AZ EN RU

Çətinlikdən tərəqqiyə doğru

    Məqaləni məişət şəraiti ürəyimcə olan – qaz sobası yanan işıqlı bir otaqda yazıram. Otağımız isti və rahatdır. Uzun illər arzusunda olduğumuz kimi...
    Fikir, düşüncə məni 32-33 il əvvələ qaytarır. Soyuq qış gecəsi, neft lampasının işığı – odun sobası gah yanır, gah sönür. Evdəkilər kül aparıb, odun gətirməkdən, mən isə qış günündə odun yarmaqdan lap yorulmuşdum. Nə qədər çalışsam da, ailəm üçün lazımi məişət şəraiti yarada bilmirdim. Yanan neft lampasının işığında gözüm yaxşı görmürdü. Buna görə də oxuduğum kitabı, yazdığım yazını tamamlaya bilmirdim. Hirslənib özümdən çıxırdım. Gün-güzəranımızdan gileylənməyə başlayırdım: “Görəsən, nə vaxt biz də ürəyimiz istəyən kimi yaşaya biləcəyik”, – deyə az qala üsyan edirdim. Elə onda rəhmətlik anam məni sakitləşdirərək deyirdi:
    – Oğul, elinən gələn dərd toy-bayram sayılar. İnşallah, bir neçə ildən sonra bu günləri xatirə kimi yada salarsan. Hər şey yaxşı olacaq. Allah dövlətimizə qədir-qiymət bilən insanlar nəsib etsin ki, onlar da bizim üçün yaxşı gün-güzəran yaratsınlar. Darıxma, qara günün ömrü az olar. Sabah gündüz yazıb, oxuyarsan. 
    Beləcə, anamla söhbətdən sonra bir qədər sakitləşib, yenidən öz işimi görərdim və düşünərdim ki, sabah hansı işləri görəcəyəm. Naxçıvana gedib un və neft alıb gətirməliyəm. Un azalıb, neft tükənib. Elə bir dövr idi ki, yollar bağlanmışdı, mənfur düşmənlərimiz məkrli niyyətlərini həyata keçirmək üçün bu bölgəni blokadaya almışdılar.
    Həmin vaxtlar Naxçıvan şəhərində və yerlərdə oğurluq, quldurluq, natəmizlik, antisanitariya son həddə çatmışdı. Bəzi insanlar isə bundan özünə sərf eləyən şəkildə istifadə edirdilər. Gənclər “başlı-başını” saxlasın zamanında zərərli vərdişlərə aludə olmağa başlamışdılar. Bu isə ziyalıları, ictimaiyyət nümayəndələrini və demək olar ki, hər kəsi narahat edirdi. Bu səbəbdən insanlar günün günorta çağı belə küçəyə çıxmağa ehtiyat edirdi. 
    İctimai asayişin pozulduğu, əmin-amanlığın xaosla əvəz olunduğu bir vaxtda ailələrdə çox ciddi məişət və iqtisadi problemlər yaranmışdı. Elə bu səbəbdən insanların sabaha olan ümidi azalırdı. Belə bir dövrdə sərhədlərimizdə gecənin qaranlığını yaran, sakitliyini pozan atəş səsləri yuxumuzu ərşə çəkmişdi. Başımıza gələn müsibətlər azmış kimi, 20 Yanvar faciəsini də yaşadıq. O gecə xalqımızın birliyi, həmrəyliyi dünyanı heyrətə saldı. Şəhidlər verdik, dəhşətli günlər yaşadıq. Ulu Öndərimiz Heydər Əliyev Moskvadakı Azərbaycan Nümayəndəliyinə gələrək xalqımıza başsağlığı verdi. Məhz bundan sonra dünya ictimaiyyəti hadisədən xəbər tutdu.
    O dəhşətli günlərdə yurdumuzun başı üzərində bir Günəş doğdu. Hamının qəlbi işıqlandı. Xalqımız hiss etdi ki, arxasında güclü dövlət, dövlətinsə başında millətsevər rəhbər – Ulu Öndər kimi dahi şəxsiyyət dayandıqca bu xalq var olacaq, yaşayacaq və inkişaf edəcək.
    Əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyev Naxçıvana qayıtdı. Fəxr edirəm ki, həmin dövrdə mən də Ulu Öndərimizlə görüşmüşəm və O mənə atam haqqında xoş sözlər deyib. Bu qayıdış sabaha gedən yolumuzun təməlini qoydu. İnsanların arzusu və istəyi ilə Ulu Öndər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildi. Bir qədər sonra Ulu Öndər ölkəmizə rəhbərlik etməyə başladı. Bundan sonra dövlətimiz hərtərəfli inkişaf yoluna qədəm qoydu. İstər mənəvi, istərsə də maddi cəhətdən xalqımızın vəziyyəti yaxşılaşmağa başladı. Xalqımızın sabaha olan ümidləri artdı. Çətin günlərimiz arxada qaldı. Həyatımızda hiss olunacaq dəyişikliklər özünü göstərdi. İnkişaf xəttini tutan dövlətimiz günbəgün gücləndi. Bu inkişaf, bu tərəqqi sayəsində yaşadığımız çətin günləri tərəqqi dövrü əvəz etməyə başladı. Düşmən də uğurlarımızı görüb qınına çəkildi. Sərhədlərimiz möhkəmləndi. İqtisadi uğurlarımız yaşamımızda, həyat tərzimizdə özünü göstərdi. Quruculuq siyasəti ən ucqar dağ kəndlərindən biri olan Kükünün də hüsnünə bir naxış çəkdi.
    Qaz, elektrik enerjisi insanların tələbatı səviyyəsində nəql olundu. Kommunikasiya xətləri yenidən quruldu. Yollar, küçələr, səkilər yeniləşdi. Müasir sosial obyektlər – məktəb binaları, səhiyyə müəssisələri yeni layihələr əsasında inşa olunaraq əhalinin istifadəsinə verildi. Kənd təsərrüfatının bütün sahələri inkişaf etməyə başladı. Sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi nəticəsində yerli məhsulların istehsalı ilbəil çoxaldı. Qaçqın, köçkün, şəhid ailələri, qazilər üçün fərdi mənzillər tikildi. Sadalamaqla, saymaqla bitib-tükənməyən bu işlər sayəsində indi biz ömrümüzün ən gözəl günlərini yaşayırıq. Çünki arzularımız gerçəkləşib. Artıq bu gün dövlət başçımızın Heydər Əliyev siyasətinə dönməz sədaqəti, prinsipallığı, iradəsi nəticəsində ölkəmizin digər bölgələri ilə yanaşı, doğma Naxçıvanımız da inkişafın yeni mərhələsini – tərəqqi dövrünü yaşayır.
    Əhalinin həm iş, həm də məişət şəraiti bəzi Avropa ölkələri ilə müqayisədə, ən yüksək səviyyədədir. İndi hər bir azərbaycanlı qürur hissi keçirir ki, onun arxasında iqtisadi inkişafın, sosial tərəqqinin, mədəni intibahın gücləndiyi bir dövlət durur.
    2020-ci ilin 44 günlük Vətən müharibəsi xalqımızın tarixində heç vaxt unudulmayan il oldu. Respublikamızın Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə, Azərbaycan əsgərinin igidliyi sayəsində şəhidlərin qanı axmış tarixi Qarabağ torpağımız geri alındı. 
    Bütövlükdə, Azərbaycanın hərtərəfli inkişafına, yeniləşməsinə, tərəqqisinə yeni-yeni töhfələrin verilməsi yalnız bir məqsədə xidmət edir. Bu da insanların yaxşı yaşamasını təmin etmək, inkişaf və tərəqqi sayəsində dövlətimizin qüdrətini artırmaqdır.
    Müstəqillik illərində uğurla addımlayan respublikamızın keçdiyi yola nəzər salanda görürük ki, bu tərəqqinin əvvəlində kasıblıq, yoxsulluq, sonunda isə intibah var. Belə bir dövlətin vətəndaşı olmaq, görülən işlərə az da olsa, töhfə vermək və bu xalqın bir nümayəndəsi olmaq qürur doğurur. Mən inanıram ki, yaxın gələcəkdə bir daha böyük uğurlardan, nailiyyətlərdən ürəkdolusu danışacağıq.

Yunis QULİYEV
A.Quliyev adına Kükü kənd tam orta məktəbinin təqaüdçü 
müəllimi, “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi

Nəşr edilib : 23.02.2023 20:42