AZ EN RU

Cəlil Məmmədquluzadənin anadan olmasının 155 illiyi qeyd olunub

Bu münasibətlə ədibin Naxçıvan şəhərində yerləşən ev muzeyində təşkil edilən tədbiri giriş nitqi ilə   açan Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Gülbuta Babayeva Mirzə Cəlilin zəngin yaradıcılığı ilə çoxəsrlik ədəbiyyatımıza və milli mətbuatımıza verdiyi töhfələrdən danışıb. Vurğulanıb ki, ədəbi məktəb formalaşdıran ədib ölkəmizdə dramaturgiyanın, teatrın, muzeyşünaslığın, ümumilikdə ictimai fikrin inkişafına əvəzsiz xidmətlər göstərib. Mövhumat və cəhalətin hökm sürdüyü dövrdə bir günəş kimi doğan “Molla Nəsrəddin” jurnalı   məhz Cəlil Məmmədquluzadənin redaktorluğu ilə fəaliyyətə başlayıb, Azərbaycan mətbuatının sonrakı inkişafına və  təkamülünə güclü təsir göstərib.

Gülbuta Babayeva diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyev Cəlil Məmmədquluzadə şəxsiyyəti, onun azərbaycançılığa, milli birliyə səsləyən əsərləri barədə daim yüksək fikirlər səsləndirib, ədibin irsinin araşdırılıb geniş tədqiq olunmasına, xatirəsinin əbədiləşdirilməsinə diqqət göstərib. Bu ənənəni davam etdirən ölkə başçısı İlham Əliyevin Sərəncamı ilə yazıçının 140 və 150 illik yubileyləri dövlət səviyyəsində qeyd olunub, adı Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib. Ölkəmizin hər yerində, eləcə də doğulduğu Naxçıvan torpağındakı mədəniyyət ocaqlarında ədibin adı  əbədiləşdirilib, əsərləri teatrların repertuarını bəzəyib.

AMEA Naxçıvan Bölməsi, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun  şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent  Ramiz Qasımov ədibin xalqımızın milli istiqlalı və ərazi bütövlüyü uğrunda, ana dilinin qorunması sahəsində xidmətlərindən danışıb. Bildirilib ki, onun yüksək ali ideyalarla zəngin publisistikası, o cümlədən “Azərbaycan”, “Cümhuriyyət”, “Vətəndaşlar” kimi məqalələri, “Anamın kitabı”, “Kamança” kimi ölməz pyesləri Azərbaycanın yeni əsrdə müstəqillik və vətən bütövlüyü ideallarına xidmətin ən gözəl nümunələridir.

Sonra Cəlil Məmmədquluzadənin Ev Muzeyinin  direktoru Aytən Ələkbərova yazıçının ədəbi irsinin qorunub saxlanılmasında, təbliğində muzeyin rolundan danışıb. Mədəniyyət ocağının baş fond mühafizi-elmi işçisi Kəmalə Allahverdiyeva “Cəlil Məmmədquluzadə-155” başlıqlı sərgi ilə tədbir iştirakçılarını tanış edib. Yubiley tədbirinin bədii hissəsində Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının aktyorlarının ifasında  ədibin hekayələri qiraət olunub.

 

 Naxçıvan Muxtar Respublikasının 

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 22.02.2024 18:04