AZ EN RU

COP29 sülh prosesinin nəticəsidir, yaxud iqlim siyasətində sülh gündəliyi

“COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən, böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən “yaşıl enerji” sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Azərbaycanın yekdilliklə BMT-nin İqlim Dəyişikliyi Konfransına ev sahibliyi edəcək ölkə seçilməsi ölkəmizin qlobal miqyasda güclü diplomatiyasının əlaməti və çoxtərəfli danışıqlar zamanı etibarlı tərəfdaş nüfuzunun təsdiqidir. Bundan əvvəl Azərbaycan BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq təsisatlara uğurla sədrlik edib. Bu il isə noyabr ayında on minlərlə iştirakçı iqlim dəyişikliyi nöqteyi-nəzərindən planetimizin gələcəyini müzakirə etmək üçün COP29-la bağlı Bakıya səfər edəcək. Planetimizin ən qlobal problemlərindən biri sürətli istiləşmə və bunun qarşısının alınması məsələsidir. COP tədbirinin əsas hədəfi isə əsaslı, çevik və dayanıqlı fəaliyyət göstərmək, bu təşəbbüs çərçivəsində bütün tərəfləri bir araya gətirməkdir.

Bu istiqamətdə Azərbaycan bərpa olunan enerji sahəsində qabaqcıl ölkələr sırasına yüksəlmək əzmindədir və bu məqsədlə zəngin külək və günəş potensialından istifadə edir. Bu həmçinin ölkənin 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 faiz azaltmaq planının mühüm tərkib hissəsidir. Ölkə 2030-cu ilə qədər elektrik enerjisində bərpa olunan enerjinin qoyuluş gücü üzrə payını 30 faizə çatdırmaq və “yaşıl enerji” sahəsində lider olmaq üçün mövcud enerji sistemini şaxələndirir.

“Yaşıl enerji” növlərinin yaradılması və “yaşıl enerji”nin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası “yaşıl enerji” zonası elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir.

Onu da qeyd etməliyik ki, COP kimi mötəbər beynəlxalq tədbirə ev sahibliyi etmək ölkəmiz qarşısında yeni üfüqlər açır. Ölkəmizin bu tədbirə özünəxas yanaşması – Azərbaycanın COP29-da “Sülh və iqlim qovşağı” mövzusuna diqqəti BMT-nin iqlim Konfransında təqdirlə qarşılanıb.

Qlobal iqlim dəyişmələri bir çox sahələrdə olduğu kimi, beynəlxalq təhlükəsizlik üçün də ciddi çağırışlar yaradır. Məhz buna görə də Azərbaycanın COP29 sədrliyi zamanı prioritetlərindən biri beynəlxalq sülh və təhlükəsizliyə dəstək olmaqdır. Ölkə başçısının tapşırığı ilə iqlim konfransları tarixində ilk olan COP atəşkəs çağırışı üzərində beynəlxalq tərəfdaşlarla iş aparılır.

COP29 sülh prosesinin nəticəsidir. Budəfəki COP-un mövzusu maliyyə olmasına baxmayaraq, ev sahibi ölkə olaraq Azərbaycan gündəliyə bir neçə əlavə edə bilər və belə məsələlərdən biri də sülhdür. Birincisi, ona görə ki, Azərbaycan məhz sülh prosesi sayəsində COP29-a ev sahibliyi etmək hüququ qazandı. Çünki burada Ermənistan vetosunu aradan qaldırdı və qarşılıqlı addımlar atıldı. İlk dəfə idi ki, Azərbaycan və Ermənistan beynəlxalq arenada bir-birinə qarşı addım atmaq məcburiyyətində qalmadı. Qarşılıqlı dəstək olmasa da, bitərəf qaldı və bunun özü də bir nailiyyət idi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ən həssas kateqoriya olan kiçik ada dövlətləri üçün xüsusi dəstək fondunun yaradılması təşəbbüsünü də xüsusilə qeyd etmək lazımdır. Dünya əhalisinin getdikcə artan hissəsinin həm iqlim dəyişmələri, həm münaqişələrdən əziyyət çəkməsi, bu baxımdan daha çox regionların “xüsusilə həssas” kateqoriyasına daxil olması, ölkəmizin COP29 sədri qismində təşkil etdiyi tədbirin bu qəbildən olan dünya xalqları üçün işlək strategiya və əməli dəstəyin təmin edilməsi məqsədi daşıması bu tədbirin ən əhəmiyyətli hissələrindən biridir.

Hazırda Prezident cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmiz iqlim dəyişmələri ilə qlobal mübarizədə nümunəvi liderlik nümayiş etdirir. Prezident cənab İlham Əliyevin müxtəlif çıxış və müsahibələrində açıqladığı vacib istiqamətlər, səsləndirdiyi tezislər Azərbaycanın COP29 üzrə fəaliyyətinin əsasını təşkil edir və dövlət başçısının inkişaf etməkdə olan kiçik ada dövlətlərinin iqlim dəyişmələri kontekstində üzləşdikləri problemlərin həllini ölkəmizin prioritetlərindən biri olaraq bəyan etməsi beynəlxalq ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb. Beynəlxalq aləmdəki vətəndaş cəmiyyətləri də proseslərə öz töhfəsini verir. 130-dək Afrika QHT-si və İtaliyada C7 Vətəndaş Cəmiyyəti Sammitində iştirak edən bir sıra QHT-lər tərəfindən COP29-un ev sahibi kimi Azərbaycana dəstək bəyanatlarının verilməsi bu istiqamətdə xüsusi olaraq qeyd edilməlidir.

Prezident cənab İlham Əliyevin “Bildirmək istərdim ki, Azərbaycan COP29-a var gücü ilə hazırlaşır, yaşıl, ədalətli, inklüziv və dayanıqlı dünya naminə həmrəyliyi gücləndirmək, planetimizin gələcəyi üçün müsbət nəticələr əldə etmək üçün səylərini əsirgəmir” fikirləri ilə yanaşı, “Eyni zamanda iqlim dəyişmələrinin mənfi təsirlərinə ən çox məruz qalan inkişaf etməkdə olan kiçik ada dövlətlərinin üzləşdiyi problemlərin həlli COP29 sədrliyimizin gündəliyində duran prioritet məsələlərdən olacaqdır” bəyanı ölkəmizin bu istiqamətdəki davamlı fəaliyyətinin daha geniş – qlobal səviyyəli bir xarakter daşıdığını bir daha sübut edir.

“Yaşıl enerji” mövzusu bütün dünyada olduğu kimi, Azərbaycanda da çox önəmli mərhələdədir. Son dövrlərdə Azərbaycanda bu məsələ üzrə çox ciddi planlar, tətbiqlər var, investisiyalar olacaq. Bu baxımdan Naxçıvan çox önəmli rola malikdir. Son dönəmlərdəki təkmilləşdirmələrlə burada “yaşıl enerji” sahəsinə diqqət olduqca artmaqdadır. Bu baxımdan həm indi, həm də gələcəkdə Naxçıvanın bir enerji koridoru olmaq potensialı var.

Naxçıvanda “yaşıl enerji” konsepsiyasının həyata keçirilməsi və enerji potensialından səmərəli istifadə cənab İlham Əliyevin diqqət mərkəzindədir və bu məqsədlə sistemli işlər aparılır. Naxçıvanın “yaşıl enerji zonası”na çevrilməsi üçün yeni yol xəritəsi müəyyənləşəcək. Nəticədə, Azərbaycan regional və Avropa miqyasında təhlükəsiz və dayanıqlı enerji təchizatçısına çevriləcək, onun strateji əhəmiyyəti daha da artacaq.

Hələ ötən il Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə III Enerji Forumu və “Naxçıvan – Yaşıl Enerji Zonası” Beynəlxalq Konfransı çərçivəsində “Naxçıvan “yaşıl enerji” zonası kimi: potensial imkanlar və layihələr”, “Naxçıvanın yaşıl enerji potensialının Türkiyəyə və Avropa bazarlarına ixracı imkanları”, “Naxçıvanda bərpa olunan enerji mənbələri sahəsində konseptual yanaşmalar və milli kontentin yaradılması imkanları”, “Naxçıvanda yaşıl enerji layihələrinin maliyyələşdirilməsi imkanları” mövzularında plenar sessiyaların keçirilməsi muxtar diyarın bu istiqamətdəki mövqeyinin və strateji əhəmiyyətinin daha da çoxalmasından xəbər verir.

Azərbaycanın enerji siyasəti regionun təhlükəsizliyində strateji faktordur. Xüsusilə Zəngəzur dəhlizinin açılması perspektivində qarşıya qoyulan əsas hədəf Naxçıvanda alternativ və bərpa olunan enerji potensialından maksimum istifadə olunması, elektrik enerjisinin Türkiyəyə ixrac edilməsi və Avropaya ötürülməsindən ibarətdir. Eyni zamanda bu, beynəlxalq enerji şirkətləri ilə “yaşıl enerji” tərəfdaşlığımızın miqyas və coğrafiya etibarilə daha da genişlənməsidir.

Bu gün Azərbaycan ardıcıl enerji siyasətini uğurla həyata keçirir və regionda hökm sürən sabitlik və enerji təhlükəsizliyi məhz bu siyasətin nəticəsidir. Adını tarixə “Yaşıl artım ölkəsi” olaraq yazdıran, COP29 kimi mötəbər tədbirin sədrliyini öz üzərinə götürən Azərbaycan bütün tərəflərlə səmimi və nəticəyönümlü dialoq quraraq COP prosesini irəli aparmaq, səmərəli iqlim fəaliyyətini təmin etmək və COP29-un uğurlu nəticələrlə yekunlaşması üçün əlindən gələni etmək əzmindədir.

Məmməd BABAYEV

Nəşr edilib : 27.06.2024 12:32