AZ EN RU

Cəzaçəkən şəxslər üçün növbəti dəfə ödənişsiz hüquqi və psixoloji yardım göstərilib

İyunun 25-də “Naxçıvan Muxtar Respublikası”nın 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində “Məhkum olunmuş şəxslərə hüquqi və psixoloji yardımın göstərilməsi” mövzusunda tədbir keçirilib.

Tədbir əvvəlcə Penitensiar Xidmətdə dəyirmi masa arxasında başlayıb. Ədliyyə Nazirliyin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə polkovniki Emin Kazımov tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuş cəza çəkən şəxslərin hüquqi maarifləndirilməsi üçün müntəzəm tədbirlərin təşkili, onlara hüquqi və psixoloji xidmətlərin göstərilməsi Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin daim diqqətindədir. Tədbirlərin keçirilməsində məqsəd cəzaçəkmə müəssisələrində cəzaçəkən məhkumların normal sosial faydalı həyata adaptasiya olunmasını və bu sosial qrupdan olan şəxslərin hüquqlarının daha səmərəli müdafiəsini təmin etməkdir.

Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri  Vüsal Həsənov  və  Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi Rafiq Cəfərov cəza çəkən məhkumların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsi, eyni zamanda məhkumlarda qarşıya çıxan psixoloji problemlər və onların həlli yollarına müsbət təsir edəcəyindən bəhs ediblər.

Penitensiar Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində davam edən tədbirdə ekspert-psixoloqlar və vəkillər tərəfindən məhkumlarla maarifləndirici görüş keçirilib, tədbirin mahiyyəti diqqətə çatdırılıb.

Daha sonra Vəkillər Kollegiyası tərəfindən ayrılmış vəkillər və pisxoloqlar cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumlarla fərdi qaydada görüşüb, onlara ödənişsiz hüquqi yardım göstərib. Görüş zamanı məhkumları maraqlandıran suallar cavablandırılıb, mülki və cinayət qanunvericiliyinin müddəaları izah edilib, bir sıra yazılı və şifahi məsləhətlər verilib.

Cəza çəkən şəxlər onlara göstərilən diqqətə görə dövlətimizə təşəkkür edib, bu tədbirlərin davamlı olmasını arzulayıb.

Qeyd edək ki keçirilən tədbir zamanı 20 nəfərə hüquqi, 16 nəfərə isə psixoloji yardım göstərilib.

Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 25.06.2024 14:42