AZ EN RU

Cəzaçəkmə müəssisəsində maarifləndirici tədbir keçirilib

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı tədbirlər planı çərçivəsində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının və Məhkəmə Ekspertizası Mərkəzinin iştirakı ilə 17 may 2024-cü il tarixdə Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində “Məhkum olunmuş şəxslərə hüquqi və psixoloji yardımın göstərilməsi” mövzusunda tədbir keçirilib.  

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, həmçinin ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Penitensiar Xidmətin Təşkilat-nəzarət şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Əli Rəhimov bildirib ki, cəza çəkən şəxslərin hüquqi maarifləndirilməsi, onlara hüquqi və psixoloji yardımların göstərilməsi xidmətin daim diqqətindədir. Bugünkü tədbir də məhz məhkum olunmuş şəxslərə hüquqi və psixoloji yardımın göstərilməsi üçün nəzərdə tutulub.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Psixologiya Ekspertiza böməsinin rəisi, II dərəcəli ədliyyə qulluqçusu Valeh Fərəcov məhkumlarda qarşıya çıxan psixoloji problemlər və onların həlli yolları, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının üzvü Mircəlal Seyidov isə cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsi mövzusunda çıxışlar edib.

Daha sonra Vəkillər Kollegiyası tərəfindən ayrılmış 3 vəkil cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumlarla görüşüb, onlara ödənişsiz hüquqi yardım göstərib. Görüş zamanı məhkumları maraqlandıran suallar cavablandırılıb, mülki və cinayət qanunvericiliyinin müddəaları izah edilib, bir sıra yazılı və şifahi məsləhətlər verilib.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2 ekspert psixoloqu da müxtəlif rejimlərdə cəza çəkən məhkumlarla görüşüb, 20 nəfər psixoloji yardıma ehtiyacı olan şəxslə təklikdə görüş keçirilib.

Məhkum Cəfərzadə İbrahim onlara göstərilən diqqətə görə dövlətimizə təşəkkür etdiyini bildirib, bu tədbirlərin davamlı olmasını arzulayıb.

Penitensiar xidmətin rəhbərliyinin göstərişi ilə ayda iki dəfə bu tədbirlərin keçirilməsi qərara alınıb.

Fariz ƏHMƏDOV

Nəşr edilib : 17.05.2024 17:39