AZ EN RU

Cəlil Məmmədquluzadənin Ev Muzeyində hamiliklə bağlı açıq dərs keçirilmişdir

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Cəlil Məmmədquluzadənin Ev Muzeyində Nazirliyin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələrinə “Azərbaycan ədəbiyyatında Cəlil Məmmədquluzadə realizmi” mövzusunda açıq dərs keçirilmişdir.

 Tədbiri Nazirliyin şöbə müdiri Gülbuta Babayeva giriş sözü ilə açmış, Cəlil Məmmədquluzadənin Ev Muzeyinin direktoru Aytən Ələkbərova “Azərbaycan ədəbiyyatında Cəlil Məmmədquluzadə realizmi” mövzusunda çıxış etmişdir.

Qeyd edilmişdir ki, XX əsrin əvvəllərində xalqımızın milli oyanış və özünüdərk ideyalarına ardıcıl xidmət göstərən görkəmli sənətkarlarımızdan biri də ümummilli lider Heydər Əliyevin “ədəbiyyatımızın və mədəniyyətimizin klassiki” adlandırdığı, vətən, millət, dil kimi milli dəyərlər uğrunda mübarizə aparan Cəlil Məmmədquluzadədir.

Vurğulanmışdır ki, Cəlil Məmmədquluzadə şəxsiyyəti və irsinə dövlət qayğısı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ədibin Bakı və Naxçıvan şəhərlərində ev muzeyləri, Nehrəm və Cəlilkənd kəndlərində xatirə muzeyləri açılmışdır. Azərbaycan Respublikasında bir sıra küçə və mədəni-maarif müəssisəsinə onun adı verilmiş, keçmiş Astraxan rayonu və şəhəri onun şərəfinə Cəlilabad, vaxtilə müəllimlik etdiyi Baş Noraşen kəndi isə Cəlilkənd adlandırılmışdır. Naxçıvanda və Cəlilabadda heykəli qoyulmuşdur. Cəlil Məmmədquluzadənin irsi toplanılaraq təkrar-təkrar nəşr edilmiş,  ədibə həsr olunan və əsərləri əsasında hazırlanmış “Qəm pəncərəsi”, “O dünyadan salam” kimi ölməz filmlər çəkilmişdir.

Onun 100, 125, 140 və 150 illik yubileylərinin keçirilməsi də ədibə göstərilən ehtiramın daha bir nümunəsidir. Vətəni Naxçıvanda ayrı-ayrı illərdə əbədiyaşar sənətkarın adı və xatirəsi daim əziz tutulub, əsərləri, o cümlədən ikicildlik “Seçilmiş əsərləri” yeni tərtibatda nəşr edilib. Ədibin böyük ideyalar əxz edən zəngin “Hekayələr” kitabı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı ilə təsdiqlənmiş “Oxunması zəruri olan kitablar siyahısı”na daxil edilib.

Sonda tələbələr muzeyin ekspozisiyası ilə tanış olmuşlar.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 24.02.2022 17:18