AZ EN RU

Çörək ətirli yurd yeri…

Yurda ürəkdən bağlı olan qahablılar deyir: “Biz torpağımızı,
 kəndimizi heç nəyə dəyişmərik”

    Sən mənim üçün hər fəsildə gözəlsən. Qışda bəyaza bürünmüş çöllərinlə, buz bağlamış məşhur gölünlə, yazda baharın nəfəsi duyulan kimi yerdən sanki püskürüb boy atan otlarınla, yaşıllığa bürünən təpələrinlə, mamırlayan qayalarınla, ətri dağ döşlərinə yayılan kəklikotunla, pencərlərinlə, yay aylarında meyvəli bağlarınla, bərəkətli tarlalarınla, payız aylarında isə bol məhsulun əsasını qoyan zəhmətkeş, əməksevər insanlarınla sən mənim üçün çox doğmasan, yurdumsan, yuvamsan, Qahab kəndi!

    Sənin sinəndə boy atıb böyümüşük, təhsil almışıq, həyatı dərk etmişik, yaxşını pisdən ayırd etməyi öyrənmişik, böyük-kiçik yeri bilmişik, ən əsası isə əməyi, zəhməti sevmişik. Buna görə də biz qahablıları da Naxçıvanın zəhmətkeş, torpağa bağlı, çörəyi halal yolla qazanan insanları kimi tanıyırlar. Doğma kəndimin barlı-bərəkətli torpağının hər qarışını əkib-becərir, onu özümüzə ən yaxşı iş yeri bilirik. İş-güc axtarmaq üçün yaxın-uzaq ellərə üz tutmuruq. Bu kənddə torpağın qədir-qiymətini bilənlər nəinki öz işini qura bilib, hətta təsərrüfatında bir neçə nəfəri də iş-güc sahibi edib. Mənim üçün onlar zəhmət, əmək qəhrəmanlarıdır və onlardan bir neçəsinin adını çəkməyi, gördükləri iş haqqında danışmağı özümə borc bilirəm. Məsələn, İntiqam Məmmədov və Yunis İsmayılov Qahabın dostluğa, yoldaşlığa sadiq, üstəgəl, ən zəhmətkeş təsərrüfatçıları kimi tanınırlar. Bu iki yoldaş, təxminən, 10 il bundan öncə dövlətin də dəstəyini alaraq Qahabda çörək sexi açıblar. Eyni zamanda hər ikisi ayrı-ayrılıqda kənddə böyük bir ərazidə meyvə bağı salıb. Özü də həmin sahələr uzun illər əkinəyararsız hesab olunaraq əkilməyib. Məhz onların zəhməti sayəsində ərazi daşdan təmizlənib, torpağın münbitliyi artırılıb və bu gün kənddə nümunəvi meyvə bağları ərsəyə gəlib. İndi onları təkcə gördükləri iş və dostluq yox, həm də ortaq bir fikir birləşdirir. Bu fikir isə belədir: “Torpağa bağlılıq insanı mat-məəttəl qoymaz. Dövlət elə bir şərait yaradıb ki, indi torpaq insanı dolandırır, yaşadır. Qidanın da, havanın da təbii forması kənddədir. Biz torpağımızı, kəndimizi heç nəyə dəyişmərik”. 

    Təsərrüfatında 100-dən çox xırdabuynuzlu heyvan saxlayan İqbal Qasımov və onun böyük qardaşı Hünər Qasımov… Qahabda bu qardaşları tanıyanlar bilir ki, onlar bugünkü gün-güzəranlarını, yaşayışlarını təsərrüfat hesabına qurublar. Hər ikisi dövlət maliyyə dəstəyi alaraq işlərini genişləndiriblər. Hünər qatıq istehsalı ilə məşğul olur və Naxçıvan bazarına gündəlik  ağartı məhsulları çatdırır. Yeyənlər bilir ki, Hünərin istehsal etdiyi qatığın keyfiyyətinə, dadına söz ola bilməz. Xammal da öz təsərrüfatındandır. Məhsulları qışda aranda, yayda isə yaylaqda bəslədiyi mal-qaranın südündən hazırlayır. Təbii ki, evin böyük oğlu bu qədər işi tək görmək ixtiyarında deyil. Bu işdə onun ən böyük dəstəkçiləri oğlanları Qeyrət, Xoşbəxt və ömür-gün yoldaşı Sədaqət xanımdır. Bax mənə görə məhz budur ailə təsərrüfatı anlayışı. Birlikdə ortaya qoyulan zəhmət və bu zəhmətdən doğan dolanışıq… 

    Mənim üçün Qahab həm də çörək ətirli yurd yeridir. Fikrimi isə kənddəki mövcud 7 çörək sexinin fəaliyyəti ilə izah edirəm. Qahabın təsərrüfatçılıq ənənələrindən söz düşəndə bu kənddə bişən lavaş, xüsusilə deyilib. Cavad, Fərman, Təbriz, Şəhriyar, Kənan, Vaqif kimi sahibkarlar Qahaba və ətraf kənd­lərə, eləcə də Naxçıvan şəhərinə gündəlik çörək daşıyırlar. Bu kənddə ən dadlı çörək istehsalçılarından biri də Vaqif Zamanovdur. Çünki o, çörəyi kərpicdən hörülmüş kürədə qazla yox, məhz odunla bişirir. Kimsə düşünməsin ki, o, mavi yanacaq sarıdan əziyyət çəkir. Qətiyyən, hər kəs bilir ki, Qahab da Naxçıvanın bütün yaşayış məntəqələri kimi illərdir, tam qazlaşdırılıb. Sadəcə, kürədə odunla bişən çörəyin, dastananın, yuxanın ayrı bir dadı var. Vaqif bunu həm də müştərilərinin istəyi, arzusu ilə izah edir. Nə deyək, hamısının qazancı bol olsun!

    Bu sahibkarlara, torpaq adamlarına əməyi, zəhməti, halallığı, dürüstlüyü sevdirən bir ocaq var: Qahab məktəbi. Yaxşı məktəb təkcə qəbul imtahanlarında yüksək bal toplayan məzunları ilə öyünməməli, həm də cəmiyyət üçün yararlı fərdlər hazırlamalıdır. Düşünürəm ki, mənim üçün doğma olan məktəbimiz bu missiyanı şərəflə yerinə yetirir. Özü də müasir təlim-tədris metodlarını tətbiq etməklə… İndi müasir tədris üsulu Naxçıvan məktəblərində deyəndə təkcə kompüterlərdən, elektron lövhəli siniflərdən, fənn kabinələrindən istifadə yox, həm də STEAM innovativ təhsil formasının tətbiqi nəzərdə tutulur. Ömrünün 38 ilini maarifə, təhsilə həsr edən Qahab kənd tam orta məktəbinin direktoru Әlövsət müəllimin sözlərinə görə, artıq cari tədris ilindən etibarən məktəbdə STEAM təhsil metodu tətbiq edilir və bunun üçün xüsusi otaq da ayrılıb. Fürsətdən istifadə edib məktəbin qəbul nəticələrini də diqqətə çatdırırıq. Ötən tədris ilində 13 məzunu ali, 1 məzunu isə orta ixtisas təhsili müəssisələrinə yola salan Qahab məktəbi bu il də yüksək nəticələr uğrunda çalışır.
    Qahab məktəbi həm də vətənpərvər oğulları ilə öyünür. O oğullar ki onlar şəhidliyi, Vətən uğrunda canından keçməyi ən uca zirvə bildilər. Kəndimizin yetirmələri Birinci və İkinci Qarabağ müharibəsində qəhrəmanlıqla vuruşdular, öz sözlərini döyüş meydanında dedilər. Bir amala kökləndilər: Vətən torpağının bütövlüyünü təmin etmək. Bu yolda Pənah, Mübariz, Babək, Şəhriyar və son olaraq, 44 günlük Vətən müharibəsində şəhid olan Abbasəli kimi oğullar milyonların qəlbində əbədilik taxt qurdu, Rahim, Xalıqverdi, Roman kimi qəhrəman qazilərimizlə öyündük. Bəli, tarixi ədaləti bərpa edənlər sırasında Qahabın yetirmələri də var. Şirürəkli bu oğullara yurd eşqi, bayraq sevgisi, Qarabağ aşiqliyi, dövlətə və dövlətçiliyə sədaqət, yağıya nifrət hissi məhz Qahab məktəbində aşılanmışdı. Vətən sizə minnətdardır! 
    Uşaqlığımın, gəncliyimin yaşadığı bu kənd son zamanlar böyüyüb, məskunlaşma artıb, yeni məhəllələr yaranıb. Qahabda “Söyüdlük”, “Sərdən”, “Zamanovların məhəlləsi”, “Selovun yanı”, “Sürəməliklilərin məhəlləsi”, “Hərdələr” kimi maraqlı yer və məhəllə adları vardır. İndi bu məhəllələrin birində gənc bir ustanın işlətdiyi dəzgahın səsi tez-tez eşidilir. Bu səs Zahir ustanın plastik qapı-pəncərə düzəltdiyi sexdən gəlir. İndi o təkcə Qahabdan yox, ətraf kənd­lərdən və Naxçıvan şəhərindən də sifarişlər alır, keyfiyyətli məhsullar hazırlayır. Materialları isə “Naxplast” Məhdud Məsuliyyətli Cəmiyyətindən əldə edir. 

    Doğma kəndim, hər dəfə sənin barəndə nəsə yazmaq istəyəndə yeni bir mövzu, toxuna biləcəyim sahə tapa bilirəm. Bu dəfə də belə oldu. Sən müasir kənd modelinlə, dövlətimiz tərəfindən qurulub-yaradılanlarla, insanların məşğul həyat tərzi, qaynar təsərrüfatınla təkrarsızsan. Fürsətdən istifadə edib sonda oxucularımıza bir daha səslənirəm. Yüz dəfə eşitməkdəndirsə, bir dəfə görmək yaxşıdır. Qahab hər zaman qonaq-qaraya qucaq açmağa hazırdır. Yaşıl meşələrimiz, gursulu dağ çayımız, hündür qayalarımız, şəlaləmiz olmasa da, qonaqpərvər, mərd, zəhməti sevən, mehriban insanlarımız var. Milli-mənəvi dəyərlər – ağsaqqal sözü, ağbirçək öyüdü, valideyn nəsihətinə əməl etmək bizim üçün yazılmamış qanundur. Xeyirdə, şərdə bir olmağı, yumruq kimi birləşməyi bacarırıq. Həm də səni sevməyi bacarırıq kəndimiz, Naxçıvanı, anamız Azərbaycanı sevməyi…

Muxtar RZAZADƏ
“Şərqin səhəri” qəzetinin redaktoru

Nəşr edilib : 18.05.2022 20:31