AZ EN RU

Ceyhun Bayramov Hakan Fidanla birlikdə QDİƏT XİN Şurasının videokonfrans formatında iclasında iştirak edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanla birlikdə iyunun 13-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının videokonfrans formatında 46-cı iclasında iştirak edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, QDİƏT-in fəaliyyətdə olan sədri, Serbiya Respublikası Baş nazirinin birinci müavini və xarici işləri İvica Daçiçin sədrliyi ilə keçirilən iclasda çıxış edən nazir Ceyhun Bayramov tədbir iştirakçılarına Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işləri, Azərbaycan tərəfindən regionda sülhün təmin edilməsi istiqamətində səyləri barədə ətraflı məlumat verib.

Nazir işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılmasının, ölkəmizin təşəbbüskarı və iştirakçısı olduğunu beynəlxalq nəqliyyat-kommunikasiya bağlantılarının, habelə Zəngəzur dəhlizinin yaradılmasının müsbət təsirlərini diqqətə çatdırıb. Avropaya qaz ixracı və bu istiqamətdə imzalanan sazişlərin əhəmiyyəti vurğulanıb.

Azərbaycanın QDİƏT-in Mədəniyyət, Turizm, İKT, İnstitusional İslahatlar və Yaxşı İdarəçilik, eləcə də Kiçik və Orta Müəssisələr üzrə İşçi Qruplarında əlaqələndirici-ölkə rolunu həyata keçirdiyi qeyd edilib.

Ölkəmizin, eyni zamanda, 2023-cü ilin iyulun 1-dən etibarən 2 il müddətinə QDİƏT-in Enerji üzrə İşçi Qrupunda ölkə-əlaqələndiriciliyi funksiyasını da öz üzərinə götürdüyü bildirilib.

İclasın sonunda yekun protokol və bir sıra vacib qərarlar qəbul olunub, sədrlik Serbiyadan Türkiyə Respublikasına təhvil verilib.

Nəşr edilib : 13.06.2023 17:54