AZ EN RU

Ceyhun Bayramov: Xəzər dənizi sülh, dostluq, əməkdaşlıq məkanına çevriləcək

Dekabrın 5-də Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin geniş tərkibdə görüşü keçirilib.

Görüşdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çıxış edib.

Nazir bildirib ki, hazırkı görüş regionda yüksək qeyri-müəyyənlik şəraitində keçirilir və bu, tərəflərdən Xəzərin hüquqi statusu haqqında Konvensiyada qeyd olunan ölkələrin ərazi bütövlüyü, suverenliyi, güc tətbiq edilməməsi kimi bəndlərə riayət olunmasının vacibliyini önə çəkir. Beləliklə, Xəzər dənizi sülh, dostluq, əməkdaşlıq məkanına çevriləcək.

C.Bayramov uzun illər müzakirə olunmuş və 2018-ci ildə imzalanmış Xəzərin hüquqi statusu haqqında Konvensiyanın tezliklə qüvvəyə minməsinin əhəmiyyətini diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycan 16 beynəlxalq hüquqi sənədin 15-nin iştirakçısıdır.

Nazir Xəzər regionunun investisiya cəlbediciliyinin artırılması, Xəzəryanı ölkələrin iqtisadi rəqabətqabiliyyətliliyinin yüksəldilməsi istiqamətində fəaliyyəti genişləndirməyə çağırıb.

C.Bayramov diqqətə çatdırıb ki, Azərbaycan Xəzərdə ən iri ticarət donanmasına malikdir. Eyni zamanda, yükdaşımaların artırılması üçün ölkəmiz Ələt dəniz limanın modernləşdirilməsi istiqamətində iş aparır.

Görüşdə, həmçinin Rusiya XİN-in başçısı Sergey Lavrov, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu və Türkmənistanın XİN başçısı Rəşid Meredov çıxış ediblər.

Nəşr edilib : 05.12.2023 15:42