AZ EN RU

Çeşməbasar və Güznüt kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

Babək rayonunun Çeşməbasar kəndinin içməli su təminatını yaxşılaşdırmaq üçün Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabe idarəsi olan Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi tərəfindən diametri 125 millimetr olan polietilen borularla 3300 metr uzunluğunda ana xətt çəkilib. Cəmiyyətin mətbuat xidmətindən aldığımız məlumata görə kəndin məhəllələrinə müxtəlif diametrli borularla uzunluğu 3000 metr olan yeni içməli su xəttinin çəkilməsi nəzərdə tutulub. Hazırda bu məqsədlə Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi tərəfindən qazıntı işləri aparılır.
Rayonun Güznüt kəndinin də içməli su təminatının yaxşılaşdırılması diqqətdə saxlanılır. Məlumatda qeyd olunur ki, kəndin içməli su təminatının yaxşılaşdırmaq üçün 160 millimetrlik plastik borularla 3066 metr uzunluğunda içməli su xətti çəkilib. Hazırda kəndin digər məhəlləsinin su təminatını yaxşılaşdırmaq məqsədilə müxtəlif diametrli boru xəttinin çəkilməsi üçün boru xəttinin yerinin hamarlanması işləri aparılır.

Nail ƏSGƏROV

Nəşr edilib : 29.01.2024 17:53