AZ EN RU

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə kursantların növbəti buraxılışına həsr edilən mərasim olub

İyunun 14-də Milli Müdafiə Universitetinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyinin kursantlarının 2024-cü il üzrə buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.

Hərbi Liseyin 52-ci buraxılış mərasimində Milli Müdafiə Universitetinin rəhbərliyi, liseyin şəxsi heyəti və rəhbərliyi, müəllimlər, məzunlar, valideynlər və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Cəmşid Naxçıvanskinin Hərbi Liseydə ucaldılan büstləri ziyarət olunub.

Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib.

Sonra liseyin Döyüş bayrağı təntənəli surətdə meydana gətirilib.

Milli Müdafiə Universitetinin rektoru polkovnik Gündüz Əbdülov çıxış edərək, əlamətdar gün münasibətilə məzunları müdafiə nazirinin adından və öz adından təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Qeyd edilib ki, böyük xilaskar, Ulu Öndər Heydər Əliyevin atdığı mühüm addımlardan biri də C.Naxçıvanski adına Hərbi Liseyin yaradılması olub. Milli zabit kadrlarının hazırlanmasında xüsusi rolu olan C.Naxçıvanski adına Hərbi Liseyin bu gün də Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunur.

Ulu Öndər bu təhsil ocağının yaradılması üçün böyük sınaqlar və təzyiqlərlə qarşılaşmışdı və həyatı boyu da doğma liseyə öz övladı kimi böyük qayğı göstərmişdi. Ümummilli Lider özü də bu təhsil ocağının yaradılmasını yüksək qiymətləndirirdi. O bildirirdi ki, liseyin əsasını qoyanda Azərbaycan xalqının öz milli azadlığını əldə edəcəyinə və müstəqil Azərbaycan dövlətinin yaranacağına əmin idi. Uzaqgörən siyasətçi sizi müstəqil Azərbaycan Ordusuna xidmət edəcək zabitlər kimi görürdü. Hazırda Azərbaycan müstəqildir, dünyanın sayılıb-seçilən dövlətlərindən biridir. Sizin xidmət edəcəyiniz Azərbaycan Ordusu da hazırda dünyanın ən güclü silahlı qüvvələrdən biridir. Siz Ulu Öndər Heydər Əliyev tərəfindən yenidən qurulan və Müzəffər Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə inkişafının ən yüksək nöqtəsində olan Azərbaycan Ordusunda xidmət edəcəksiniz.

“Son illər Prezident İlham Əliyevin qayğısı və göstərişləri əsasında hərbi liseydə əsaslı təmir və yenidənqurma işləri aparılıb. Burada Azərbaycan Ordusunun ən təcrübəli zabitləri, komandirləriniz olduğu kimi, respublikanın ən hazırlıqlı müəllimləri də müxtəlif fənlər üzrə biliklər öyrədiblər. Həmin zabitlər və müəllimlərin zəhməti nəticəsində hərbi liseydə təhsilin səviyyəsi respublika üzrə çox yüksək göstəricilərə malikdir. Hazırda buraxılışına toplaşdığımız kursantlar əldə etdikləri yüksək göstəricini gələcək fəaliyyətləri dövründə də göstərəcək və bilikli zabitlər kimi Azərbaycan Ordusunda xidmətlərini davam etdirəcəklər. Hərbi liseyin məzunları arasında xeyli sayda zabit hazırda Azərbaycan Ordusunda çox məsuliyyətli vəzifələri tutur. İstər Birinci, istərsə də İkinci Qarabağ müharibələrində hərbi liseyin məzunları yüksək vətənpərvərlik nümunəsi nümayiş etdiriblər”, - deyə G.Əbdülov bildirib.

Türkiyənin Milli Müdafiə Universitetinin rektor köməkçisi Talat Canpolat hərbi liseyin məzunlarının bir hissəsinin Türkiyədə təhsilini davam etdirəcəyini bildirib. O vurğulayıb ki, iki ölkənin ordu quruculuğunda Ümummilli Lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün böyük rolu var: “Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq və qardaşlıq münasibətləri son dövrdə daha da inkişaf edir. Liseyin məzunlarına isə uğurlar arzulayıram”.

Çıxışlardan sonra tədrisdə və intizamda fərqlənən liseyin kursantlarına attestat və liseyin döş nişanı təqdim olunub, kurs birincisi tərəfindən yaş kötüyünə məzun rəmzi vurulub.

Daha sonra hərbi liseyin döyüş bayrağının təhvili və qəbulu mərasimi keçirilib. Döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib.

Sonda hərbi orkestrin müşayiəti ilə kursantlar lisey marşını ifa edib və təntənəli marşla tribunanın önündən keçib.

Bu günün onun üçün çox əlamətdar olduğunu bildirən məzun Sani Şıxalı deyib: “Bizə sevgi və dəstəyini əsirgəməyən zabitlərə və müəllimlərə minnətdarlığımı bildirirəm. Ən böyük arzum Heydər Əliyev adına Hərbi İnstitutu bitirərək azad olunmuş ərazilərdə Vətənə xidmət etməkdir. Biz qəhrəman şəhid və qazilərimizin şərəfli həyat yolunu özümüzə örnək götürərək, daim Vətənin keşiyində ayıq-sayıq dayanacağıq".

Liseyin ikinci kurs kursantı Cavidan Əliyevin atası Razi Əliyev oğlunun İkinci Qarabağ müharibəsindən sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursant sıralarına qoşulmaq istədiyini deyib: “Oğlum Vətən müharibəsindən sonra hərbçi olmaq qərarına gəldi. Bizdə böyük qürur hissi ilə onun yanında olduq. Allah qəhrəman oğullarımızı qorusun!”

Nəşr edilib : 14.06.2024 10:41