AZ EN RU

“COP 29 və Azərbaycan üçün Yaşıl Baxış”: Azərbaycan sülh və əməkdaşlıq məkanı kimi

Bu gün Azərbaycanın yüksək səviyyəli mötəbər tədbirlərə uğurla ev sahibliyi etməsi dövlətimizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzundan xəbər verir. Xüsusilə son illər Azərbaycanın regionda aparıcı aktora çevrilməsi, dünyada artan nüfuzun onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər. Bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv kimi təmsil olunmur, həm də bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. 

23 aprel tarixdə keçirilən ADA Universitetində “COP 29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumunda ölkə Prezidenti cənab İlham Əliyevin çıxışı dünya dövlətlərinə ölkəmizin nə qədər təhlükəsiz, bölgədə sülh və davamlı inkişafın təminatçısı olduğunu bir daha nümayiş etdirdi.  Üçüncü Dünya müharibəsinin izlərinin göründüyü, müxtəlif qütblərdə xaos və anarxiyanın tüğyan etdiyi bir zamanda ölkəmiz sabit, təhlükəsiz bir bölgəyə çevrilib. Təbii ki, bütün bu nailiyyətlərin, uğurların müəllifi siyasi lider cənab İlham Əliyevdir. Onun yaratdığı reallıqlardır. 

Bu gün dövlətimizin başçısı bölgəmizdə düşmənçiliyə son qoyulması, qarşılıqlı etimada əsaslanan davamlı sülhə, dincliyə, əmin-amanlığa nail olunması uğrunda təşəbbüslər irəli sürür. Bu təşəbbüslər isə Cənubi Qafqazda sabitlik və inkişaf üçün zəruri şəraitin yaradılmasına xidmət edir.

Bu gün təkcə regional deyil, qlobalmiqyaslı məsələlərdə də Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanın mövqeyi və rəyi mütləq nəzərə alınır. Eyni zamanda da ölkəmizin beynəlxalq tədbirlərin keçirildiyi, sivilizasiyalararası dialoqların  baş tutduğu vacib platformaya çevrilməsi onun dünyada hansı yüksək mövqeni tutduğunu sərgiləyir.

Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi edəcəyi deyilənlərin real təsdiqidir. Bu Azərbaycanın qüdrətini bir daha dünyaya göstərir və beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirir.

Bu gün ADA Universitetində keçirilən “COP 29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumunda ölkəmizin uğurlarının səbəblərindən danışan dövlətimizin başçısı qeyd etdi: “Biz heç vaxt Azərbaycan üçün potensial təhlükə yarada biləcək heç bir işə qoşulmamışıq. Biz hər zaman İran, Rusiya, Gürcüstan və Avropa, həmçinin Türkiyədə qardaşlarımız ilə münasibətlərimizdə ədalətli olmuşuq. Uğurumuzun səbəbi bundadır… Hesab edirəm ki, əsas çıxış yolu və üsul düzgün və səmimi olmaqdır. Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik”. 

Sülhü, ədaləti, beynəlxalq hüququ hər zaman əsas tutan dövlətimizin başçısı  ölkəmizin multikultural dəyərlərə də hər zaman töhfə verdiyini dilə gətirdi: “Çünki Azərbaycan cəmiyyəti əsrlər boyu hər iki sivilizasiyanın – Avropa və İslam sivilizasiyalarının dəyərlərini böyük dərəcədə qəbul edib”.

Bu gün regionda dayanıqlı sülhün və təhlükəsizliyin yaradılması üçün sülh müqaviləsinə toxunan dövlətimizin başçısı bu məsələnin həllinə yaxın olduğumuzu qeyd etdi: “Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik. İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var. Biz, sadəcə, təfərrüatları işləməliyik. Lakin, əlbəttə, hər iki tərəfə vaxt lazımdır”. 

  “COP 29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum dünya dövlətlərinə bir daha nümayiş etdirdi ki,  Azərbaycanın gücü  bütün komponentlərin paralel və balanslı inkişafında, daxili sabitliyin təminatında, ölkənin beynəlxalq nüfuzunun möhkəmləndirilməsində, onu regional güc mərkəzinə çevirilməsindədir.

Arzu Abdullayev

Naxçıvan Dövlət Universitetinin prorektoru, tarixçi-alim

Nəşr edilib : 24.04.2024 00:44