AZ EN RU

Çiğdem Ərdoğan Atabek: Azərbaycan tarixi günlər yaşayır

Türk qadını çox güclüdür. Dili, adət-ənənələri öyrədən məhz qadınlardır. Türk qadınları tarix boyu həyat yoldaşlarının yanında olublar, çətin günlərdə onlarla birgə addımlayıblar.

Bunu Türkiyə Böyük Millət Məclisinin Qadın və Kişi Bərabər İmkanlar Komissiyasının sədri Çiğdem Ərdoğan Atabek Azərbaycan Qadınlarının VI Qurultayı çərçivəsində oktyabrın 19-da “Gender məsələləri hüquqi müstəvidə: mövcud vəziyyət, qarşıda duran məsələlər” mövzusunda keçirilən panel müzakirələrdə deyib.

Əslən azərbaycanlı olduğunu deyən TBMM-nin nümayəndəsi Azərbaycanın tarixi günlər yaşadığını vurğulayıb.

“Can Azərbaycanı Müstəqilliyinin Bərpası Günü və suverenliyinin tam təmin edilməsi münasibətilə təbrik edirik. 2023-cü ildə Ulu Öndər Heydər Əliyevin 100 illiyi qeyd olunur, həmçinin ölkənin ərazi bütövlüyü tam bərpa edilib. Azərbaycan Qadınlarının VI Qurultayının məhz bu ildə təşkil edilməsi əlamətdar hadisədir”, - deyə TBMM-nin nümayəndəsi vurğulayıb.

Nəşr edilib : 19.10.2023 14:29