AZ EN RU

Çempionatın vahid lideri – Vasif Durarbəyli

    Naxçıvan Şahmat Mərkəzində keçirilən kişilər arasında şahmat üzrə Azərbaycan çempionatında növbəti turun oyunları arxada qalıb.
    Naxçıvanlı zəka sahibi beynəlxalq usta Pərviz Qasımov (2379) bu turu məğlubiyyətlə başa vurub. Şahmatçımız qrossmeyster Misrətdin İsgəndərova (2566) məğlub olub. Beynəlxalq usta Toğrul Həsənzadə (2292) də turu xalsız bitirib. Belə ki, o, beynəlxalq usta İsmayıl Şahəliyevlə (2380) görüşdə məğlubiyyət acısı dadıb. Qrossmeyster Urfan Sevdimalıyev (2359) FIDE ustası Sadiq Məmmədovla (2220) heç-heçə edib. Beynəlxalq usta Talıb Babayev (2256) isə FIDE ustası Elmar Atakişiyevi (2240) məğlub edərək çempionatda ilk xalını qazanıb.
    Bu turda liderlər qrossmeyster Vasif Durarbəyli (2615) və beynəlxalq usta Murad İbrahimli (2418) qarşılaşıb. Görüş Vasifin qələbəsi ilə yekunlaşıb. Turun maraqla gözlənilən qarşılaşmasında qrossmeyster Aydın Süleymanlı (2530) qrossmeyster Eltac Səfərlidən (2597) üstün olub. FIDE ustası Xəzər Babazadə (2427) qrossmeyster Nicat Məmmədovla (2604), FIDE ustası Elvin Bayramov (2280) qrossmeyster Fərid Abbasovla (2527), beynəlxalq usta Əhməd Əhmədzadə (2467) isə beynəlxalq usta Məhəmməd Muradlı (2528) ilə xalları yarı bölüb. FIDE ustası Zaur Bayramov (2357) FIDE ustası Vüqar Manafovdan (2299), FIDE ustası Uğur İlyaslı (2310) FIDE ustası Atilla Eynullayevdən (2324), FIDE ustası Şiroğlan Talıbov (2307) isə FIDE ustası Fərid Mustafayevdən (2322) üstün olub.
    6 turdan sonra turnir cədvəlinə hazırda 5 xalla Vasif Durarbəyli başçılıq edir.
    Qeyd edək ki,  birinci mərhələ İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. İlkin mərhələdə 1-4-cü yerləri tutan şahmatçılar 2-ci mərhələdə play-off sistemi üzrə yarımfinal (I-IV, II-III) və finalda  ölkə çempionunu müəyyən edəcəklər.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 10.02.2022 19:39