AZ EN RU

Cəlil Məmmədquluzadənin Nehrəm qəsəbəsindəki Xatirə muzeyində tədbir keçirilib

“Naxçıvan Muxtar Respublikasının 100 illik taleyində öz imzası olan ictimai xadim – Cəlil Məmmədquluzadə” adlı tədbiri giriş sözü ilə açan Babək rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Axundzadə diqqətə çatdırıb ki, bu gün yazıçı-dramaturq, maarifçi-publisist Cəlil Məmmdəquluzadənin anadan olmasının 155-ci ildönümü tamam olur. Geriliyə və cəhalətə qarşı barışmaz mübarizəsi ilə Ümummilli Liderin qəlbinə hələ gənc yaşlarından yol tapan naşir Azərbaycanda və şərqdə gender bərabərliyi ideologiyasının əsasını qoymuş ictimai xadim hesab olunur.

“Şərq qapısı” qəzetinin əməkdaşı Fariz Əhmədov çıxış edərək qonaqların diqqətinə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin həyatında iki görkəmli dahi – Cəlil Məmmədquluzadə və Hüseyn Cavid daha parlaq iz buraxıb. Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoyan yazıçı, demək olar ki, çox yerdə Molla Nəsrəddin adı ilə tanınıb. Qələmə aldığı bir-birindən maraqlı əsərləri, felyetonları ilə rəngarəng dünyanın həmrəng insanlarına öz rənglərini göstərməklə insanların qəlbində özünə yer tapıb.

Muzeyin direktoru Gülnarə Sadiqova bildirib ki, ədib öz vəsaiti hesabına məktəb daxilində tarix-diyarşünaslıq muzeyi yaradıb. Nehrəm kənd məktəbində 7 il müəllim işlədiyi məktəb 1989-cu ildən xatirə muzeyi kimi fəaliyyət göstərir və bu muzeydə qorunub saxlanan 1126 eksponatdan 641-i ekspozisiyada sərgilənir. Bununla bərabər muzeydə ədibin özünə və ailə üzvlərinə aid əşyalar, fotoşəkillər və digər nümunələr nümayiş olunur.

Muzey əməkdaşlarının ədibin məqalə və felyetonlarını bədii qiraət etməsi və qonaqların muzey ekspozisiyasına baxışı ilə tədbir sona çatıb.

Fariz ƏHMƏDOV

Nəşr edilib : 22.02.2024 17:27