AZ EN RU

Cənab Prezidentin Naxçıvan ictimai mühitinə növbəti töhfəsi

Naxçıvan Muxtar Respublikasının 100 illik şərəfli tarixinə şahidlik edən, bəşəriyyətin əsas sivilizasiya mərkəzlərindən olan doğma Naxçıvanın müxtəlif tarixi mərhələlərdə ictimai-siyasi, ədəbi-mədəni proseslərini işıqlandıran, millilik və maarifçilik ideyalarının təbliğində mühüm rol oynayan, milli şüurun və təfəkkürün aşılanmasında müstəsna tarixi xidmətləri ilə seçilən “Şərq qapısı” ölkəmizin milli müstəqil mətbuatının əsasını qoymaqla böyük bir missiyanı gerçəkləşdirib.

“Şərq qapısı” sovet qılıncının kəsdiyi bir zamanda qəzetlərdə məcburi şəkildə yazdırılan “Bütün ölkələrin proletarları, birləşin!” şüarı ilə deyil, “Birlik və demokratiya uğrunda” çağırışlı başlıqla oxucusunun qarşısına çıxması mətbuat tarixində nadir hadisələrdən biri idi.

Ən ağır iqtisadi böhranda, ən gərgin bir vaxtda – erməni işğalı təhlükəsi ilə üz-üzə qaldığımız vaxtda isə Ulu Öndərin yüksək qayğısı ilə qəzetin fəaliyyəti təmin edildi, bağlanmasına imkan verilmədi, maddi təminatı hər zaman diqqətdə saxlanıldı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 1 may tarixdə imzaladığı “Media haqqında” Azərbaycan Respublikası Qanununun 59.2-ci maddəsinə müvafiq dəyişiklik edilməklə Azərbaycan Respublikasında çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının siyahısına Naxçıvan Muxtar Respublikasının Ali Məclisi də əlavə olunmaqla “Şərq qapısı” qəzetinin təsisçisi statusunun qanunvericilikdə təsbit edilməsi və qəzetin fəaliyyətinin təmin olunmasının hüquqi əsasını yaratması muxtar respublikanın möhtəşəm inkişafının strategiyasını müəyyənləşdirən cənab Prezidentin Naxçıvan ictimai mühitinə növbəti töhfəsidir.

Əminik ki, “Şərq qapısı” qəzeti bundan sonra da Naxçıvan Muxtar Respublikasının canlı salnaməçisi rolunda çıxış edərək inkişaf edən, yeniləşən, müasirləşən Naxçıvanın bu gününü aydın şəkildə əks etdirəcək, milli mətbuatın inkişafına öz töhfələrini verəcəkdir.

Arzu ABDULLAYEV

                           Naxçıvan Dövlət Universitetinin prorektoru, tarixçi-alim

Nəşr edilib : 02.05.2024 11:18