AZ EN RU

Çinlə dostluğun qızıl standartı: Bakı Pekin üçün etibarlı tərəfdaşdır

Çoxşaxəli xarici siyasət kursuna malik Azərbaycan bu gün beynəlxalq münasibətlər sistemində fəal rol oynamaqdadır. Müasir dünyanın mühüm əməkdaşlıq platformalarında uğurla təmsil olunan ölkəmiz həm də ikitərəfli və çoxtərəfli əlaqələr dairəsini genişləndirməklə bu münasibətlər sisteminə öz töhfəsini verir. Bu kontekstdə geostrateji güc mərkəzləri ilə siyasi-iqtisadi tərəfdaşlıq əlaqələri xüsusi əhəmiyyət kəsb edir və bu baxımdan XXI əsrin iqtisadi güc mərkəzinə çevrilən Çinlə münasibətlər Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir.

Çoxqütblü dünya düzəni formalaşdırmaq baxımından böyük potensiala malik Çin müstəqil xarici siyasət kursuna malik olan dövlətlərin əməkdaşlıq etmək istədiyi əsas ölkələrdəndir. Təsadüfi deyil ki, nüfuzlu araşdırma mərkəzləri Çinin dünya siyasətindəki mövqeyindən bəhs edərkən bu ölkənin təsir imkanları və perspektivlərini müəyyənləşdirmək üçün əhəmiyyətli amillərə diqqət yetirirlər. Birinci ona görə ki, Çin yeni dünya nizamında siyasi və iqtisadi prosesləri regional və qlobal miqyasda istiqamətləndirmək imkanlarına sahib ölkələrdən biridir. İkincisi, hazırda Çinin təkcə Avrasiya regionunda deyil, bütün dünyada gedən geosiyasi proseslərə təsir gücünə malik dövlətə çevrilməsi reallığıdır. Üçüncüsü, bu ölkə son 20 ildə dünyanın ən nəhəng iqtisadi və hərbi güclərindən birinə çevrilib. Nəzərə alaq ki, Çin daş kömür hasilatına, sement, polad, alüminium, pambıq parça istehsalına, həmçinin iqtisadiyyatın artım sürətinə görə dünyanın ən böyük dövlətləri arasında birinci yeri tutur.

İqtisadi baxımdan mühüm potensialı olan Çinlə bir çox ölkələr isti münasibətlər qurmağa can atır, ancaq hər ölkə də buna müyəssər olmur. Azərbaycana gəldikdə isə bu münasibətlər məxsusi əhəmiyyət daşıyır. Hər şeydən əvvəl Çin Azərbaycanın Cənubi Qafqazda hər keçən gün artan siyasi rolunu, iqtisadi qüdrətini, mühüm nəqliyyat-logistika yolları üzərində yerləşdiyini və enerji daşıyıcıları ilə zəngin olduğunu çox yaxşı anlayır. Çin gözəl bilir ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində açar ölkədir. Eyni zamanda Azərbaycan mühüm infrastruktur layihələri – müasir hava limanlarına, Xəzəryanı ölkələr içərisində ən böyük dəniz ticarət limanına, yenilənmiş avtomobil yollarına malik olan, tranzit daşımalarında əlverişli tarif siyasətini tətbiq edən etibarlı ölkədir. Bu gün Şərqdən Qərbə və geriyə yüklərin daşınması üçün ən qısa və səmərəli nəqliyyat marşrutunun Azərbaycandan keçdiyini də Çin yaxşı başa düşür. Və bütün bunların fonunda Çinlə Azərbaycan arasında münasibətlər son dövrlərdə daha da intensivləşib. Ötən il dövlət başçısı cənab İlham Əliyevin Çinin “China Global Television Network” televiziya kanalında yayımlanan müsahibəsi hər iki ölkə arasındaki əməkdaşlıq atmosferini çox gözəl şəkildə ifadə edir. Həmin müsahibədə İlham Əliyev Çin Prezidenti Si Cinpinlə yaxşı əlaqələri olduğunu, iki ölkə arasındakı yekdil siyasətin mövcudluğunu bildirmiş və qarşılıqlı münasibətlərin daha yaxşı səviyyəyə qalxacağını ifadə etmişdir. Təsadüfi deyil ki, cənab İlham Əliyevin Prezident seçkilərində qələbəsini ilk təbrik edənlərdən biri də Çin Prezidenti olmuşdur.

Azərbaycanla Çin arasında əlaqələrin mövcud vəziyyəti Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bu günlərdə Çinin rəsmi nəşrlərindən olan “Global Times” qəzetində dərc olunmuş müsahibəsində daha aydın görünür. Müsahibədə administrasiya rəsmisi bildirir ki, ölkəmizin yaxın dost və tərəfdaşı olan Çin ilə münasibətlərin inkişafı Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. İki ölkə arasında əla siyasi münasibətlər, iqtisadi-ticarət, o cümlədən enerji, nəqliyyat sahələrində yaxın əməkdaşlıq var. Şöbə müdiri qeyd edir ki, Azərbaycan ilə Çin arasında iqtisadi-ticari sahədə əməkdaşlıq üçün olduqca böyük potensial var. Azərbaycan Çini təkcə dost ölkə deyil, həm də bilik, təcrübə və texnoloji tərəqqi mənbəyi kimi qəbul edir. Prezident İlham Əliyev bu amilləri nəzərə alaraq Çin ilə əməkdaşlığı Azərbaycanın prioritetlərindən biri kimi müəyyənləşdirib. Bununla yanaşı, iki ölkə arasında iqtisadi-ticari münasibətlər davamlı inkişaf edir, Çin şirkətləri Azərbaycan iqtisadiyyatının diversifikasiyasında iştirak edir. Həmçinin Azərbaycan milli prioritetlərindən biri olan rəqəmsal və yaşıl keçid sahələrində Çini tərəfdaş kimi görür. Bu istiqamətdə əməkdaşlıq çərçivəsində Azərbaycanda bərpaolunan enerji avadanlığı və elektrik avtomobillərinin birgə istehsalı mümkündür.

Azərbaycan-Çin əməkdaşlığında “Bir kəmər, bir yol” təşəbbüsünü xüsusi vurğulayan Prezidentin köməkçisi bu xüsusda Orta Dəhlizin əhəmiyyətini qeyd edir, Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Çin ilə Avropa arasında vacib bağlantını təmin etdiyini deyir.

Müsahibədə Azərbaycanın COP 29-a ev sahibliyindən də danışılır və tədbirin Azərbaycanda keçirilməsinə dair qərarın verilməsi beynəlxalq ictimaiyyətin ölkəmizə hörmət və etimadının göstəricisi kimi qeyd olunur. Həmçinin Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə sahəsində Qlobal Cənub və Qlobal Şimal arasında anlaşma və həmrəyliyin qurulmasına çalışacağını bildirən administrasiya rəsmisi əlavə edib ki, ölkəmiz COP29 ilə əlaqədar fundamental məsələlər üzrə bütün tərəflərlə dialoqa açıqdır və bu istiqamətdə Çinin mövqeyini anlamaq üçün ilkin məsləhətləşmələrin və müzakirələrin aparılması bizim üçün çox vacibdir.

Hikmət Hacıyevin müsahibəsində Çinin COVID-19 pandemiyası dövründə “peyvənd milliyyətçiliyi” nümayiş etdirən bəzi Qərb ölkələrindən fərqli olaraq ehtiyacı olan ölkələrə, o cümlədən Azərbaycana peyvənd tədarük etməsi də xüsusi vurgulanır və bu amil iki ölkə arasında həmrəylik nümunəsi kimi qeyd olunur.

Beləliklə bütün bu deyilənlərdən belə nəticəyə gəlmək mümkündür ki, Azərbaycanla Çin hazırda qarşılıqlı inam və etimada əsaslanan potensial tərəfdaşlardırlar. Hər iki tərəf qarşılıqlı maraqlar əsasında bu əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılmasında iddialıdır. Çinin rəsmi mətbuat orqanı olan “Global Times”in Prezident adminstrasiyasının rəsmisi ilə müsahibəni “Dostluğun qızıl standartı” adlandırması da Çinin Azərbaycanla münasibətlərə böyük maraq və ehtiramla yanaşdığını göstərir.

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 29.03.2024 12:07