AZ EN RU

Cəzaçəkmə müəssisəsində cəzaçəkən məhkum valideynlər ilə uşaqlarının görüşü təşkil olunub

Tədbir Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidməti tərəfindən “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi”nin qeyd edilməsi,  18 may-18 iyun İnsan hüquqları ayı çərçivəsində və 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil edilib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Təşkilat-nəzarət şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Əli Rəhimov bayram münasibətilə uşaqları və onların valideynlərini təbrik edərək Ümummilli Liderimiz Heydər Əliyevin başlatdığı uşaq siyasətinin dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uğurla davam etdirdiyini, dövlətimiz tərəfindən uşaqlara göstərilən diqqət və qayğıdan,  azad olunmuş torpaqlarımızda uşaqlarımızı nəzərə alaraq, ilk növbədə, məktəb və uşaq bağçalarının, idman meydançalarının tikilməsindən danışaraq, Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin rəhbərliyinin təbriklərini tədbir iştirakçılarına çatdırıb.

 Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin, Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin “Araz” ansamblı konsert proqramı ilə çıxış edib, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla teatrının şən klonları tədbiri canlandıraraq  uşaqlar üçün əyləncəli və yaddaqalan ediblər.

 Uşaqların yaradıcı potensialını, şəkil çəkmək bacarıqlarını nümayiş etdirmələri üçün onlara rəngli qələmlər və albomlar hədiyyə olunub. Onlar valideynləri ilə birlikdə rəsm çəkərək əyləncəli vaxt keçiriblər. Sonda  Penitensiar Xidmətin rəhbərliyi tərəfindən uşaqlara bayram münasibətilə  müxtəlif hədiyyələr verilib.

Qadın məhkumlara uzaqda olan uşaqları ilə videogörüntü vasitəsilə əlaqə saxlamaq şəraiti də yaradılıb ki, onlar da öz övladlarının bayramını təbrik etməyə müyəssər olublar. Tədbirdə 12 nəfər məhkum və 14 uşaq iştirak edib.

Nəşr edilib : 01.06.2024 14:11