AZ EN RU

Cəlil Məmmədquluzadənin ev-muzeyinin yaradılmasının 25-ci ildönümü qeyd olunub

    İyunun 19-da  Naxçıvan  Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki ev-muzeyində  “Ümummilli Liderin yaratdığı Mirzə Cəlil ocağı - 25” adlı tədbir keçirilib. 
    Tədbirdə  çıxış edən Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Həsən Kərimov Azərbaycan ədəbi-ictimai fikrinin görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin ədəbiyyatımızın yeni mərhələyə yüksəlməsində müstəsna rol oynadığını bildirib.
    Qeyd olunub ki, yaradılmasının 25 illik  yubileyi qeyd edilən bu mədəniyyət müəssisəsi milli birliyə səsləyən əsərlərinin qorunması, yaşadılmasına xidmət etməklə yanaşı, ədibin yaradıcılığına verilən qiymətin, göstərilən dəyərin təzahürüdür. Ölkəmizdə ilk dəfə Naxçıvanda muzey yaratmaqla böyük bir mədəni yüksəlişə bayraqdarlıq edən ədibin Naxçıvan şəhərində xatirəsinin yaşadıldığı ünvanlardan biri olan Cəlil Məmmədquluzadənin ev-muzeyinin yaradılmasına Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 19 iyun tarixli Sərəncamı ilə başlanılıb, bir il sonra dahi liderin iştirakı ilə açılışı olub.  
    Ölkəmizdə muzey işinin inkişafı sahəsində Ümummilli Liderin müstəsna xidmətlərindən danışan   Həsən Kərimov diqqətə çatdırıb ki, dahi lider böyük ideallar naminə mübarizə aparan Cəlil Məmmədquluzadənin vətəndaşlıq cəsarətini, ana dilimizin saflığı, təmizliyi uğrunda apardığı mübarizəni yüksək dəyərləndirir, ədibin irsinin araşdırılıb geniş tədqiq olunmasına, xatirəsinin əbədiləşdirilməsinə diqqət göstərirdi. Təsadüfi deyil ki, müstəqillik illərində ilk ev-muzeyi yaradılan şəxsiyyətlərdən biri məhz Cəlil Məmmədquluzadə olub. 
    Çıxışının sonunda nazir müavini böyük demokratın ədəbi irsinin layiqli şəkildə qorunduğu muzeyin kollektivini əlamətdar gün münasibətilə təbrik edib, ənənəni davam etdirərək əsərlərini muzeyə hədiyyə edən Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Sabir Məmmədova və  mərhum rəssam Qədirullah Bağırovun əsərini hədiyyə etdiyi üçün rəssamın qızı Ülviyyə Məmmədovaya təşəkkürünü bildirib.
    Sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Əliyev Cəlil Məmmədquluzadənin zəngin bədii irsindən, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov ədibin dəyərli irsinin yaşadılması, gələcək nəsillərə ötürülməsində ev-muzeyinin yaradılmasının əhəmiyyətindən, muzeydə yer alan eksponatların görkəmli dramaturqun Azərbaycançılığa, milli birliyə, milli oyanışa səsləyən ideyalarından danışıblar.
    Sonra muzeyin direktoru Aytən Ələkbərova Cəlil Məmmədquluzadənin ev-muzeyinin 25 illik fəaliyyəti haqqında ətraflı məlumat verib. 
    Tədbir Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının aktyorlarının ifasında yazıçının əsərlərinin bədii qiraəti və muzey ekspozisiyasına baxışla yekunlaşıb.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 19.06.2023 19:26