AZ EN RU

Cənnətdən süzülür şəhid bulağı…

    Tarixən su çəkdirmək, bulaq tikmək xeyir iş, savab əməl sayılıb. Çünki neçə-neçə nəsillər, yaxın-uzaq ellərdən gələn qonaqlar həmin bulaqların gözündən su içib bu işin təşəbbüskarlarını hörmətlə yad ediblər. İndi Culfanın Əlincəçay boyunca uzanan kəndlərində inşa olunan bulaq abidələr də xeyirxah əməl kimi qiymətləndirilir. Bu bulaqlar nəinki culfalılar, hər bir azərbaycanlı üçün əzizdir, doğmadır. Çünki onlar mövzusu tarixi Zəfərin memarları olan, qanları və canları ilə tarix yazmış şəhidlərin xatirəsinə salınıb. 

    Bu kəndlərin yetirmələrinin bir çoxu I və II Qarabağ müharibəsində dastan yazanlardan, şərəfli ölümləri ilə əbədi yaşamaq hüququ qazananlardan olublar. İndi isə həmkəndliləri onların xatirəsinə bulaq-abidələr inşa ediblər. Böyük Qələbəmizin simvolu olan xarıbülbül bəzəyir bu bulaqları, hər su damlasında müqəddəs şəhidlərimizin adı, xatirəsi, şərəfli döyüş yolu yaşayır: 

        Nə əzmi azaldı, qüruru söndü,
        Zamanı qocaltdı, tarixi yendi,
        Zəfər şərqisiylə evinə döndü,
        Hər şəhid tarixin qızıl varağı, – 
        Cənnətdən süzülür Şəhid bulağı.  

     Hər şəhid Vətənin qürurudur. Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olan oğullarımızın adını əbədiləşdirmək, xatirəsini əziz tutmaq üçün bütün bölgələrimizdə onların adına abidələr qoyulur, parklar salınır, şəhid bulaqları yaradılır. İnsanlar həmin bulaqların suyunu içməklə şəhidlərimizin ruhunu yad edir: 

        Ey Şəhid! Gözlərin bulağı oldun,
        Ruhundan qəlblərin çeşməsi daşır.
        Hər qəlbdə, könüldə doğma iz qoydun,
        Hər evdə-ocaqda adın dolaşır.  

    Başdan-başa vətənpərvərlik ruhu, doğma yurda bağlılıq məramı ilə dolub-daşan bu təşəbbüslə xalqımız bir daha göstərir ki, şəhidlər baş tacı kimi əbədi olaraq qəlbimizdə yaşayırlar. Ərəzin kəndindən başlamış üzü Boyəhməd, Ləkətağa qədər uzanan bütün kəndlərimizdə inşa olunan bulaqlar həm də Vətən övladlarının xatirəsinə dərin ehtiramın ifadəsidir. İndi bu bulaqların suyundan içən hər bir kəs torpaqlarımızın azadlığı yolunda canını fəda etmiş qəhrəmanlarımızın ruhlarını sayğıyla yad edir, onu mənəviyyat dünyamızda qaynayan çeşməyə bənzədirlər.  
    Tarix durduqca yaşayacaq bu savab əməl, bu bulaqlar digərlərindən fərqlənəcək, seçiləcək. Çünki bulaqlarda Amin, Şamil, Vəli, Hafis, Miryasin, Ramazan, Kənan kimi qəhrəman oğulların ruhu yaşayır. 
    Kəndlərimizdə olan bütün bulaqları bir-bir gəzir, suyundan içirik. Bu bulaqların ətrafında həm də yaşıllıqlar salınmış, buradan ötənlərin istirahəti üçün də şərait yaradılmışdır. Camaldın kəndindəki bulağın yanında dayanırıq. Məktəbyaşlı uşaqlar bulağın suyundan elə şirin-şirin içirdilər ki, biz də o sudan dadmaq istədik. Bulağa yaxınlaşanda uşaqlardan biri dedi: – Əmi, siz də qəhrəman olmaq istəyirsiniz? Qəhrəman olmaq üçün bulaqdan su içirsiniz? Uşağın sevincdən gözləri parıldayırdı. Qiymətli bir şey tapıbmış kimi üzündə yaranan sevinc ifadəsini hiss etməmək mümkün deyildi. Nə deyəcəyimizi, nə cavab verəcəyimizi fikirləşirdik ki, balaca əlavə etdi: – Hələ dərs zamanı müəllimimiz deyirdi ki, kim bu bulaqdan su içərsə, o da qəhrəman olar. Biz də hər gün bu bulaqdan su içirik. Təkcə biz yox, yoldan keçənlər də maşınlarını saxlayıb su içirlər. Yəqin, onlar da qəhrəman olmaq istəyirlər!  
    Qeyd edək ki, Camaldın kəndi Vətən müharibəsi zamanı iki şəhid verib. Bütün şəhidlərimiz kimi, onlar da doğulub boya-başa çatdığı kəndin qürur mənbəyidir. İçimizdən qəribə duyğular keçir. Balaca məktəblinin bu sözləri qarşısında kirpiklərimdən dənələnib süzülən yaş yanağımı isladaraq üzüaşağı axır. Araya lal bir sükut çökür. Nə meh var, nə də bir yarpaq tərpənir. Sükutu pozuruq… Günəşin zəif şüaları ilə şəffaflaşaraq axan bulaqdan doyunca su içirik. Bulaqların buz kimi sərin suyu, qəlbimizə rahatlıq gətirir. Qanı-canı ilə yurdumuza, Vətənimizə, sinəsi yaralı cənnət Qarabağımıza əbədi sərinlik, xoşbəxtlik gətirən oğullarımızın şərəfinə tikilmiş bulaqların suyundan içdikcə isti havanı, bütün qayğıları unuduruq, canımıza rahatlıq gəlir.    
    Düşünürəm ki, bu igidlərin həyatlarına yazılan tale nə qədər rəhmətlə, gözəl yazılıb. Sağ ikən Vətəni qoruyan bu igidlər, əməlləri ilə yurda azadlıq gətirən oğullarımız indi də qəlbimizi, ruhumuzu sakitləşdirib, sərinləşdirirlər.  
    Nə qədər ki Azərbaycan var, nə qədər ki yüksələn üçrəngli Azərbaycan bayrağı var, bir o qədər də şəhidlərimiz, onların qəhrəmanlıq dastanları yaşayacaq, onlar haqqında illər uzunu danışılacaqdır. 
    Vətən, torpaq uğrunda canından keçənlər, özlərini fəda edənlər ölmürlər. Aylar, illər, fəsillər keçdikcə, onların göstərdiyi igidliklər dillərdə gəzir, nəsildən-nəslə ötürülür. Bir sözlə, torpaqlarımızın azadlığı yolunda çalışan, vuruşan heç kəs unudulmur, xalqımızın tərəqqisi, istiqlalı, nurlu gələcəyi naminə edilən heç nə yaddan çıxmır. Çünki hər bir şəhid Vətənin mənəvi ucalığıdır.

Alim AĞAYEV
“Arazın səsi” qəzetinin redaktoru

Nəşr edilib : 14.07.2022 19:59