlətçilik tarixi vardır. Bu, Azərbaycanın dövlətçilik tarixidir”. Ölkəmizin müstəqilliyi üçün taleyüklü məsələlərin bu diyarda öz həllini tapması bu gün hər birimizə böyük qürur hissi yaşadır. Və hər bir naxçıvanlı müstəqillik kimi böyük bir nemətin daha da əbədi olması prinsipi ilə yaşayır. Bu prinsip naxçıvanlıların həyat idealına çevrilib. Fərqi yoxdur, istər yüksək postda duranlar, istərsə də sıravi insanlar üçün dövlətçilik, dövlətçiliyə sədaqət ən ali vəzifədir. Hamı bu vəzifəni yerinə yetirməyi özünün vətəndaşlıq borcu sayır. Bu borc uşaq bağçasından tutmuş ali məktəblərədək təlqin olunur. Belə vətəndaşlıq borcunun layiqincə yerinə yetirilməsi dövlətçiliyin, müstəqilliyin sabahına ən böyük zəmanətdir. Naxçıvanlılar vətəndaşlıq borcunun yerinə yetirilməsini özlərinin həyat kredosu hesab edirlər. Bunun ifadəsidir ki, bir ucu sərhəd bölgəsi Sədərək, bir ucu bağlar diyarı Ordubad, dağlar qoynunda füsunkarlıq rəmzi olan Şahbuz, digər bölgələrimiz inkişaf və tərəqqinin yeni müstəvisindədir. Rayon mərkəzləri ilə yanaşı, ucqar dağ kəndləri, sərhəd və ən kiçik yaşayış məntəqələri qəsəbə timsallıdır. 
Ancaq onu da deyək ki, görülən bu işlərin blokada şəraitində yaşayan bir məmləkətdə reallaşdırılması da kiçik məsələ deyil. Və bütün bunların təməlində doğma yurda bağlılıq, sevgi və məhəbbət, insan amilinə, yurd amilinə böyük diqqət, Ulu Öndər Heydər Əliyev ideyalarına böyük sədaqət dayanır. 
Bu illər ərzində hər gün, hər saat dəyişən məmləkətimiz başdan-ayağa, sözün həqiqi mənasında, hər sahədə yeni quruculuq donundadır. Gündən-günə sayı artan məktəb, səhiyyə, mədəniyyət ocaqlarının yeni binaları, salınan yaşayış massivləri, yeni emal və istehsal müəssisələrinin həyata vəsiqə alması, insanların məşğulluq probleminin həllinə nail olunması, informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərinin tətbiqi... Bunlar Naxçıvanın bugünkü mənzərəsi, görkəmli dövlət xadimi Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının qədim diyarımızda uğurla həyata keçirilməsidir. 
Bu da bir həqiqətdir ki, Naxçıvan son onilliklərdə buraya gələnlərdə böyük tikinti meydançası təsəvvürü yaradır. Hər il paytaxt şəhərimizdən tutmuş ən ucqar sərhəd və dağ yaşayış məntəqələrində çoxsaylı yeni obyektlər istifadəyə verilir. Muxtar respublikanın gözəlliyə qovuşmasında bu obyektlər mühüm rol oynayır. 
Həyata keçirilən uğurlu siyasət muxtar respublikanın sənayeləşmə prosesini daha da sürətləndirib.
İnkişaf göstəriciləri rabitə və yeni texnologiyalar sahəsini də əhatə edib. Əhaliyə nümunəvi rabitə xidmətinin göstərilməsi məqsədilə müasir rabitə sistemi yaradılıb, ən ucqar dağ kəndlərində belə genişzolaqlı, yüksəksürətli internet və digər müasir telekommunikasiya şəbəkələri istifadəyə verilib. 
Muxtar respublikada jurnalistikanın da inkişafına böyük önəm verilir. Qədim diyarımızda söz, fikir və mətbuat azadlığının təmin edilməsi, sərbəst yaradıcılıq imkanları üçün müasir maddi-texniki baza istifadəyə verilib.
Naxçıvanda əsası Ümummilli Lider tərəfindən qoyulan ordu quruculuğu siyasəti bu gün uğurla davam etdirilir. Belə ki, Əlahiddə Ümumqoşun Ordunun yaradılması, bu ordunun ən müasir silah-sursat, texnika ilə təchiz edilməsi, ixtisaslı hərbçi kadrların yetişdirilməsi ilə hərbi potensialı əsaslı şəkildə möhkəmləndirib. 
Aparılan ordu quruculuğu siyasətinin bəhrəsidir ki, Əlahiddə Ümumqoşun Ordu muxtar respublikanın ərazisini qorumaqla yanaşı, İkinci Qarabağ müharibəsində də əsl rəşadət və vətənpərvərlik nümunəsi göstərib. Bu azadlıq mücadiləsində Əlahiddə Ümumqoşun Ordunun əsgər və zabitləri də qədim diyarda formalaşmış vətənpərvərlik, torpağa bağlılıq, yurdu sevmək kimi keyfiyyətlərini ortaya qoydular. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev çıxışlarında bunu dəfələrlə yüksək dəyərləndirib: “Naxçıvanlılar da İkinci Qarabağ müharibəsində bütün digər bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər... Böyük qəhrəmanlıq göstəriblər. Və torpaqlarımızın azad edilməsində fədakarlıq göstəriblər. Şəhidlər veriblər”. Konkret olaraq deyək ki, inkişaf edən, müasirləşən, abadlaşan Naxçıvan bu gün mənfur düşmən üçün ikiqat gözdağıdır. 
Naxçıvanda görkəmli dövlət xadiminin yaratdıqlarını yaşatmaq, daha da zənginləşdirmək bu günün gerçəklikləridir. Ulu Öndərin yoluna ehtiram və sədaqətini öz fəaliyyəti ilə göstərən ölkə başçısının muxtar respublikada yeni idarəetmə modelinin tətbiqi ilə bağlı imzaladığı 2022-ci il 22 dekabr tarixli Fərmanla Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında Əsasnamə təsdiq olunub. Bu isə naxçıvanlılarda yeni ovqat yaradıb, onların qurub-yaratmaq əzmini daha da yüksəldib. Ata vəsiyyətini ən müqəddəs vəzifə sayan ölkə başçısının Naxçıvanın inkişafı üçün lazım olan hər bir işi görməsi isə ərazi cəhətdən blokada şəraitində yaşayan bu yurd yerinin sakinlərinin heç bir çətinliklə üzləşməməsi məqsədi daşıyır. Elə cənab İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” bunun bir daha sübutudur. Ötən ilin sonunda naxçıvanlılar daha bir sevinc yaşadılar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2023-cü il 30 dekabr tarixli Sərəncam imzaladı. Sərəncamda deyilir: “Naxçıvanın davamlı inkişafında Ümummilli Lider Heydər Əliyevin böyük xidməti vardır. Ulu Öndər hakimiyyətə gəldiyi vaxtlardan etibarən daim Naxçıvanı diqqətdə saxlamış, muxtar respublikanın gələcəyi ilə bağlı ən mühüm qərarların təşəbbüskarı olmuşdur”. 
Sərəncamın imzalanmasından ötən qısa müddət ərzində muxtar respublikamızda, paytaxt Bakı şəhərində, qardaş Türkiyə Respublikasında tədbirlər keçirilmiş, həmin silsilə tədbirlər davam etdirilməkdədir.
Bu gün hər bir naxçıvanlı sevinir ki, ovaxtkı təşəbbüslər bu gün artıq ənənəyə çevrilib. Ona görə də sirr deyil ki, dünən Naxçıvanın qonağı olanlar bu gün təəccüblərini gizlədə bilmirlər. Hər addımda bir yenilik görmək, hər gün bir təzəliklə rastlaşmaq naxçıvanlılar üçün adi hala çevrilib. Naxçıvan yenidən qurulduqca daha da gözəlləşir. Xaricdən buraya gələn və yurdumuzun inkişafı barədə bir qədər məlumatı olan bir turistin sözlərini xatırlayıram: “Bu yeniliklər gündəlik olaraq sizin gözləriniz qarşısında baş verdiyi üçün sizə adi görünür”. Bütün bunlar görkəmli dövlət xadiminin layiqli varisi, ölkə başçısı cənab İlham Əliyevin Naxçıvana qayğısının bəhrələri, Ulu Öndər Heydər Əliyevin arzularının reallaşmasıdır. Dahi Öndər də uzaqgörənliklə bunu bilərək deyirdi: “Çox məmnunam ki, Azərbaycanın müstəqilliyi yolunda yenə də Naxçıvan dayaqdır”.

Muxtar MƏMMƏDOV

Nəşr edilib : 01.05.2024 10:28