AZ EN RU

COP29 beynəlxalq konfransı ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq

Prezident cənab İlham Əliyev: “COP29-a sədrliyimizə ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi də baxırıq”

Müasir dövrdə ümumbəşəri problemlər sırasında olan ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan düzgün istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi, qlobal istiləşmə, ozon qatının zədələnməsi, təbii ehtiyatların tükənməsi kimi məsələlər bütün dünyanı narahat etməklə bərabər, eyni zamanda beynəlxalq aləmi birliyə, həmrəyliyə səsləyir.

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamında qeyd edilir ki, ölkəmizdə 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetdən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüb...

Son illər müşahidə edilən planetar böhranların həllində dünya ölkələri sıx əməkdaşlıq edirlər. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər tədbirin ölkəmizdə təşkili ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə, şübhəsiz, öz töhfəsini verəcək.

Bu gün “yaşıl enerji”yə keçid müasir dövrün çağırışı olmaqla planetimizin təbii resurslarını qorumaq baxımından mühüm sayılır. Dövlətimizin başçısı demişdir: “Yaşıl enerji” növlərinin yaradılması və “yaşıl enerji”nin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir”. Ölkəmiz Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən Avropa İttifaqının təbii qaz təchizatçısıdır. 2027-ci ilin sonuna qədər 2000 meqavat Günəş və “yaşıl enerji” imkanlarımızın olması, 2030-cu ilə qədər əlavə 10 Günəş və külək enerjisi stansiyaları qurulması əsas priroritet istiqamətlərdəndir. Onu da qeyd edək ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası “yaşıl enerji zonası” elan olunub. Bu istiqamətdə muxtar respublikada bir sıra mühüm tədbirlər keçirilib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin rəhbərliyi ilə aid qurumlarla birlikdə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı müşavirə keçirilib, “Yaşıl dünya naminə həmrəylik ili” və COP29-la bağlı İşçi Qrupu yaradılıb, mayın 20-də Batabat Astrofizika Rəsədxanasında COP29-a həsr olunmuş “Azərbaycanda ətraf mühitin qorunmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans təşkil edilib.  

Bu il aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forumda dövlətimizin başçısı COP29-un həm də Cənubi Qafqazda gələcək əməkdaşlıq üçün fürsət olduğunu qeyd etdi. Bu onu göstərir ki, COP29 həm də regionda dayanıqlı sülh və təhlükəsizlik üçün sağlam platforma yaradacaq.

Dünyanın müxtəlif ölkələrindən onminlərlə iştirakçının qatılacağı COP29 beynəlxalq tədbiri qlobal problemlərin həlli üçün davamlı həll yollarının tapılmasında mühüm əhəmiyyət kəsb edəcək. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq”.

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 04.07.2024 16:39