AZ EN RU

Çıraq işığından “yaşıl enerji”yə...

Əsrə bərabər 20 il

Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizə rəhbərliyinin 20 ili o qədər zəngin olub ki, əbəs yerə bu illərə “əsrə bərabər illər” demirlər. Heydər Əliyev ideyalarının uğurla davam etdirildiyi bu illər tarix üçün qısa bir dövr olsa da, Azərbaycanı böyük inkişaf yoluna çıxarıb. Və bu inkişafdan ölkəmizin ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasına da böyük pay düşür. Bir zamanlar taleyin ümidinə buraxılmış qədim diyar ötən əsrin sonlarında dahi Heydər Əliyevin çıraq işığında qəbul etdiyi qərarlar nəticəsində mövcudluğunu qoruyub saxlayıbsa, cənab İlham Əliyevin sayəsində özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. 
İstənilən ölkənin və ya regionun inkişafı enerji təhlükəsizliyinin təmin olunmasından birbaşa asılıdır. Təsadüfi deyil ki, XXI əsrdə enerji təhlükəsizliyi qida təhlükəsizliyinə bərabər tutulur, hətta birincinin olmaması ikincinin də təhlükəsizliyini təmin etmir. Ötən əsrin sonlarından nəqliyyat blokadasına salınan muxtar respublikanın həm də energetika problemləri ilə sınağa çəkilməsi yaxın tarixin yaddaşından indiyədək silinməyən kədərli xatirələrdəndir. Ümummilli Lider Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi dövrdə ən çox diqqət göstərdiyi məsələlərdən biri də Naxçıvanı enerji böhranından çıxarmaq idi. İlkin olaraq qonşu ölkələrdən idxal edilən enerji hesabına muxtar respublikanın elektrik enerjisi təminatında bir qədər müsbətə doğru dəyişiklik olsa da, lakin bu, azlıq edirdi. Ölkə paytaxtından neft, dizel yanacağının gəlməməsi elektrik enerjisinə olan tələbatı daha da artırırdı. İlk dəfə 1992-ci ildə, görkəmli dövlət xadimi Naxçıvanda Ali Məclisin Sədri işlədiyi dövrdə Türkiyənin ovaxtkı Baş naziri Süleyman Dəmirəl tərəfindən Naxçıvana yeddi ədəd qaz-turbin elektrik qurğusu hədiyyə edilmiş, dizel yanacağı ilə işləyən və 60 meqavat gücündə olan həmin qurğular “Babək” elektrik yarımstansiyasında quraşdırılmışdır. Beləliklə, əvvəllər 6-8 saatdan bir iki saat, sonra 4 saat­dan bir iki saat, daha sonra isə 2 saatdan bir iki saat olmaqla əhaliyə elektrik enerjisi verilirdi. 
Sonrakı dövrlərdə əhalisi artan, iqtisadiyyatı inkişaf edən muxtar respublikamızda enerji sisteminin dayanıqlığını, enerji təhlükəsizliyini təmin etmək məqsədilə yeni generasiya gücləri tikilib istifadəyə verilmişdir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin mühüm mərhələsindən biri də 2006-cı ilin dekabr ayında muxtar respublikada gücü 50 meqavat olan Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasının təbii qazla işləmə rejiminə keçməsinin, 4.5 meqavat Heydər Əliyev Su Anbarı üzərindəki su elektrik stansiyasının və 87 meqavat Naxçıvan Modul Elektrik Stansiyasının istismara verilməsi idi. Belə ki, “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 2 may tarixli Sərəncamına əsasən Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasının enerji turbinləri müqavilələrə və təsdiq olunmuş qrafikə uyğun olaraq dizel yanacağından təbii qaz ilə işləmə rejiminə keçirilmiş, stansiya və yarımstansiyanın bütün əsas avadanlıqları dəyişdirilmiş, yenidənqurma işləri aparılmışdır. Muxtar respublikanın enerji təhlükəsizliyində və elektrik enerjisi ilə təminatında ən önəmli yerə sahib, gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası və Heydər ­Əliyev Su Anbarı üzərindəki su elektrik stansiyası 2006-cı ilin dekabrın 20-də dövlət başçısının iştirakı ilə istismara verilmişdir. 
Muxtar respublikanın enerji təhlükəsizliyini daim diqqət mərkəzində saxlayan Azərbaycan Prezidenti Naxçıvana səfərləri çərçivəsində yeni elektrik stansiyalarının istifadəyə verilməsində (2010-cu ildə Biləv Su Elektrik, 2014-cü ildə “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik, 2015-ci ildə Naxçıvan Günəş Elektrik stansiyalarının açılışında, 2015-ci ildə Ordubad Su Elektrik Stansiyasının təməlqoyma mərasimində və sair) iştirak etmiş, muxtar respublikanın enerji potensialının artırılması üçün müvafiq tapşırıqlar vermişdir. Ötən dövrdə bu istiqamətdə görülən işlərin nəticəsidir ki, hazırda muxtar respublikada elektrik enerjisinin ümumi generasiya gücü 244,8 meqavat təşkil edən 2 istilik elektrik stansiyası və 5 su elektrik stansiyası, 3 günəş elektrik stansiyası, 1 külək-günəş hibrid elektrik stansiyası, 1 külək elektrik stansiyası var və bu stansiyalardan 11-i müstəqillik illərində istismara verilib. 
Sevindirici haldır ki, bu gün artıq Naxçıvan Muxtar Respublikası ölkə­mizin “yaşıl enerji” istehsalında mühüm bölgələrindən biri kimi çıxış edir. Hətta dövlət başçısı sonuncu dəfə Naxçıvanda Türkiyə Respublikasının Prezidenti ilə görüşündə də bu məsələyə diqqət çəkərək bildirmişdir: “…Naxçıvanın qazı, nefti olmasa da, Günəşi var və Naxçıvanda günəş elektrik stansiyalarının inşası ilə bağlı bizim böyük planlarımız var. Bu planlar gerçəkləşərsə, Naxçıvan “yaşıl enerji” zonasına çevrilə bilər. Çünki burada həm günəş, həm külək, eyni zamanda su elektrik stansiyalarının inşası üçün böyük potensial var və gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində “yaşıl enerji” ixracı da mümkün olacaqdır”. 
Təsadüfi deyil ki, son illərdə muxtar respublikada haqqında bəhs olunan enerji mənbələrindən təmiz enerji istehsalı məqsədilə bir sıra işlər görülüb. Xüsusilə yeni günəş və külək elektrik stansiyalarının tikilib istifadəyə verilməsi muxtar respublikada istehsal edilən ümumi enerjidə bərpa olunan enerjinin payını artırıb. Məsələn, 2023-cü ildə muxtar respublikanın elektrik stansiyalarında istehsal olunan elektrik enerjisinin 19,89 faizi su elektrik stansiyalarında, 12,75 faizi günəş elektrik stansiyalarında istehsal olunub ki, bu da stansiyalar üzrə sistemə ötürülən ümumi enerjinin 32,64 faizini təşkil edir. Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin məlumatına görə, havaların yağıntılı və Günəşli günlərin çox olması səbəbindən, hətta bu ilin aprel ayının bəzi günlərində muxtar respublikanın enerji təminatı tamamilə alternativ və bərpa olunan enerji mənbələri hesabına ödənilib.
Bunu da vurğulamaq lazımdır ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda qəbul edilmiş 11 prioritet istiqamətdən biri də elektrik enerjisi istehsalının və ixracının artırılmasıdır. Təbii ki, burada da əsas istiqamət alternativ və bərpa olunan enerji istehsalı və ixracı üzərinə yönəlib. Beləliklə, bir zamanlar çıraq işığı ilə aydınlanan Naxçıvan yaxın gələcəkdə “yaşıl enerji” ixracındakı hədəflərinə inamla addımlayır.    

Səbuhi HƏSƏNOV

 

Nəşr edilib : 29.04.2024 17:39