AZ EN RU

Cəsur ömrün Vətən məramı

    Ətrafdakı sükutu ayaq səsləri pozurdu, bir də şəhidlərin azadlıq fəryadı... Minlərlə canım torpaq uğrunda fəda olduğu igidlərin məkanı idi sözügedən yer. Hansı ki rahatsız günlərə, yuxusuz gecələrə, Vətən həsrətinə son qoyanların – şəhidlərin məkanı idi bura. Vətən eşqinin gücü ilə asfaltı yarıb göyərən ot kimi düşməni yarıb keçmişdi şəhidlərimiz. “Torpaq” fəryadını “Qələbə” müjdəsi ilə əvəz edən qəlblərin bayram etdiyi gündə, ən uca məqama qalxanlar idi şəhidlərimiz. Məzarın üzərindəki qərənfili yenisi ilə əvəz edəndə sanki qəlbindəki qardaş həsrətini də yeniləmişdi. Həmin an yaddaşı çox yox, sadəcə, bir neçə il keçmişə, qardaşının olduğu günlərə aparmışdı onu. Gülüşü ilə anasının qəlbini od kimi isitdiyi günlərə. Bəli, hər şey yerində idi, ancaq Arifdən başqa. Bacısının xülyaları artıq onu Arifin həyatının sonuna, yəni şəhid olduğu, artıq həyatda olmadığı zamana gətirmişdi. Demək çətin olsa da, həqiqət bu idi. Bunu düşünəndə qardaşının hələ də yoluna dikilmiş gözlərindən bir damla yaş axmışdı. Amma artıq qardaşının saçlarına toxunmayan əlləri ilə dərhal həmin göz yaşını sildi. Axı Arif onu ağlayan görmək istəməzdi... 
    Ailəsinin ilk övladı idi Arif Firuz oğlu Abbaslı. O, 15 dekabr 1993-cü ildə dünyaya gözünü açmışdı. Gəlişi ilə ailəsinin çətinlik dolu həyatına bir gözəllik qatmışdı. Yox, bir yox, min gözəllik. O, həyat adlı səhnədə ilk addımlarını atır, qarşısında duran uzun yolu yeni dərk edirdi. Həyatın bütün çətinliklərinə rəğmən xoşbəxtliyini gözlərindəki, üzündəki tək bir təbəssümə sığdırmışdı. Təbəssümünün gözəlliyi qədər də xəyalları var idi Arifin. Lakin tamamlanmayan təbəssümü kimi xəyalları da yarım qaldı. Kim bilər, bəlkə də, şəhid olaraq ən böyük xəyalına çatmışdı?! Anasının cadar-cadar olan əllərinə baxanda sanki Arifin qəlbi də belə olurdu. Atasının üzündəki yorğunluğu öz gülüşü, səsi ilə yox edirdi. İndi isə gülüşü də, səsi də yox idi. Elə gülümsəməsi ilə ruh oxşayan çöhrəsi kimi. Arifin şəkillərinə baxanda itkin siması gözə gəlirdi. Çox qısa bir müddətlik olsa da, şəkilləri reallığı əvəz edirdi. Şəkillərindən əks-səda verən o qürurlu baxışlar qürurlu bir xalqın əzəmətinin güzgüsü idi. Bu güzgüdə yalnız əzəmətin deyil, bir xalqın qəhrəmanlığının, iradəsinin, Azərbaycançılıq ideologiyasının yansıması var idi. Bu iradə bizi dağ kimi sarsılmaz, ümman fəryadı kimi parlaq qələbəyə çatdırmışdı. Sadəcə, qəlbimizdə yara var idi, tək bir yara. 3000 şəhid, 3000 igid. Hansı ki gözəlliyi, xoşbəxtliyi gözlərində aparan igidlər. O igidlər ki həyatın gözəlliyini özləri ilə birlikdə məzara dəfn etmişdilər... 
    Məzarın üzərində qönçələyən çiçək də, bu gözəlliyin əzəməti idi. 30 illik əsarətin qurtuluş rəmzinin yaradıcısı idi bu şəhid. Ömrünün qönçə çağında ölümün gözünə dik baxmışdı bu şəhid. Şəhidlik arzusu Arifin yuxusuz gecələrinin əlçatmaz arzusuna çevrilmişdi. Axı onlar mürəkkəblə yazılan saxta tarixi qanla yazılan Qurtuluş Dastanına çevirmək arzusunda idilər. Müharibə sözü Arifin qəlbində illərdir, alışan Vətən sevgisini, torpaq həsrətini, qisas istəyini heç vaxt sönməyən bir məşəl kimi alovlandırmışdı. Çətinliyə dözməyən, heç nəyə dözməz! – bu sözlərlə başladı, azadlıq carçısının şəhidlik hekayəsi. Güllə də diksindi baxışından bu igidin, nəinki yağı düşmən. Vətən naləsi idi ona bu iradəni, bu gücü verən. Axı biz türkük, axı biz türk qanı daşıyırıq.

İlknur HAQVERDİYEVA
Şəmsiyyə MUSAYEVA 
Kəngərli rayonu, Qıvraq qəsəbə tam orta 
məktəbinin 10-cu sinif şagirdləri

Nəşr edilib : 24.02.2023 22:16