AZ EN RU

COP29: Azərbaycanın beynəlxalq miqyasda artan güc və nüfuzunun növbəti təzahürü

    Tarixdə COP

Bu gün yeni iqtisadiyyata keçidin zəruriliyi təsdiq edir ki, “yaşıl iqtisadiyyat”ın formalaşmasında təbii ehtiyatlar mühüm önəm daşıyır. “Yaşıl iqtisadiyyat” və “yaşıl artım”la bağlı çağırışların əsasında dünyanı narahat edən qlobal problemlərdən biri canlı aləmə təsir edən iqlim dəyişmələridir. Bunun təbii amillərlə bağlı olması ilə yanaşı, insanların təbiətə göstərdiyi təsirlər də az deyil. Bu baxımdan bir çox əhəmiyyətli konfrans və görüşlərdə dünyada mövcud olan ətraf mühit problemlərinin həlli yolları çox ciddi şəkildə nəzərdən keçirilib və mühüm qərarlar, o cümlədən artıq bütün beynəlxalq ekoloji təşkilatların proqram sənədinə çevrilmiş “Dayanıqlı inkişaf” konsepsiyası qəbul olunub. Bu baxımdan Tərəflər Konfransı da (COP) mühüm əhəmiyyət kəsb edir. 
COP – Tərəflər Konfransı BMT İqlim  Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. Hazırda Konvensiyaya üzv olan 198 ölkə var. Tərəflərin hər hansı fərqli qərarı olmazsa, COP-un hər il keçirilməsi nəzərdə tutulmuşdur. Bununla bağlı ilk tədbir 1995-ci ilin mart ayında Almaniyanın Berlin şəhərində keçirilib. COP-a sədrlik isə rotasiya əsasında BMT-nin 5 regionunun – Afrika, Asiya, Latın Amerikası, Karib Hövzəsi və Avropa (Mərkəzi, Şərqi, Qərbi və digər) ölkələrinə keçir. COP-un missiyası konvensiyadan irəli gələn tələblərin, tövsiyələrin icrasına nəzarət etməkdir. Bu tələblər, əsasən, qlobal istiləşmə tempini səngitmək, qlobal istiləşməyə məruz qalan ərazilərin adaptasiyasına dəstək olmaq və 2050-ci ilə qədər “0” – sıfır emissiyaya nail olmaqdır. Bu günə qədər 28 konfrans keçirilmişdir. Sonuncu, COP28 adlandırılan 28-ci konfrans 2023-cü ilin 30 noyabr-12 dekabr tarixlərdə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmişdir. Konfransda dünyanın 195 ölkəsindən, təxminən, 97 min nəfərdən çox nümayəndə heyəti iştirak etmişdir. Konfransda dövlət rəsmiləri, özəl sektoru təmsil edənlər, elm adamları, tədqiqatçılar, ekspertlər, jurnalistlər və digər maraqlı tərəflər iştirak edir.

    Azərbaycan: COP29-un ev sahibi

Bu bir reallıqdır ki, Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdən biridir. Cənab İlham Əliyevin 2021-ci ilin     2 fevral tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” əsasında ölkədə bərpa olunan enerji istehsalı siyasətinin strateji təməli də qoyuldu, 5 Milli Prioritetdən biri “təmiz ətraf mühit” və “yaşıl artım”la bağlı sənəd qəbul edildi. Bu isə yaşıl iqtisadiyyata keçidlə bağlı qarşıya yeni hədəflər qoydu. Bu hədəfləri uğurla icra edən Azərbaycan ötən dövrdə ən böyük  layihələrə ev sahibliyi etdi.  Onlardan biri də bu il ölkəmizin böyük beynəlxalq tədbirə ev sahibliyi etməsidir. Söhbət BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un bu il ölkəmizdə keçirilməsindən gedir. 
Bu qlobal tədbirin məhz Bakıda keçirilməsinə dair qərar bütün dünya ölkələri tərəfindən qəbul edilib. Azərbaycanın təşkilata sədrliyinə dair qərar da məhz Şərqi Avropa Qrupu ölkələrinin yekdil rəyi əsasında verilib. Qeyd etmək yerinə düşər ki, COP29-a ev sahibliyi üçün Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini irəli sürmüşdülər. Ötən il dekabrın 7-də verilmiş birgə bəyanatda  Ermənistanın Azərbaycanın xeyrinə öz namizədliyini geri götürdüyünün şahidi olduq. Bundan sonra Bolqarıstan da öz namizədliyi ilə bağlı eyni addımı atdı. Beləliklə, növbəti, COP29 olaraq adlandırılan konfrans bu ilin 11-24 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək. Buna COP28 konfransında iştirak edən 195-dən çox ölkənin yekdilliklə səsverməsi nəticəsində qərar verilmişdir. COP29 çərçivəsində dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 80-100 min nəfərə qədər nümayəndə heyətinin qəbul edilməsi gözlənilir. COP29 ölkə tarixində keçiriləcək ən böyük tədbir hesab olunur.
COP29 konfransına ev sahibliyini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin “yaşıl iqtisadiyyat”a keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Bu missiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

    Azərbaycanın beynəlxalq aləmdə artan reytinqi və ya COP29-un Azərbaycanda
    keçirilməsini yaradan tarixi zərurət

COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar Azərbaycana növbəti dəfə böyük etimad və inamın göstəricisidir. Bu isə Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin nəticəsidir. Ölkəmiz artıq dünyada söz sahibinə çevrilib. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə ən tutarlı cavabdır.
Bu reallıqdır ki, qələbədən qısa vaxt keçəndən sonra da ölkəmiz beynəlxalq tədbirlərin, eləcə də nüfuzlu idman yarışlarının keçirildiyi məkana çevrildi. Bunun nəticəsidir ki, mötəbər beynəlxalq təşkilatların rəhbərləri öz tədbirlərinin Azərbaycanda keçirilməsini təsadüfən müəyyənləşdirmir. Son illər Azərbaycanın dünyada sabit məkan kimi tanınması da bunun ən bariz nümunəsidir.
Bu il aprelin 24-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forumda Prezident cənab İlham Əliyev dərin məzmunlu  çıxışında dedi: “...Biz uğura uğur əlavə edirik və ən azı həm Azərbaycanda, həm də regionda hər kəs anlayır ki, bunlar təsadüfi hadisələr deyil. Bütün bu işlər düşünülmüş siyasətin, strategiyanın, düzgün taktikanın və siyasətimizin, diplomatiyamızın bir sıra digər aspektləri üzərində qurulub...”
Beynəlxalq təşkilatlara rəhbərlik etməkdə zəngin təcrübə qazanan Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi müxtəlif vaxtlarda bu quruma iki dəfə sədrlik edib. Qoşulmama Hərəkatının sədri olduğu müddətdə həyata keçirilən tədbirlər qurumun üzv dövlətləri tərəfindən yüksək dəyərləndirilib. Mötəbər tədbirlərə uğurlu ev sahibliyi etmək Azərbaycanın beynəlxalq aləmdə olan reytinqini getdikcə artırıb. Bütün bunlar, təbii ki, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət və diplomatik məharət nəticəsində mümkün olmuşdur. 

    “Yaşıl enerji”yə keçid əsas hədəf kimi

Ölkəmizin bu tədbirə ev sahibi kimi seçilməsi həm də onu göstərir ki, Azərbaycan qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizə aparan dövlət kimi özünü tanıda bilib və beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilib. Tədbirin Azərbaycanda keçirilməsi isə onun bu istiqamətdə daha da tanınmasına və beynəlxalq mövqeyinin möhkəmlənməsinə geniş imkanlar açacaq. Tədbir çərçivəsində Azərbaycanın bərpa olunan enerji mənbələrinin inkişafı, “yaşıl enerji”yə keçid və iqlim dəyişiklikləri ilə mübarizədə qarşısına qoyduğu məqsədlər və bu istiqamətdə gördüyü tədbirlər daha böyük qlobal auditoriyanın diqqətinə çatdırılacaq. 
Bu gün Azərbaycanın “yaşıl enerji” təchizatçısına çevrilməyi də əsas hədəflərdəndir. Artıq Azərbaycan Gürcüstan, Macarıstan və Rumıniya ilə Qara dənizin dibindən sualtı kabel vasitəsilə “yaşıl enerji”nin Avropaya ixracı layihəsini icra etməkdədir. Ona görə COP29-un Azərbaycanda keçirilməsi də bu prosesin davamıdır və ölkəmizin “yaşıl enerji”yə keçid və bərpa olunan enerji mənbələrinin inkişafı ilə bağlı qarşısına qoyduğu məqsədlərə çatmasında böyük rol oynayacaq.
Bu il 26 aprel tarixdə Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində COP29-a ev sahibliyi edəcək     ölkənin rəhbəri kimi Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışı deyilənləri bir daha təsdiq etdi: “COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün, həqiqətən, böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən “yaşıl enerji” sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik. Nəhayət, bu, böyük məsuliyyətdir, çünki biz nəinki yaxşı tədbir təşkil etməli, o cümlədən yaxşı nəticələrə nail olmalıyıq”.

    COP29 fərqli sessiyası ilə tarixə 
    qovuşa bilər

Qlobal səviyyədə iqlim dəyişikliyi ilə mübarizədə ən böyük problemlərdən biri kifayət qədər maliyyə vəsaitinin ayrılmamasıdır. Ona görə də Tərəflər Konfransının son iki sessiyasında bu məsələyə xüsusi diqqət ayrılsa da, problemin həlli istiqamətində ciddi irəliləyiş əldə edilməyib. Yeganə əldə edilən nəticə 2022-ci ildə keçirilən COP27-də “İtki və Zərər” fondunun yaradılması olub. Fond daha çox iqlim problemləri ilə qarşılaşmış inkişaf etməkdə olan ölkələrə dəstək vermək məqsədilə yaradılıb. Ona görə də iqlim dəyişiklikləri baxımından həssas olan bu ölkələrin daha çox maliyyə yardımına ehtiyac var. 
Tərəflər Konfransının 29-cu sessiyasında gündəmdə əsas məsələlərdən biri maliyyə arxitekturasının islah edilməsi, bu prosesdə özəl sektorun iştirakının artırılması, borc siyasəti və vəsaitlərin ehtiyac kriteriyası üzrə daha ədalətli şəkildə bölüşdürülməsi kimi məsələlər olacaq. Bu baxımdan 2024-cü ildəki sessiya maliyyələşmə problemlərinin həlli üçün daha effektiv həll yollarının tapılmasına görə ən vacib sessiyalardan birinə çevrilə bilər. Bundan başqa, qlobal səviyyədə etibarlı tərəfdaş və liderlik xüsusiyyətlərinə malik olan ölkə kimi Azərbaycan da iqlim dəyişiklikləri ilə mübarizə prosesinin maliyyələşdirilməsinə öz töhfəsini verə bilər. Bu sessiyaya ev sahibliyi etməklə Azərbaycan da, bu mənada, tarixə düşəcək. 

    Gözləntilər, hədəflər

Azərbaycan uzun illər ərzində neft və qaz ehtiyatlarının ixracından əldə etdiyi gəlirləri səmərəli istifadə etməklə öz iqtisadiyyatını inkişaf etdirib və iqtisadi müstəqillik əldə edib. İndi isə bu ehtiyatlar hesabına Azərbaycan qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizəyə töhfə verməklə öz mövqeyini daha da möhkəmləndirə və təsir dairəsini genişləndirə bilər. Eyni zamanda sessiyanın Bakıda keçirilməsi Azərbaycanda özəl sektorun bu prosesə cəlb edilməsi baxımından da əhəmiyyətlidir. Bu da azərbaycanlı sahibkarların qlobal səviyyədə dayanıqlı inkişaf məqsədlərinə nail olunmasına şərait yaradacaq. 
Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, son illərdə Azərbaycanın həyata keçirdiyi iqtisadi siyasətin əsas məqsədlərinə neft sektorundan asılılığın azaldılması və enerji təhlükəsizliyinin təmin edilməsi ilə bərpa olunan enerji mənbələrinin rolunun artırılması da aiddir. Bu məqsədlərə nail olmaq üçün Azərbaycan “yaşıl enerji”yə keçidə hazırlaşmaqdadır. COP29 tədbiri həmin keçidin daha səmərəli icrası ilə bağlı strategiyaların və görülməsi zəruri olan tədbirlərin müəyyən edilməsi baxımından faydalı platformadır. 
Qarabağın sahib olduğu bərpa olunan enerji resursları Azərbaycanın “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” prioritetinin icrasına, qlobal “yaşıl enerji” çağırışlarına cavab verməyə və ətraf mühitin qorunmasına ciddi töhfə verəcək. Bu baxımdan COP29 həm də işğaldan azad edilmiş ərazilərdə görülən işlərin və bu ərazilərin sahib olduğu bərpa olunan enerji mənbələrinin dünya üçün əhəmiyyətinin təbliği baxımından da faydalı platformaya çevriləcək. Cənab İlham Əliyevin fikirləri ilə desək: “COP29-un əhəmiyyəti ondadır ki, biz dünyaya söyləyəcək sözlərimizi, həqiqət hekayəmizi  olduğu kimi dünyaya çatdıra biləcəyik. On minlərlə qonağın gəlməsi, iki həftə Azərbaycanda olması imkan verəcək ki, hətta ilk dəfə Azərbaycana gələnlər belə vəziyyəti qiymətləndirmək imkanı əldə etsin, bizim planlarımızın nədən ibarət olduğunu bilsin...”

    Reallıq

Bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış edən, beynəlxalq aləmdə öz sözünü deyən ölkəyə çevrilib. Azərbaycanın artıq beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində böyük təcrübəsi var və bu da ölkəmizə yetərincə müsbət imic qazandırıb. Bu tədbir Azərbaycanın neft-qaz ölkəsi olmaqla yanaşı, “yaşıl iqtisadiyyat”ı nə dərəcədə prioritet sahə kimi gördüyünü bütün dünyaya sübut edəcək. Bu Azərbaycanın nüfuzunun daha da artmasına və ölkə reallıqlarının dünya ictimaiyyətinə birbaşa və asan çatdırılmasına böyük təkan verəcək. COP29 Azərbaycanın beynəlxalq miqyasda artan gücünün və nüfuzunun növbəti təzahürü olacaq.

Arzu ABDULLAYEV
Naxçıvan Dövlət Universitetinin prorektoru, tarixçi-alim

Nəşr edilib : 29.05.2024 10:07