AZ EN RU

Çıraq işığında qəbul edilən qərarlar Naxçıvanın işıqlı gələcəyini təmin edib

Bu elektrik stansiyalarının istismara verilməsindən 17 il ötür

Mənfur qonşularımızın düşmənçilik siyasəti nəticəsində 1990-cı ildən etibarən elektrik enerjisi ilə yanaşı, təbii qazın da kəsilməsi, dəmir yolunun fəaliyyətinin dayandırılması Naxçıvanın bütün sahələrdə vəziyyətini çətinləşdirməyə başlamışdı. O dövrdə yalnız “Araz” Su Elektrik Stansiyasında istehsal edilən 15-20 meqavat gücündə elektrik enerjisi şəbəkələrə ötürülürdü. Bu isə muxtar respublikanın enerjiyə olan tələbatını ödəmək gücündə deyildi. Buna görə də muxtar respublika əhalisinin təkidli tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilən Ulu Öndərimiz Heydər Əliyevin yorulmaz fəaliyyəti və şəxsi nüfuzu sayəsində qonşu dövlətlərdən elektrik enerjisi alınmasını təmin etmək üçün təcili tədbirlər həyata keçirilməyə başlandı.

Dahi şəxsiyyətin qonşu dövlətlərlə danışıqlar aparması hesabına muxtar respublikanın elektrik enerjisi təminatında müsbətə doğru bir qədər dəyişiklik olsa da, lakin bu, azlıq edirdi. Ölkə paytaxtından neft, dizel yanacağının gəlməməsi elektrik enerjisinə olan tələbatı daha da artırırdı. Taleyin bir qisməti də o idi ki, belə ağır bir dövrü Ulu Öndərimiz naxçıvanlılarla birgə yaşayırdı. O da bizlər kim soyuq evdə, çıraq işığında yaşamağa məcbur idi. Lakin dahi şəxsiyyətin varlığı naxçıvanlılar üçün böyük təsəlli idi. Onlar başa düşürdülər ki, Naxçıvanı bu vəziyyətdən yalnız Heydər Əliyev dühası çıxara bilərdi. Elə bu cür də oldu. 1992-ci ildə görkəmli dövlət xadimi Naxçıvanda Ali Məclisin Sədri işlədiyi dövrdə Türkiyənin o vaxtkı Baş naziri Süleyman Dəmirəl tərəfindən Naxçıvana yeddi ədəd qaz-turbin elektrik qurğusu hədiyyə edildi. Dizel yanacağı ilə işləyən və 60 meqavat gücündə olan həmin qurğular  “Babək” elektrik yarımstansiyasında quraşdırıldı. Buna baxmayaraq muxtar respublika sakinlərinə fasilələrlə elektrik enerjisi verilirdi, artıq insanlar bu rejimə alışmağa başlamışdılar. Əvvəllər 6-8 saatdan bir iki saat, sonra 4 saatdan bir iki saat, daha sonra isə 2 saatdan bir iki saat olmaqla əhaliyə elektrik enerjisi verilirdi.

Sonrakı dövrlərdə əhalisi artan, iqtisadiyyatı inkişaf edən muxtar respublikamızda enerji sisteminin dayanıqlığını, enerji təhlükəsizliyini təmin etmək məqsədilə yeni generasiya gücləri tikilib istifadəyə verilmişdir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin mühüm mərhələsindən biri də 2006-cı ilin dekabr ayında muxtar respublikada gücü 50 meqavat olan Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasının təbii qazla işləmə rejiminə keçməsinin, Heydər Əliyev Su Anbarı üzərindəki 4.5 meqavat Su Elektrik Stansiyasının və 87 meqavat gücündə Naxçıvan Modul Elektrik Stansiyasının istismara verilməsi idi.

Belə ki, “Azərbaycan Republikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin  2 may 2005-ci il tarixli Sərəncamına əsasən, Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasının enerji turbinləri müqavilələrə və təsdiq olunmuş qrafikə uyğun olaraq dizel yanacağından təbii qaz ilə işləmə rejiminə keçirilmiş, stansiya və yarımstansiyanın bütün əsas avadanlıqları dəyişdirilmiş, yenidənqurma işləri aparılmışdır. Muxtar respublikanın  enerji təhlükəsizliyində və elektrik enerjisi ilə təminatında ən önəmli yerə sahib gücü 87 meqavat olan Naxcıvan Modul Elektrik Stansiyası 2006-cı ildə dekabr ayının 20-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən işə salınmışdır. Bundan əlavə, Heydər Əliyev Su Anbarı üzərinəki Su Elektrik Stansiyası da həmin tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istismara verilmiş, 35 kilovotluq “Şahbuz” hava elektrik verilişi xətti vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının enerji sisteminə qoşulmuşdur.

Elektroenergetika sahəsində təhlükəsizliyini təmin etmiş muxtar respublikamız artıq 2007-ci ildən başlayaraq qonşu dövlətlərə elektrik enerjisi ixrac edə biləcək bölgəyə çevrilmişdir. Bu gün muxtar respublikanın elektrik enerjisinin ümumi generasiya gücü 244,8 meqavat təşkil edən 2 İstilik Elektrik stansiyası, 5 Su Elektrik stansiyası, 3 Günəş Elektrik stansiyası, 1 Külək-Günəş Hibrid Elektrik stansiyası, 1 Külək Elektrik stansiyası vardır ki,  bu stansiyalardan 11-i müstəqillik illərində tikilərək istismara verilib. Sevindirici haldır ki, bu gün artıq Naxçıvan Muxtar Respublikası “yaşıl enerji” istehsalında mühüm bölgələrdən biri kimi çıxış edir. İnanırıq ki, muxtar respublikanın bu potensialı gələcəkdə qədim diyarın enerji təhlükəsizliyinə daha böyük töhfələr verəcək.      

Murad QULUZADƏ

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi  

Nəşr edilib : 22.12.2023 14:20