AZ EN RU

Cismi məzara sığacaq qədər kiçik olsa da, şərəfi tarix yazacaq qədər böyük oldu

    30 illik həsrətə son qoyan 44 günlük Vətən müharibəsi bizə Böyük Qələbə sevincini yaşatdı. Bu gün artıq Azərbaycanın tarixi torpaqlarında üçrəngli bayrağımız dalğalanır. Bu tarixi Qələbədə şəhidlik zirvəsinə ucalanlar, öz sağlamlığını itirərək yurd-yuvasına qazi kimi qayıdan igidlərimizi minnətdarlıqla xatırlayırıq. Onlardan biri də Xansu Qurbanov olub. Bu günlərdə qəhrəman şəhidimizin ailəsini ziyarət etdik, şəhid anası Yəmən Abbasova ilə həmsöhbət olduq. Şəhid anasının dediklərindən: – Evimin balaca oğlu Xansu 2000-ci il 23 sentyabrda Naxçıvan şəhərində anadan olmuşdu. 2006-2017-ci illərdə Naxçıvan şəhəri 15 nömrəli tam orta məktəbdə təhsil almışdı. Hərbi xidmətini başa vuran Xansu könüllü olaraq orduda qalıb kəşfiyyatçı kimi xidmət edirdi. 2020-ci il oktyabrın 6-da Qarabağa yola düşən ilk könüllülərin cərgəsinə qatılmışdı. Yəmən xanımın sözlərinə görə, Xansu döyüşə yollanmadan əvvəl evə gəlib ailəsi ilə görüşür. Xansunun anasına son sözləri o olur ki, ana, mən gedirəm. Hər şey olar, mən şəhid də ola bilərəm. Amma nə olur-olsun, sən ağlama… Sevin ki, mən tarix yazan qəhrəmanlardan olacağam, təki Vətən sağ olsun! 

    Xansunun son telefon danışığı bacısı Xatunla olur. 27 oktyabrda bacısı ilə danışan Xansu ona deyir ki, artıq Şuşaya yol almışıq, tezliklə sizə qələbə müjdəsi verəcəyəm...
    Naxçıvan xüsusi təyinatlılarının kəşfiyyatçısı sırasında yer alan Xansu döyüşə başladığı ilk günlərdə Hadrut, Suqovuşan uğrunda gedən döyüşlərdə xüsusi fərqlənir. Döyüşlərin birində neytral zonada yaralanmış yoldaşlarından birini təkbaşına kürəyinə alıb sürünərək səngərdən çıxarır. 
    O, Şuşa şəhəri uğrunda gedən döyüşdə də qəhrəmanlıq göstərib, şəhər azad olunduqdan sonra, noyabrın 9-da düşmənin amansız gülləsinə tuş gələrək şəhidlik zirvəsinə yüksəlib. Xansunun ən böyük arzularından biri Şuşanı azad görmək idi. Və bu arzusuna çataraq şəhadət qazandı... Xansu Qurbanovun nəşi 2020-ci il noyabrın 13-də Naxçıvana gətirilib, dövlət rəsmiləri, yerli əhali tərəfindən izdihamla, böyük ehtiramla qarşılanaraq Naxçıvan şəhər qəbiristanlığında dəfn olunub. Elimizin bu igid oğlunun döyüş şücaəti dövlət başçımız tərəfindən yüksək qiymətləndirilib. Ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 
    ...Şəhidimizin cismi məzara sığacaq qədər olsa da, şərəfi tarix yazacaq qədər böyük oldu. Anası Yəmən xanım Xansu şəhid olduğu gündən onunla bağlı arzularını bir dəftərə yazır. Subay oğlunu bəy kostyumunda görmək Yəmən xanımın ən böyük arzularından biri idi... 
    Öz ölümü ilə əbədiyyət qazanan Xansunun adı qəlbimizdə daim yaşayacaq. Xalqın sevgisi, dövlətimizin hər zaman onun ailəsinə qayğı göstərməsi, bütün şəhid ailələri kimi bu ocağa da ən böyük təsəllidir. Hazırda Qurbanovlar ailəsi dövlətimiz tərəfindən verilən yeni evdə yaşayır. Şəhidin ruhu yaşayan evdən ayrılarkən Yəmən xanımın etdiyi söhbəti heç unuda bilmirəm: – Mən onu yuxularımın birində şəhid Vəli Quliyevlə birgə deyib-güldüyünü gördüm. Vəli onu qucaqlayıb: – Oğlun ən uca məqama çatıb, anacan, o bizə əmanətdir, narahat olma, – dedi. Bu yuxudan sonra mən bildim ki, oğlumun və digər şəhid balalarımın ruhu şaddır.
    Biz də şəhər qəbiristanlığında şəhidimiz Vəli Quliyevin və Xansu Qurbanovun yanaşı məzarlarını ziyarət edərək şəhidlik zirvəsinə ucalan qəhrəmanların ruhları qarşısında fəxrlə, ehtiramla baş əydik! Bu azad Vətən torpağı sizi qoynunda daim yaşadacaq! Ruhunuz qələbə müjdələrimizlə hər zaman anılacaq! Təki Vətən sağ olsun!

Bülbül Quliyeva

Nəşr edilib : 05.10.2023 21:27