AZ EN RU

Cəlil Məmmədquluzadə yaradıcılığı Ədəbiyyat Muzeyinin fondunda və ekspozisiyasında

Azərbaycan torpağının ayrılmaz, qədim elm, mədəniyyət, ədəbiyyat və incəsənət məbədlərindən biri olan Naxçıvan tarixi memarlıq abidələri, muzeyləri, görkəmli şəxsiyyətləri ilə tanınan diyardır.

Xalqımızın maddi-mənəvi sərvətlərinin mühafizə edilib saxlanıldığı və gələcək nəsillərə ərmağan edildiyi mədəniyyət müəssisələrindən biri də muzeylərdir.

Azərbaycanda ilk muzey XIX əsrin sonlarında Babək rayonunun Nehrəm kənd məktəbində görkəmli yazıçı və dramaturq Cəlil Məmmədquluzadə tərəfindən yaradılmışdır.

Azərbaycanın, eləcə də Naxçıvan Muxtar Respublikasının qədim, zəngin maddi və mənəvi sərvətlərinin, mədəni xəzinəsinin qorunub mühafizə edilməsində, elm və mədəniyyət xadimlərinin həyatının, yaradıcılıq fəaliyyətinin öyrənilməsi və təbliğ edilməsində muzeylərin rolu böyükdür. Azərbaycan ədəbiyyatı klassiklərinin, müasir yazıçı və şairlərimizin, ədəbiyyatşünas alimlərimizin, o cümlədən Cəlil Məmmədquluzadə irsinin toplanılması, öyrənilməsi və geniş surətdə ictimaiyyətə çatdırılması məqsədilə Naxçıvan şəhərində Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin yaradılması haqqında Azərbaycan SSR Nazirlər Soveti 25 dekabr 1965-ci il tarixli 926 nömrəli Sərəncam imzalamışdır. 1966-cı ildə muzey üçün bina ayrılmış və eksponat toplanması işinə başlanılmışdır. Muzeyin rəsmi açılışı isə böyük ədib Cəlil Məmmədquluzadənin 100 illik yubileyinin Azərbaycanda geniş qeyd olunduğu dövrdə 12 iyun 1967-ci ildə olmuşdur.

“Şərq qapısı” qəzetinin 12 iyun 1967-ci il tarixli buraxılışı da bütövlükdə yubilyara həsr edilmişdir. Qəzetin ilk səhifəsi “Şərqin azadlıq carçısı” başlıqlı məqalə ilə başlanır. Məqalədə oxuyuruq: “Bu gün biz Cəlil Məmmədquluzadənin 100 illiyini qeyd edərkən eyni mənzərənin şahidi oluruq. Onun yazıçı, jurnalist, mütəfəkkir kimi böyüklüyü ondadır ki, o bütün fəaliyyəti boyu öz xalqını, bütün insanlığı düşündürən, narahat edən məsələlərlə məşğul olmuşdur. Görkəmli söz ustası və böyük vətəndaş Cəlil Məmmədquluzadə öz əsərləri ilə Azərbaycan ədəbiyyatının inkişafına, ictimai dünyagörüşünün müəyyənləşməsinə çox böyük və qiymətli xidmət göstərmişdir. Azərbaycan xalqının öz böyük oğlu və sənətkarı Cəlil Məmmədquluzadəyə məhəbbəti hədsizdir”.

Qəzetdə həmçinin Cəlil Məmmədquluzadənin 100 illiyinə həsr edilmiş yubiley tədbirlərinin proqramı dərc edilmişdir. Yubiley tədbiri iştirakçıları akademiklər Həmid Araslı, Məmməd Cəfər Cəfərov, akademiyanın müxbir üzvü Abbas Zamanov, Xalq şairləri Süleyman Rüstəm, Balaş Azəroğlu, Mədinə Gülgün, xalq rəssamı İsmayıl Axundov, M.T.Sidqinin oğlu Məhəmmədhəsən Sidqi, nəvəsi Sidqi Səfərov və digər mədəniyyət, elm və ədəbiyyat xadimləri, Naxçıvan Muxtar Respublika yazıçı və şairləri, elm adamları, qabaqcıl ziyalıları, ictimaiyyətin və muxtar respublika rəhbərliyinin nümayəndələri yubiley mərasimində və muzeyin açılışında iştirak etmişdir.

Xalq şairləri Süleyman Rüstəm, Balaş Azəroğlu, Əməkdar incəsənət xadimi Mədinə Gülgünün muzeyin açılışı ilə əlaqədar rəy kitabına yazdıqları qeyddən nümunə “Muzey hər xalqın mədəniyyətini inkişaf etdirən bir ocaqdır. Biz Naxçıvanda C.Məmmədquluzadə adına təşkil olunmuş Ədəbiyyat Muzeyinin açılışında böyük iftixar hissi ilə iştirak etdik. Bu muzey böyük Mirzə Cəlilə olan məhəbbətin ifadəsidir. Bu muzeyin açılışını Naxçıvanın mədəni həyatında əlamətdar hadisə hesab edirik. Muzey doğurdan da gözəl təşkil edilmişdir. Arzumuz budur ki muzey Mirzə Cəlilin həyatından materiallarla zənginləşdirilsin. Bu bizim naxçıvanlı qardaşlarımızın, ümumiyyətlə hamımızın borcudur”.

Elm, mədəniyyət, incəsənət xadimləri, yazıçı və şairlərin muzeyə yazdıqları məktublardan və rəy kitabında qeydlərdən bir neçəsini təqdim edirik.

“Bizim müdrik Mirzə Cəlil sağ olsaydı deyərdi: “Qədirşünaslıq çox yaxşı şeydir.....sağ olun, bir birnizin qədrini bilin”.

                                                      Məmməd Cəfər

“Muzey gözəldir, sağ olsun onun təşkilatçıları. Bu muzey Mirzə Cəlil üçün ən yaxşı hədiyyədir”.

                                                      Abbas Zamanov

“Naxçıvanın həqiqi ədəbiyyat pərəstişkarlarının doğma, müqəddəs evi, mənəvi sərvətlərimizin Naxçıvandakı xəzinəsi olan, böyük Mirzə Cəlilin adını daşıyan muzeyimiz bu dəfə gözümüzə təzə dəydi, zəngin görünürdü....”

                                                      İsa Həbibbəyli

“Ədəbiyyat muzeyi böyük yazıçının adına layiq gözəl bir muzeydir. Eksponatlar Azərbaycan ədəbiyyatının görkəmli şəxsiyyətlərinin yaradıcılığından söhbət açır. Muzey işçilərinin zəhməti təqdirəlayiqdir. Onlara yeni uğurlar arzulayıram”.

                                             Turan Cavid

   II ekspozisiya zalının geniş bir hissəsi demokrat yazıçı Cəlil Məmmədquluzadəyə həsr edilmişdir. Bu zalda Cəlil Məmmədquluzadənin qızı Münəvvər Məmmədquluzadənin muzeyə hədiyyə etdiyi xatirə əşyaları, Azərbaycan Respublikasının xalq rəssamı Oqtay Sadıqzadənin kətan üzərində yağlı boya ilə çəkdiyi “Cəlil Məmmədquluzadə və Həmidə Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalı redaksiyasında” portreti nümayiş olunur.

Eyni zamanda burada rəssam Nəcəfqulu İsmayılov tərəfindən çəkilmiş “Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalı redaksiyasında”, heykəltaraş Fuad Nəcəfov tərəfindən hazırlanmış “Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabir”, həmçinin Azərbaycan Respublikasının xalq rəssamı Hüseynqulu Əliyev tərəfindən hazırlanmış “Molla Nəsrəddin” heykəlləri nümayiş olunan dəyərli eksponatlardandır. Ekspozisiyanın davamında “Molla Nəsrəddin” jurnalının orijinal nömrələri, Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanım və oğlanları Midhət və Ənvərlə, seminariya yoldaşları ilə olan fotoları, rəssam Hüseynqulu Əliyev tərəfindən çəkilmiş Cəlil Məmmədquluzadə, Cəlil Məmmədquluzadə və Hüseyn Cavid portretləri,  əsərlərinə çəkilmiş rəngli illüstrasiyalar, qrafika əsərləri və digər təsviri sənət nümünələri vardır. Cəlil Məmmədquluzadənin seçilmiş əsərləri, Cəlil Məmmədquluzadə tədqiqatçılarından Əziz Şərif, İsa Həbibbəyli, Qulam Məmmədli, Nazim Axundovun elmi əsərləri, mollanəsrəddinçi rəssamlardan Əzim Əzimzadənin, Oskar İvanoviç Şmerlinqin, İozef Rotterin, Qəzənfər Xalıqovun, İsmayıl Axundovun fotoları sərgilənir.

Nümayiş olunan tədqiqat əsərləri arasında Əziz Şərifin çap makinasında yazdığı, Cəlil Məmmədquluzadənin anadan olmasının 90 illiyinə həsr etdiyi “Cəlil Məmmədquluzadənin Naxçıvandakı mədəni mühiti” adlı məqaləsi də yer alır. Burada sərgilənən Cəlil Məmmədquluzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley dəvətnamələri, medallar və nişanlar da muzeyə gələn tamaşaçıların marağına səbəb olur.

Bu illər ərzində muzeyi on minlərlə insan ziyarət etmiş və xatirə kitabına öz ürək sözlərini yazanlar da olmuşdur.

“Cəlil Məmmədquluzadə o qədər dahi sənətkardır ki, onun xalqa xidmətinin xalqa faydası ölçüsüzdür. Qədim mədəniyyət mərkəzi Naxçıvanda ölməz sənətkarın adını daşıyan muzeyin açılması da dahi filosof yazıçıya böyük ehtiram və hörmət əlamətidir. Arzum budur ki, muzeyin fondu, ekspozisiyaları daha da zənginləşsin. Mirzə Cəlilin əsərlərinin əlyazmaları nüsxələrindən nümunələr, əsərlərinin ilk nəşrindən nümunələr burada, gələnlər qarşısında nümayiş etdirilsin. Bu daha maraqlı olardı”.

                                                 ADU-nun II kurs tələbəsi

Quliyev Əbülfəz Aman oğlu

                                                          20.08.67

“Böyük yazıçı və mütəfəkkirmiz Cəlil Məmmədquluzadə adına Naxçıvan Ədəbiyyat Muzeyini eşqlə təşkil edib düzəldənlərə eşq olsun!”

                                                         Əziz Şərif

30.10.1967

Muzeyin fəaliyyət göstərdiyi 58 il ərzində mütəmadi olaraq Cəlil Məmmədquıluzadənin anım günləri, anadan olduğu günlər, “Molla Nəsrəddin” jurnalının nəşri tarixləri konfranslar, elmi-ədəbi yığıncaqlar, açıq dərslər şəklində qeyd edilib və edilməkdədir.

Muzey fondunu daha da zənginləşdirmək məqsədilə yeni eksponatlar əldə edilir, fondda olan bu qiymətli eksponatları muzey əməkdaşları sevə-sevə qoruyur və təbliğ edir. Mirzə Cəlil dünən də bizimlə idi, bu gün də bizimlədir və gələcəkdə də bizimlə olacaq.

Ulu Öndər Heydər Əliyev deyirdi: “Cəlil Məmmədquluzadə yaradıcılığı elə bir dəryadır ki, o dəryanın dibinə gedib çatmaq, hamısını əldə etmək mümkün deyildir. Xalqımızın milli şüurunun formalaşmasında məhz “Molla Nəsrəddin” jurnalının və Mirzə Cəlilin fəaliyyətinin rolu misilsizdir”.

Aləmzər İBRAHİMOV

Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika

Ədəbiyyat Muzeyinin direktoru

Nəşr edilib : 22.02.2024 16:58