AZ EN RU

“Cibimizdəki dəlilik” Naxçıvan Dövlət Milli Dram Teatrının səhnəsində

Aprelin 19-da Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı  türkiyəli yazıçı Mehmet Ümit Görgülünün psixoloji dram janrında olan “Cibimizdəki dəlilik” əsəri əsasında səhnələşdirilən tamaşanı teatrsevərlərə təqdim etdi. 140 yaşlı yubilyarın klassik ənənələrə sadiq qalmaqla yanaşı, həm də zamanın çağırışlarına cavab verdiyinin, müasir tamaşaçının zövqünü oxşadığının  sübutu olan tamaşaya Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyev quruluş verib.

1970-ci ildə Türkiyənin İzmir şəhərində anadan olan yazıçı psixologiya və teatrla bağlı ali  təhsil alıb. Əsərləri həm kitab şəklində, həm də  müxtəlif qəzet və jurnallarda çap olunub. "Cibimizdəki dəlilik" əsəri  isə  ilk dəfə 2015-ci ildə çap olunub və Anadolu Teatr mükafatlarından birinə layiq görülüb. Müəllifin Türkiyədə və bir sıra  xarici ölkələrdə əsərləri tamaşaya qoyulsa da, “Cibimizdəki dəlilik” ölkəmizin teatr səhnəsində ilk yorumudur.

 “Cibimizdəki dəlilik” tamaşası qəliblərdən çıxan, çərçivələri yox edən səhnə həllidir. Tamaşa  klassik teatr anlayışı ilə müasir teatr anlayışının vəhdəti və ənənələrdən bəhrələnməklə yeniliyin tətbiqidir. Tamaşada əslində  tamaşaçının özü də “rol alıb”. Bu mənada, “Cibimizdəki dəlilik” öyrənilmişlikdən uzaq, daha səmimi, daha əlçatandır. Tamaşa həm də şüuraltı və gerçəkdə işlənmiş “cinayətlərin” qarşısını almaq üçün sənətin, necə deyərlər dövriyyəyə keçməsidir. Səhnə tərtibatı və musiqiləri ilə bir vəhdət təşkil edən, sona qədər alqışlarla müşayiət olunan tamaşada Doktorun (Məmməd Mehdiyev) yanına psixoterepiya üçün gələn Ü (Səməd Canbaxşiyev) tamaşaçıların arasına enir, onlara öz oyununda “rol verir”, sual ünvanlayır və düşündürür.

Mehmet Güngör həm də bir psixoloqdur, müalicə etdiyi xəstələrində dəliliyin yaranması və gətirib çıxaracağı nəticələr barədə geniş araşdırmasını ədəbiyyata, səhnəyə gətirib. Müəllif cəmiyyətin qanayan yaralarını sağaltmaq üçün ənənəyə sadiq qalaraq yenə ədəbiyyatı, sənəti, teatrı  seçib.

Tamaşada Ü ilə Doktorun dialoqu, təbii olduqca səmimidir. Peşəkar aktyor Səməd Canbaxşiyev tamaşaçıları yaxşı mənada öz “dəlili”yinə inandıra bildi və nümayiş etdirdiyi yüksək əyyarlı aktyorluq tamaşada rol alan gənc aktyorlar üçün də, necə dəyərlər, ustad dərsi oldu.

“Cibimizdəki dəlilik”də insanın insana yadlaşması, özündən, öz dəyərlərindən uzaqlaşması acı bir həqiqət kimi insanın üzünə çırpılır. İnsanlığın sevgidən, sədaqətdən, bütün müsbət insani keyfiyyətlərdən yoxsullaşdığının fərqində olan insanlar ya dəli olur, ya da zamanın axımına uyub yaşayırlar. “İnsan insanın dərmanıdır” fikrinin, əslində bütün xəstələrin reseptinə yazılmasının vacib  olduğu vurğulanır. Bizi biz edən dəyərlər- toy, yas, bayram adətləri, uzaqlaşdığımız ənənələr təmənnasız sevgi, sədaqətli dostuq unudulub, insanın insana inamı itib. Yerində daş kimi soyuq münasibətlər, göstərişli həyatlar, sevgiyə ac insanlar, getdikcə dərinləşən sosial bərabərsizlik var olub. Bütün bunlar isə insanların ciblərindəki dəliliyi əllərinə almağa vadar edir. Bəzən özünün, bəzən də bir başqasının qatilinə çevrilir…

Tamaşada aşpaz Əminə xalanın öz şəhərində azan səsindən sonra kiminsə rəhmətə getmə xəbərinə verdiyi reaksiya Ü-yü düşündürür. Yaşadığımız, bir parçası olduğunu düşündüyümüz, əslində bizə yad cəmiyyətdə sevgisizlik bizi təkləndirir, təklənən, yalnızlaşan, özündən uzaqlaşan insan cibində gəzdirdiyi dəliliyə sığınır, dəlilik təkliyin, kimsəsizliyin dərmanına çevrilir.

Şekspirin məşhur “Həyat bir səhnədir, biz isə oyuncuları” fikri ilə yekunlaşan tamaşanın izləyicisinə çatdırmaq istədiyi məqam isə əslində çox sadədir: Sevgi,  anlaşılmaq, dinlənilmək, səmimiyyət cibimizdəki dəliliklə mübarizə aparmağımıza kömək edə bilər.

“Cibimizdəki dəlilik” tamaşasında gənc aktyorlar Məmməd Mehdiyev, Ləman Vəliyeva, Uğur Nəsirli, Mehri Nəbiyeva, Anar Eyvazov, Amil Yusifov, Dünyamalı Orucov, Xalq artisti Rövşən Hüseynov, Əməkdar artist Əbülfəz İmanov, Səməd Canbaxşiyev kimi peşəkar aktyorlarla eyni  səhnəni bölüşüblər. Bu həm də sələflərdən xələflərə doğru sənətin uğurla yaşadıldığından, möhkəm çiyinlərdə inamla irəli addımladığından xəbər verir.

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

 

 

 

Nəşr edilib : 20.04.2023 16:15